Dövlət müstəqilliyinin 25 illiyinə Azərbaycan
Respublikası dünyanın sürətlə inkişaf edən ölkələrdən biri kimi
gəlib çatıb. Nisbətən qısa tarixi dövrdə ölkəmiz ümummilli lider və
müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev
tərəfindən hazırlanmış ardıcıl, gələcəyə istiqamətlənən
islahatların, dirçəliş və inkişaf strategiyasının uğurla həyata
keçirilməsi sayəsində böyük müvəffəqiyyətlər əldə edib. Bu
strategiyanın həyata keçirilməsində həlledici rolu Heydər Əliyevin
layiqli siyasi varisi, Azərbaycanın müasir inkişaf modelinin banisi
Prezident İlham Əliyevin müdrik, güclü və məqsədyönlü siyasəti
oynayıb.
Axar.az xəbər verir ki, bu barədə Əməkdar Elm Xadimi, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA-nın Tarix
İnstitutunun direktoru Yaqub Mahmudovun Rusiyanın nüfuzlu
"Sovremennaya nauçnaya mısl" elmi jurnalının xüsusi buraxılışında
dərc edilən və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin
25 illiyinə həsr olunmuş məqaləsində söz açılır.
Müəllif vurğulayır ki, Prezident İlham Əliyev ulu öndər Heydər
Əliyevin dövlət idarəçiliyi məktəbinin məzunudur və ümummilli
liderdən aldığı dərslər sayəsində peşəkar siyasətçi, istedadlı
rəhbər və görkəmli dövlət xadimi kimi formalaşıb. İlham Əliyevin
siyasi xadim və dövlət lideri kimi təşəkkül yolu çətin olduğu
qədər, tərcümeyi-halının - dünyanın ən nüfuzlu ali təhsil
müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun tələbəsindən Milli Olimpiya Komitəsinin prezidenti və
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti və
birinci vitse-prezidentiliyi, Yeni Azərbaycan Partiyasının sədr
müavini, Baş nazirdən Azərbaycan Respublikasının Prezidentinə qədər
mühüm mərhələləri kimi parlaq və zəngindir.
Y.Mahmudov yazır ki, Milli Məclisin Avropa Şurası Parlament
Assambleyasında (AŞPA) daimi nümayəndəliyinin rəhbəri olduğu
vaxtlarda İlham Əliyevin cəsarətli və qətiyyətli çıxışları
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Məhz İlham
Əliyevin böyük miqyaslı, yorulmaz fəaliyyəti sayəsində Avropa
Şurasında erməni təcavüzkarları ifşa edildi, Qərbin Dağlıq Qarabağı
Azərbaycanın ayrılmaz hissəsi kimi obyektiv qavrayışının
formalaşmasında dönüş yarandı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə düzgün siyasi qiymət verildi. Ermənistanın
təcavüzkar və işğalçı ölkə, erməni terrorunun beynəlxalq
terrorizmin tərkib hissəsi kimi Avropa Şurasında tanınmasında,
Avropa və dünya ictimaiyyətinə Dağlıq Qarabağın terrorizm və
narkotik alveri yuvasına çevrilməsi həqiqətlərinin çatdırılmasında
İlham Əliyevin böyük xidmətləri olub. Avropa Şurasında yorulmaz
fəaliyyəti və AŞPA-da obyektiv və konstruktiv çıxışları ilə İlham
Əliyev böyük nüfuz və Qərb siyasətçiləri arasında hörmət qazanaraq
2003-ci ilin yanvarında AŞPA-nın vitse-spikeri və AŞPA bürosunun
üzvü seçildi.
Məqalə müəllifi qeyd edir ki, 2003-cü ildə İlham Əliyev
Azərbaycan prezidenti seçilərkən qarşısında bir çox problemlər var
idi. Azərbaycan kimi strateji əhəmiyyətli dövlətin başçısı olmaq
asan deyil. Çünki zəngin təbii resursları ucbatından Azərbaycan
bütün coğrafi istiqamətlərdə dünyanın əsas güc mərkəzlərinin
təzyiqlərinə məruz qalır.
İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan heç bir güclü
ölkənin forpostuna çevrilmədi, dünyanın nəhəng güc mərkəzləri
arasında gedən böyük geosiyasi qarşıdurmada oyuncaq dövlət olmadı.
Əksinə, Cənubi Qafqazda aparıcı ölkə kimi Azərbaycanın mövqeyi
gücləndi. Bütün bu uğurlar Azərbaycan ərazisinin 20 faizini işğal
edən, qaçqın və məcburi köçkün statusu ilə yaşamağa məcbur olan bir
milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan
təcavüzkar Ermənistanla müharibə vəziyyətində qazanılıb.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
məsələdə möhkəm prinsipial mövqeyini nümayiş etdirir. O,
Azərbaycanın dövlət başçısı vəzifəsinin icrasına başlamasından az
sonra verdiyi bəyanata sadiqdir: "Suverenliyimiz və ərazi bütövlüyü
məsələsində biz heç vaxt güzəştə, kompromisə getməyəcəyik və
beynəlxalq birlik Dağlıq Qarabağdakı hərbi rejimi heç vaxt
tanımayacaq. Biz torpaqlarımızın işğalı faktı ilə heç vaxt
barışmayacayıq, lakin səbrimizin həddi var..."
Prezident dünya ictimaiyyətinə XIX əsrdən başlayaraq ermənilərin
Cənubi Qafqaza köçürülməsi və bu gün Ermənistan Respublikası olan
ərazinin tarixi Azərbaycan torpaqları, keçmiş İrəvan xanlığının
ərazisi olması haqqında həqiqətləri çatdırır. Bu ilin aprel ayının
əvvəlində Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun
təxribatlara cavab olaraq işğalçı Ermənistan qüvvələrinə vurduğu
sarsıdıcı zərbələr bunu deməyə əsas verir ki, erməni
separatçılarının Dağlıq Qarabağdan qovulacağı gün uzaqda deyil.
Yaqub Mahmudov məqaləsində qeyd edib ki, Prezident İlham Əliyev
Azərbaycan xalqının tarixinə xüsusi diqqət yetirir. Dövlət başçısı
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin tarixində rolunu
yüksək qiymətləndirərək deyir: "Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması tariximizdə çox əlamətdar və mühüm hadisədir. Müsəlman
dünyasında ilk dəfə demokratik respublika yaradılıb, Azərbaycan
xalqı müstəqillik əldə edib. Ölkəmiz dünya birliyinin bir hissəsi
olub".
Bu gün Azərbaycanda tarix elminin inkişafında müşahidə edilən
ciddi irəliləyişlər dövlət başçısının çağırışları, təşəbbüsləri və
tapşırıqlarının həyata keçirilməsi ilə bağlıdır. O cümlədən
AMEA-nın A.A.Bakıxanova adına Tarix İnstitutunun fəaliyyətinin
nəticəsi olaraq Qarabağ, Naxçıvan, İrəvan tarixinə, erməni
qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımına dair
fundamental əsərlər, habelə Azərbaycan tarixinə həsr edilmiş digər
elmi əsərlər nəşr edilib, dünyanın müxtəlif dillərinə tərcümə
olunub.
İlham Əliyevin dövlət xadimi kimi müdrikliyi və uzaqgörən
siyasətinin sübutu gənc nəslin məqsədyönlü tərbiyəsi və beynəlxalq
səviyyəli kadrların hazırlanmasıdır. Qədim tolerantlıq və
multikulturalizm ənənələrinə malik Azərbaycan hazırda
sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Ölkəmiz böyük
beynəlxalq forumlara, sammitlərə, idman yarışlarına və çoxsaylı
mədəni-kütləvi tədbirlərə ev sahibliyi edir.
Yaqub Mahmudov məqaləsində, həmçinin qeyd edib ki, Prezident
İlham Əliyevin müdrik, məqsədyönlü, uzaqgörən siyasətinin həyata
keçirilməsində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da fəal
iştirak edir. Çoxyönlü xeyriyyə fəaliyyəti ilə Mehriban Əliyeva
xalqın dərin sevgisini, beynəlxalq ictimaiyyətin hörmətini
qazanıb.
Məqalənin sonunda AMEA-nın Tarix İnstitutunun direktoru yazır
ki, İlham Əliyevin həyata keçirdiyi düşünülmüş islahatlar,
gündən-günə genişlənən abadlıq işləri, cəmiyyətin müxtəlif
təbəqələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına
istiqamətlənmiş qaynar fəaliyyət xalq arasında Prezidentə böyük
populyarlıq qazandırıb. Prezident İlham Əliyev Azərbaycanın tarixi
salnaməsinə yaradıcı prezident kimi daxil olub. Öz yaradıcı
fəaliyyəti ilə o bu gün də Azərbaycan dövlətinin tarixinə şərəfli
səhifələr yazır.