Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 25-ci ildönümüdür. Bu əlamətdar gün Azərbaycan xalqının
həyatına böyük tarixi gün kimi daxil olub.
AzərTac xəbər
verir ki, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və
geoiqtisadi proseslərin lideridir. Azərbaycan istər Yaxın Şərqdə,
istərsə də Cənubi Qafqazda çox mühüm geosiyasi amildir. Bu sözləri
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin
başçısı, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət
təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert
Arye Qut oktyabrın 18-də İsrailin Doqquzuncu televiziya kanalının
populyar "Günün qəhrəmanı" proqramına müsahibəsində söyləyib.
Arye Qut telekanala müsahibəsində qeyd edib ki, Cənubi Qafqazda
geosiyasi və geoiqtisadi proseslərin lideri kimi Azərbaycan cəmi 25
il ərzində irimiqyaslı beynəlxalq neft, qaz və nəqliyyat layihələri
həyata keçirib, böyük uğurlara və tərəqqiyə nail olub. İsrailli
ekspert deyib: "Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri
layihəsinin həyata keçirilməsində mühüm geosiyasi və geoiqtisadi
mərkəz rolu oynayıb. İsrail Azərbaycan neftini bu kəmər vasitəsilə
alır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi də daha bir çox
perspektivli layihədir. Başqa sözlə desək, bu gün Cənubi Qafqazda
Azərbaycanın iştirakı olmadan heç bir geosiyasi və geoiqtisadi
layihə həyata keçirmək mümkün deyil".
A.Qut vurğulayıb ki, Azərbaycan artıq uzun illərdir ərazisinin
20 faizini işğal etmiş Ermənistan ilə müharibə vəziyyətindədir və
bu təcavüz nəticəsində hazırda Azərbaycanda bir milyondan çox
qaçqın və məcburi köçkün var. Ekspert deyib: "Ermənistan ilə
silahlı münaqişəyə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və
konfessiyalararası dialoq nümunəsidir. Azərbaycanın yəhudi icması
bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün istər
millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı bu
təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı
yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın
şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi
olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o
cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqət və
qayğıkeşliklə yanaşır, səmimi münasibət bəsləyir ki, bunun da
dünyada presedenti yoxdur. Biz, əslən Azərbaycandan olan yəhudilər
fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və
yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər".
Müasir Azərbaycanın çox praqmatik və tarazlaşdırılmış xarici
siyasət yürütdüyünü vurğulayan israilli ekspert deyib: "Azərbaycan
çox mürəkkəb geosiyasi əhatədə yerləşir. Azərbaycanın Türkiyə ilə
strateji xarakter daşıyan qardaşlıq münasibətləri, İran və Rusiya
ilə etimada söykənən yaxşı münasibətləri var. Azərbaycanın bu
çoxşaxəli xarici siyasət konsepsiyasında İsrailin də xüsusi yeri
var. Bu, həm gözəl siyasi münasibətlər, həm də ciddi iqtisadi
əlaqələr ola bilər, amma İsrail-Azərbaycan münasibətlərində ən
başlıcası, bu münasibətlərin çox mühüm tərkib hissəsi insan
amilidir, mən deyərdim ki, bu, ikitərəfli münasibətlərdə əsas
körpülərdən biridir. Azərbaycan və yəhudi xalqlarının qarşılıqlı
münasibətlərinin uzun sürən zəngin tarixi var. Yəhudi icması
Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir.
Azərbaycan sabitlik, multikulturalizm və tolerantlıq adasıdır".
A.Qut deyib: "İnkaredilməz faktdır ki, Avrasiya ərazisində heç
bir ölkənin İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi
münasibətləri yoxdur. Binyamin Netanyahu tarixi nöqteyi-nəzərdən
İsrailin Azərbaycana səfər etmiş ilk və hələlik yeganə Baş
naziridir. İsrailin o vaxtkı və indiki Baş naziri Binyamin
Netanyahu 1998-ci ilin avqustunda Bakıya gecə saatlarında
qısamüddətli tarixi səfər edib. Bu səfər Azərbaycanın yeni
diplomatiya tarixində nadir hadisələrdən biri olub ki, Azərbaycanın
ümummilli lideri Heydər Əliyev əcnəbi lideri gecədən xeyli keçmiş
qəbul edib. İsrailin 9-cu Prezidenti Şimon Peres 2009-cu ilin
mayında Azərbaycana tarixi dövlət səfəri edib".
A.Qut müsahibəsinin sonunda Azərbaycandakı yəhudi icmasına
qayğıkeş və mehriban münasibətinə görə Prezident İlham Əliyevə və
Azərbaycan xalqına təşəkkür edərək fikrini belə yekunlaşdırıb: "Bu
gün Azərbaycanda 25 minlik yəhudi icması yaşayır. Paytaxtın
mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda yəhudi uşaqlar ən
böyük təhsil mərkəzi inşa edilib. Qırmızı qəsəbə dünyada dağ
yəhudilərinin sıx yaşadığı yeganə unikal yerdir, Azərbaycanın
fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma
qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir".
Arye Qut Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 25 illiyi münasibətilə "Günün qəhrəmanı" verilişinin
aparıcısı Vladimir Rav-Tsiona özünün və atası Amir Qutun müəllifi
olduqları "Ağrı" romanını bağışlayıb. Bu roman 1992-ci ildə erməni
silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri
dəhşətli soyqırımına həsr olunub.