2005-ci ilin oktyabrında prezidentin qəfil fərmanı ilə
milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad ediləndən az
sonra MTN-də xüsusi əməliyyat keçirilmişdi və bu sistemin bir qrup
yüksək rütbəli əməkdaşı, o cümlədən generalları həbs olunmuşdu.
Ancaq MTN-in ən qəddar simalarından olan, Mahmudovun "sağ əli" və
"kassiri" sayılan general Akif Çovdarov dərhal yox, dekabr ayında
həbs olundu.
MTN işini aparan istintaq qrupunun sanksiyası ilə digərləri kimi
Çovdarovun da evlərində, villalarında axtarış aparılıb, onun
törətdiyi cinayətlərin sübutu kimi istifadə olunacaq
əşyayi-dəlillər götürülüb.
Bəs Çovdarovun evlərində aparılmış axtarışda müstəntiqlər nə
tapıb götürüblər? Uzun illərdir sahibkarları çapıb-talayan bu
general yığdıqlarını pul və qızıl şəklində evində saxlayırmış,
yoxsa?...
Virtualaz.org
xəbər verir ki, Çovdarovun evlərində axtarışın aparılmasına dair
sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında
onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən
villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki
vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək
aşkar edilərək götürülüb. İstintaqın müəyyən etdiyi kimi bu
dəyənəklər zavod üsulu ilə hazırlanıb, "vurucu-əzici xassəyə malik
soyuq silahdır", təyinatı üzrə istifadəyə yararlıdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqa təqdim etdiyi
arayışda göstərilir ki, Çovdarovun xidməti səlahiyyətləri ilə bağlı
ona ayrılmış texniki vasitələrin arasında dəyənəklər nəzərdə
tutulmamışdı. Bu səbəbdən generalın dəyənəkləri evində niyə
saxladığı və hansı məqsədlə istifadə etdiyi istintaqa qaranlıq
qalıb.
Habelə generalın Badamdardakı villasında və digər evlərində
aparılmış axtarış zamanı 50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10
min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50
dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq əsginazlar),
6810 manat pul tapılıb.
İstintaq müəyyən edib ki, Çovdarovun Badamdar qəsəbəsi ilə
yanaşı, Novxanıda villası, Bakının mərkəzində, Sirkin yanında
yerləşən çoxmərtəbəli binada mənzili, Şamaxının Nağaraxana kəndində
tikintisi yarımçıq qalmış villası, Masazırda istixana kompleksi və
balıqçılıq təsərrüfatı, bir neçə yerdə torpaq sahələri, o cümlədən
ailə üzvlərinin adına olan torpaq sahələri və evlər mövcuddur.
Beləliklə, məlum olur ki, Çovdarovun evindən xəzinə aşkar
edilməyib, aşkar edilən pullar və qızıl-zinət əşyaları isə onun
taladıqları ilə şübhəsiz ki, müqayisə oluna bilməz. Lakin
Mahmudovun işdən çıxarılmasından və MTN-dəki qruplaşmanın
darmadağın edilməsindən sonra təxminən ay yarım ərzində Çovdarovun
da pullarını, qızıllarını gizlətməyə vaxtı var idi...