Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin dövlət
müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı məqaləsi
nüfuzlu Yaxın Şərq Xəbərlər Agentliyində, geniş oxucu kütləsinə
malik "Əl-Masr Əl-Yaum", "Əl-Əxbar", "Əl-Bələd", "Dostor" internet
qəzetlərində və digər portallarda yayılıb.
AzərTac xəbər
verir ki, məqalədə 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının
qəbul edildiyini bildirən səfir Müsəlman Şərqinin ilk demokratik
respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi
Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini, beynəlxalq
aləmə inteqrasiya etdiyini diqqətə çatdırıb. O, eyni zamanda,
Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü
İslam dünyası ilə də əlaqələrini bərpa etdiyini və əməkdaşlıq
münasibətləri qurduğunu qeyd edib.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait
yaradan problemlərin müstəqil Azərbaycan Respublikasının da
qarşısına çıxdığını qeyd edən səfir Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzü, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi
barədə məlumat verib, xarici və daxili təhlükələrin fonunda yenicə
əldə edilmiş müstəqilliyin təhlükə altına düşmüş olduğunu nəzərə
çatdırıb.
Belə bir çətin zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün
Azərbaycan xalqının israrla Heydər Əliyevə müraciət etdiyini və
məhz onun müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət
ərzində problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə
qədəm qoyduğunu bildirən diplomat Ümummilli Liderin uzaqgörən
siyasəti və əvəzsiz xidmətlərinin nəticəsi olaraq mərkəzi
hakimiyyətin gücləndiyini, xarici əlaqələrin genişləndiyini,
Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail olunduğunu,
ölkədə demokratikləşmə prosesinin başlandığını, "Əsrin
müqaviləsi"nin imzalandığını, Azərbaycanın yeni neft
strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə
çatdırıb.
Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu
gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu
qeyd edən T.Rzayev Azərbaycanın neft və qaz boru kəmərləri
vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji
təhlükəsizliyində aparıcı rol oynadığını vurğulayıb, gənclər
siyasəti, elm, təhsil və "qara qızıl"ın insan kapitalına çevrilməsi
istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barədə
məlumat verib.
Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən
qeyri-neft sektoru və sənaye sahəsinin inkişafında görülən
məqsədyönlü tədbirlərə toxunan səfir 2003-cü illə müqayisədə
2012-ci ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 5 faizə qədər
azaldığını, Azərbaycanın xarici valyuta ehtiyatlarının 55 milyard
ABŞ dollarından çox olduğunu və son illər ərzində iqtisadiyyatın 3
dəfə artdığını vurğulayıb və müstəqillik illərində çox böyük həcmdə
investisiyalar cəlb etdiyini nəzərə çatdırıb.
Səfir Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu qeyd
edib və ölkəmizi daha böyük perspektivlərin gözlədiyini
vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə
əlaqədar ölkəmizin Misirdəki səfirliyində silsilə tədbirlərin
keçirilməsi nəzərdə tutulub. Müstəqillik Günü ilə əlaqədar
səfirlikdə Misirin təhsil ocaqlarında təşkil olunmuş "Mən
Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsində iştirak etmiş
qalib tələbələrə mükafatların verilməsi, Azərbaycan diasporu və
tələbələri ilə görüşlərin keçirilməsi, eyni zamanda, Misirin yerli
televiziya və mətbu orqanlarında müvafiq sənədli filmin və
yazıların verilməsi planlaşdırılır.