Oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin
25-ci ildönümü ərəfəsində Naxçıvan televiziyası internet üzərindən
yayıma başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
Axar.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə
iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio
Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək deyib ki,
Naxçıvan teleradiosu son illər əsl inkişafa qovuşub, maddi-texniki
bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı
yenidənqurmadan sonra istifadəyə verilib, teleradio ən müasir
texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni
yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksək
keyfiyyətli rəqəmsal yayımla əvəzlənib, Naxçıvan televiziyasının
yüksək keyfiyyətli HD formatda yayımına başlanıb. Ötən dövrdə
50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin
televiziyaya hamiliyə verilmiş jurnalistika ixtisası üzrə gənclər
sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə
götürülüblər. Televiziyada əsaslı struktur islahatları aparılıb,
"Uşaq, gənclər və idman" və "Səhər verilişləri" redaksiyaları
yaradılıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan televiziyasının
istehsalı olan telemateriallar ümumi efirin 60 faizini təşkil
edir.
Naxçıvan televiziyasının İncəsənət və Musiqi Verilişləri
redaksiyasının baş redaktoru Təhminə Babayeva deyib ki, Naxçıvan
teleradiosu özünün yeni inkişaf dövrünü yaşayır. Yeni internet
saytının yaradılması və onlayn yayımın təşkili də televiziyamızın
tarixində əlamətdar hadisədir. Bizim üzərimizə düşən əsas vəzifə
keyfiyyətli teleradio verilişləri hazırlamaqdan ibarətdir. Təhminə
Babayeva yaradılan şəraitə və yaradıcı gənclərə göstərilən qayğıya
görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlığını
bildirib, bundan sonra da əzmlə çalışacaqlarına söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü və
Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması
münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan
televiziyasının internet üzərindən yayıma başlaması dövlət
müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada
şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının
yarılması deməkdir.
Ali Məclisin Sədri deyib: Naxçıvan teleradiosu 1956-1996-cı
illərdə Azərbaycan teleradiosunun kanalı üzərindən gün ərzində 2
saat yayımlanırdı. Ötən əsrin 90-cı illərində Ermənistanın
işğalçılıq siyasəti nəticəsində Naxçıvanda televiziya yayımında da
çətinliklər yaranmışdı. Həmin dövrdə ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi ilə informasiya blokadasının aradan
qaldırılması sahəsində bir sıra tədbirlər həyata keçirildi,
Azərbaycan televiziyasının muxtar respublikada yayımı bərpa edildi.
1996-2016-cı illərdə isə Naxçıvan televiziyası böyük inkişaf yolu
keçmiş, teleradio müstəqil kanala keçirilmiş, burada müasir
avadanlıqlar quraşdırılmış, efir vaxtı 17 saata çatdırılmış,
televiziya böyük tamaşaçı kütləsi toplamışdır.
Ali Məclisin Sədri deyib: Televiziyanın internet üzərindən
yayımlanması geniş imkanlar yaradır. Dünyanın istənilən yerində
internetlə televiziyanı izləmək mümkündür. Bu da televiziyanın
yayımlandığı yerin tanıdılmasına, həmin yerin inkişafı, insanların
həyat səviyyəsi, mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri
haqqında məlumatların yayılmasına imkan verir. Müasir dövrdə
insanlar o yerlərə daha çox səyahət edirlər ki, orada sabitlik,
inkişaf və tarixi-mədəni abidələr var. Hər bir televiziya
əməkdaşının üzərinə düşən əsas vəzifə də Naxçıvan Muxtar
Respublikasındakı inkişafı, sabitliyi, milli dəyərlərimizi və
tarixi-mədəni irsimizi təbliğ etməkdən, dünyaya tanıtmaqdan ibarət
olmalıdır. Bu gün muxtar respublikanın aid təşkilatları və
gənclərimiz Naxçıvanın internet üzərindən tanıdılması sahəsində
ardıcıl tədbirlər görür, dostluq əlaqələri yaradılır, muxtar
respublika haqqında məqalələr yazılır.
Ali Məclisin Sədri internet üzərindən Naxçıvan Muxtar
Respublikasını tanıdan və təbliğ edən gənclərə, hər bir muxtar
respublika sakininə təşəkkürünü bildirərək deyib: Naxçıvan
televiziyasının yayımladığı hər bir veriliş xarici tamaşaçılarda
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikası barədə, insanların həyat səviyyəsi, tariximiz,
milli-mədəni irsimiz haqqında fikir yaradacaqdır. Ona görə də hər
bir əməkdaş işə məsuliyyətlə yanaşmalı, verilişlər hazırlanarkən
mötəbər mənbələrə, xüsusilə muxtar respublikada nəşr olunan
kitablara istinad olunmalı, ədəbi dil normaları qorunmalı, hər bir
sözdən yerində və məqamında istifadə olunmalı, fikir tamaşaçıya
dolğun çatdırılmalıdır. Televiziya məktəb qədər vacib sahədir. Ona
görə də televiziyanın qarşısında duran əsas vəzifələrdən biri də
muxtar respublikanı tanıtmaqla yanaşı, həm də gənclərə torpağa
bağlılıq, vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir.
Televiziyada maarifçilik işi bundan sonra da davam etdirilməli,
proqram tərtibatında ünvanlılıq gözlənilməli, hər yaş
kateqoriyasından olan tamaşaçılar üçün verilişlər hazırlanıb
yayımlanmalı, qədim tariximiz, zəngin mədəniyyətimiz və milli
dəyərlərimiz geniş təbliğ olunmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə
yetiriləcəyinə əminliyini bildirib, qədim Azərbaycan torpağı olan
Naxçıvanın olduğu kimi tanıdılmasında kollektivə yaradıcılıq
uğurları arzulayıb.
Sonra Ali Məclisin Sədri televiziyada yaradılan şəraitlə tanış
olub.
Məlumat verilib ki, Naxçıvan televiziyasının internet üzərindən
yayımı ilə bağlı kadr hazırlığı, maddi-texniki bazanın
möhkəmləndirilməsi və yaradıcılıq məsələləri sahəsində bir sıra
tədbirlər həyata keçirilib. Maddi-texniki bazanın
möhkəmləndirilməsi məqsədilə teleradionun sistem otağına ehtiyat
siqnalçevirici, arxiv üçün 80 terabaytlıq yeni server alınıb
quraşdırılıb, arxivin həcmi 120 terabayta çatdırılıb. Tədbirlərin
çəkilişi, montajı və yayımı üçün ən son texnologiyaya əsaslanan 2
rəqəmsal videokamera dəsti, 2 videomontaj dəsti və 1 efirə çıxış
avadanlığı alınıb. Bundan başqa kran kamera üçün yaddaş və hərəkət
qurğuları, verilişlərə əvvəlcədən baxış üçün mobil elektron lövhə
də alınıb, yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual
studiya qurulub, bütün pavilyonlarda yeni səs və işıq sistemləri
quraşdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində 4 videomontaj
və 5 səsyazma otağı yaradılıb, yeni qurulan montaj otaqlarında 3
yeni videomontaj dəsti quraşdırılıb. Teleradioda kadr hazırlığı
sahəsində də tədbirlər görülüb, kinooperatorlar, rejissorlar və
aparıcılar üçün təkmilləşdirmə kursu keçirilib.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar
naziri Rövşən Məmmədov Naxçıvan televiziyasının yeni internet saytı
barədə məlumat verib. Qeyd olunub ki, Naxçıvan televiziyası üçün
www.naxcivantv.az internet saytı hazırlanaraq serverdə
yerləşdirilib və internet üzərindən yüksək keyfiyyətli HD yayımı
təşkil edilib. Saytda "Haqqımızda", "Redaksiyalar", "Proqram",
"Xəbərlər", "Videoarxiv", "Anonslar", "Əlaqə", "Canlı yayım və
Arxiv" bölmələri yaradılıb. Göstərilən bölmələrin hər birinə
aidiyyəti üzrə məlumatlar əlavə olunub. Əsas səhifədə yer alan
"Anonslar", "Televernisaj və videoçarxlar", "Layihələr",
"İctimai-Siyasi", "Turizm" bölmələrində olan məlumatlar gündəlik
yenilənir, rəsmi xəbərlər bölməsində gündəlik rəsmi xəbərlər
yerləşdirilir. Birinci səhifədə xəbərlər üç dildə - Azərbaycan,
ingilis və rus dillərində başlıqlarla göstərilib. Saytda
televiziyanın bir həftəlik proqramı yerləşdirilib və sayğac
qoyulub.
İnternet istifadəçiləri "Canlı yayım və Arxiv" bölməsinə keçid
etməklə Naxçıvan televiziyasını internet üzərindən birbaşa izləyə
biləcəklər. Tamaşaçılar saytın arxivində televiziyanın son 7
gündəki efir materiallarını da izləmək imkanına malikdirlər.
Ali Məclisin Sədrinə son dövrlərdə alınan ən son texnologiya
nailiyyətləri olan videoçəkiliş aparatları, böyük tutuma malik
yaddaş qurğuları və səsyazma avadanlıqları barədə də məlumat
verilib.
Sonra kollektivlə görüşən Ali Məclisin Sədri Naxçıvan
televiziyasının müasir maddi-texniki bazaya malik olduğunu
bildirib, yaradılan şəraitdən səmərəli istifadə olunması və
mütəxəssis hazırlığı barədə tapşırıqlar verib.
Binadakı iş otaqları və qazanxana da təmir olunub, yeni
havalandırma xətti çəkilib, qarajlar və giriş qapısı yenidən
qurulub, elektron keçid aparatı və təhlükəsizlik kameraları
quraşdırılıb.