Bolqarıstanın geniş oxucu kütləsinə malik "Standart"
qəzetində Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum və bu
ölkənin vitse-prezidenti Marqarita Popovanın rəhbərlik etdiyi
nümayəndə heyətinin Forumda iştirakı barədə məqalə dərc
edilib.
AzərTac xəbər verir ki, qəzetə
müsahibə verən Marqarita Popova Bolqarıstanın qədim paytaxtı olan
Veliko Tırnovodan olan tələbələrin Bakı Slavyan Universitetində,
azərbaycanlı tələbələrin isə bu şəhərdəki ixtisasartırma
kurslarında təhsil ala biləcəklərini deyib. O, bu məsələnin səfər
çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə
müzakirə olunduğunu bildirib. Vitse-prezident M.Popova Bakı Slavyan
Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti
Mərkəzində olduğunu, universitetin rəhbərliyi, bolqar filologiyası
kafedrasının müəllimləri və tələbələri ilə görüşdüyünü qeyd edib.
O, Bakı Slavyan Universitetində bolqar filologiyası ixtisası üzrə
40 tələbənin təhsil aldığını bildirib, universitet rəhbərliyinin bu
ixtisas üzrə mühazirəçilərə ehtiyac duyulduğunu və Azərbaycan
tərəfinin bu ali təhsil ocağında bolqar professorlarını qəbul
etməyə hazır olduqlarını söylədiklərini deyib.
M.Popova müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunda 12
nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrinin, 75 ölkəni təmsil
edən siyasi və dini liderlərin, habelə 15 Nobel mükafatı
laureatının iştirak etdiyini, Humanitar Forumun Azərbaycan və
Rusiya prezidentlərinin himayəsi altında həyata keçirildiyini qeyd
edib, əvvəlki forumlarda olduğu kimi, iki plenar və altı tematik
sahəyə həsr olunmuş iclaslarda iştirakçıların bəşəri problemlərin
humanitar aspektləri haqqında müzakirələr apardıqlarını bildirib.
O, müsahibəsində Forumda çıxış edən Azərbaycan Prezidenti İlham
Əliyevin regional münaqişələrin aktivləşməsinə, qaçqınların
vəziyyətinə və radikal təmayüllərə diqqət yetirərək, burada
sivilizasiyalararası dialoqun əhəmiyyətini vurğulamasını qeyd
edib.
Məqalədə daha sonra Forum çərçivəsində təşkil edilmiş altı
"dəyirmi masa"da iştirakçıların multikulturalizmin müxtəlif
modellərini və praktiki cəhətdən onların həyata keçirilməsi
yollarını müzakirə etdikləri vurğulanır.
M.Popova Forumda çıxışı zamanı insan kapitalının qorunması
yolunda müharibəyə qarşı bütün təşəbbüslərin birləşdirilməsinin,
insan alverinə qarşı mübarizənin gücləndirilməsinin, həmçinin
mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinin əsas amillər
olduğunu qeyd edərək, mədəniyyətlərarası dialoqun yeni modelinin
güclü sosial-iqtisadi tərəqqi sayəsində insanların həyat
səviyyəsinin artmasına əsaslanmasının vacibliyini bildirib.
Müzakirələrin sonunda qəbul edilmiş Bəyannamədə V Bakı Beynəlxalq
Humanitar Forumunun beynəlxalq humanitar əlaqələrin inkişafı və
genişləndirilməsi istiqamətində mühüm rol oynadığının
vurğulandığını söyləyən M.Popova iştirakçıların siyasi və iqtisadi
kataklizmlərlə müşayiət olunan humanitar problemlərin həllinin
silahlı münaqişələr, terrorçuluq, kütləvi miqrasiya fonunda daha
mühüm əhəmiyyət kəsb etdiyi ilə bağlı ümumi fikir ifadə etdiklərinə
diqqət çəkib.
Məqalənin sonunda Bakının görməli yerlərə və qədim tarixi
abidələrə malik olduğu vurğulanaraq, Beynəlxalq Humanitar Forumun
keçirildiyi Heydər Əliyev Mərkəzinin memarlıq incisi olduğu qeyd
edilib. Qeyri-adi formaya malik olan binanın imkanları haqqında
məlumat verilərək, "Heydər Əliyev" mədəniyyət mərkəzinin Xəzər
sahilində yerləşən gözəl Bakının dirçəliş rəmzi olduğu vurğulanır.
2012-ci ildə inşa edilən binanın "Architectural digest" jurnalı
tərəfindən dünyanın ən əsrarəngiz binaları sırasında ilk beşlikdə
yer aldığı qeyd olunur.
Bundan əlavə, Bolqarıstanın nüfuzlu regional nəşrlərindən olan
"Borba" qəzetində ölkənin tanınmış rəssamı, V Bakı Beynəlxalq
Humanitar Forumunun iştirakçısı Qanço Karabadjakovun tədbir
haqqında fikirləri və Forum barədə məlumat dərc edilib.
Müəllif Forumda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin açılış nitqi ilə çıxış etdiyini, Rusiya Prezidenti
Vladimir Putinin və BMT-nin baş katibi Pan Gi Munun Forum
iştirakçılarına müraciətinin oxunduğunu, ISESCO və UNESCO-nun baş
direktorlarının, tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri
üzrə 11 Nobel mükafatı qaliblərinin, o cümlədən dünyanın siyasi,
elmi və mədəni elitasının görkəmli nümayəndələrinin tədbirdə
iştirak etdiklərini diqqətə çatdırır.
Məqalədə, həmçinin multikulturalizmin müxtəlif modelləri,
jurnalistikanın informasiya dövrünə transformasiyası, müasir tibb
sahəsində son nailiyyətlər mövzusunda müzakirələrin keçirildiyi
Forumda Bolqarıstanın vitse-prezidenti M.Popova və rəssam
Q.Karabadjakovun insan amilini birləşdirən mədəniyyət və din
sahəsindəki diskussiyalarda yaxından iştirak etdikləri
bildirilir.
Müsahibəsində Q.Karabadjakov tədbirdə iştirak edən şəxslərin
tarixin axarını dəyişdirə biləcək rola malik olduqlarını nəzərə
alaraq, həmin insanlarla birgə müzakirələrdə iştirak etmək imkanı
baxımından Foruma dəvət aldığına görə dərin təşəkkürünü ifadə
edib.
Rəssam müxtəlif ölkələri, dinləri və insanları birləşdirən
mədəniyyət, incəsənət və təhsil sahəsinə qayğının Azərbaycan
rəhbərliyi tərəfindən prioritet istiqamətlərdən biri kimi
müəyyənləşdirilməsini olduqca əhəmiyyətli hesab edib.