Oktyabrın 17-də İraq hökumətinin qərarı ilə ordu 2014-cü
ildən İŞİD silahlı qruplaşmasının əlində olan Mosul şəhərini
azadetmə əməliyyatına başlayıb.
İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentində türkmanları
Kərkük şəhərindən təmsil edən millət vəkili Ərşad Salehi Azadlıq Radiosuna
Mosulda baş verənlər haqqında danışıb:
- İki ildir ki, Mosul İŞİD-in əlindəydi. İndi İraq ordusu beş
tərəfdən Mosul üzərinə hücuma keçib. Artıq bəzi kəndlər İŞİD-dən
alınıb, bəzi yerlərdə isə terrorçular özləri bölgəni tərk edib
gedirlər. Ancaq görünən odur ki, bu əməliyyat asanlıqla bitməyəcək.
Bəlkə də bir neçə ay sürə bilər. Çünki terrorçular bəzi yerləri
tərk eləsələr də, elə ərazilər var ki, orda müqavimət göstərirlər.
Həm də İŞİD-in çoxlu intiharçıları var. Partlayışların
törədilməsində onlardan istifadə edirlər. Amma İraq ordusu hazırda
qızğın əməliyyatlar keçirir.
- Mosulla əlaqə saxlaya bilirsinizmi?
- Əlaqələr çox azdır. Çox az adamla əlaqə saxlamağa ünsiyyət
cihazları var. Camaatla əlaqə saxlamaq olmur. Türkmanların böyük
bir hissəsi İŞİD-in qorxusundan oradan çıxıb. Türkiyəyə, Kərkükə,
İraqın başqa yerlərinə gedənlər olub.
- Bu iki ildə İraq hakimiyyətinin Mosulu azad etmək
planı olmuşdumu?
- Yox, İraq hakimiyyətinin bu müddətdə belə istəyi də olmamışdı.
Çünki İŞİD-in əlində İraqın başqa əraziləri də vardı. Ona görə
Mosulla bağlı belə plan olmamışdı. Həmin əraziləri alıb sonradan
biz tərəflərə gəlməyi düşünürdülər. Mosul coğrafi baxımdan da
həssas bir bölgədə yerləşir. Həm Türkiyə sərhədinə yaxındır, həm də
Suriyaya.
- Mosul əməliyyatında İraq ordusu, peşmərgə silahlıları
iştirak edir. Bəs, bu əməliyyatda türkmanların rolu
necədir?
- Biz bu əməliyyatlara qatılmaqdan ötrü İraq hökumətinə müraciət
etdik. Ancaq bizə silah verilmədi. Ona görə türkmanlar özü özünü
silahlandırmaq məcburiyyətində qaldı. Mosulda az sayda olsa da,
türkmanlar da vuruşur. Mosulun içində əməliyyat başlasa, türkman
birlikləri də öz ərazilərimizə girəcək.
- Mosul əməliyyatı başlanandan bəri bu bir neçə gündə
Türkiyə ordusunun da əməliyyatlarda iştirakı məsələsi haqda çox
müzakirələr oldu. Prezident Ərdoğan da deyib ki, Türkiyənin İraqla
350 kilometr sərhədi var, Türkiyə hərbçiləri Mosul əməliyyatında
iştirak etməlidir.
- Türkiyə silahlı qüvvələri Başika bölgəsindədir. İraq hökuməti
də Türkiyə hərbçilərinin o bölgədə olmasını qəbul etmir. Ancaq
Türkiyə də PKK-ya görə narahatdır. Türkiyə İraq hökumətindən
PKK-nın Sincar bölgəsindən çıxarılmasını istəyir. Çünki o ərazi
Türkiyə ilə sərhəddir. Təəssüf ki, buna görə İraqla Türkiyə
arasında anlaşılmazlıq hələ də qalır.
- Bəzi siyasətçilər Mosulun da Hələbin taleyini
yaşayacağını bildirirlər. Siz necə düşünürsünüz, belə oxşarlıqlar
varmı, fərqlər nədədir?
- Mosulun Hələb kimi olacağını düşünmürəm. Çünki Hələbi Əsəd
rejimi ilə Rusiya da vurur. Mosulda vəziyyət o dərəcəyə çatmaz.
Çünki xalqın da içində dirəniş, müqavimət ruhu var. Həm də İŞİD də
bir layihədir, bəlli bir dövr üçün ortaya atılıb. Vaxtı çatanda
ərazidən çıxacaq.
- BMT Mosuldan 100 minə yaxın adamın qaçqın düşüb
Türkiyə və Suriyaya sığınacağını proqnozlaşdırıb. Mosuldan köç
başlayıbmı?
- Bəli, bu cür gözləntilər var. Əməliyyatlar çox uzansa, Mosulun
içindən qaçqın düşənlər də çox olacaq. İndiyə kimi Mosuldan 50 minə
qədər adam qaçıb. Ancaq daha çox qaçqın gözlənilir. İŞİD qaçmağa
macal vermir. Camaat özü bir yol tapıb çıxır.
- Kərküklə Mosulun arasında nə qədər məsafə var? Orda
baş verənləri Kərkükdə camaat necə izləyir?
- Kərküklə Mosulun arası 200 kilometrdir, iki saatlıq bir
məsafədir. Mən indi Kərkükdən danışıram. Türkmanlar olaraq
bölgəmizə görə çox narahatıq. Bütün türkman bölgələrində baş verən
oyunların heç biri, təəssüf ki, türkmanların lehinə yox, tamamilə
əleyhinədir. Dünya dövlətlərinin heç biri Kərkükə yardım
göstərmədi. İraq türkmanları sahibsizdir. Ancaq biz öz dilimiz,
ədəbiyyatımız, mədəniyyətimizlə müqavimət göstəririk. Türkiyə də
bizi atıb, Azərbaycan da. Bakıdakı türk Kərkükdəki türk kimi
danışır, heç bir fərqimiz yoxdur. Bütün Azərbaycan xalqımıza
salamlar göndərirəm.
- İndi hamını Mosulun azad olunmasının nə qədər çəkəcəyi
düşündürür. Hərbi əməliyyatların aylarla, hətta illərlə davam
edəcəyini proqnozlaşdıranlar da var.
- Belə görünür ki, bu iş bir az uzun çəkəcək, asanlıqla
bitməyəcək. Bölgədə uzun, çətin bir müharibə olacaq. Müharibədir,
müharibədə həlak olanlar da, yaralılar da çox olacaq. Çünki
intiharçılar da partlayışlar törədir. Bir neçə yerdə həm ordudan,
həm də peşmərgədən itkilər də olub.
- Oktyabrın 15-də İraqın baş naziri Heydər Abadi Kərkükə
gəlmişdi. Baş nazir türkmanlarla görüşdümü? Həmin görüşə
"Türkmaneli" telekanalının çəkilişə buraxılmaması da sosial
şəbəkələrdə müzakirəyə çevrildi.
- Hörmətli baş nazir Abadini Kərkükə hamıdan çox mən dəvət
etmişəm. Ona Kərkükə gəlməsinin önəmli olduğunu bildirmişəm. Amma
elə vaxtda gəlmişdi ki, onda biz Kərkükdə yox, Bağdadda idik. Bizim
xəbərimiz olmadan gəlmişdi. Həmin görüşdə türkmanların
təmsilçilərinin olması lazım idi. Doğrudur, türkman televiziyasını
da ora buraxmamışdılar. Bu da türkmanların etirazına səbəb
olmuşdu.
- Cənab Salehi, son çıxışlarınızda türkmanlar arasında
məzhəb ayrılığına yol verilməməsi çağırışı etmisiniz. Türkmanlar
arasında belə bir təhlükə varmı?
- Türkmanlar arasında həm sünnilər, həm şiələr var. Amma biz
İraq Türkman Cəbhəsi olaraq həmişə bunu deyirik ki, böyük
dövlətlərin böyük məzhəb layihələrinə, oyunlarına alət olmamalıyıq.
Biz türkük. Yetər ki, hamımız "türk" kəlməsinin altında birləşə
bilək. Çünki bəzi nəfsi zəif insanlar türkmanları şiə-sünni deyə
bölmək istəyirlər. Bu da bizə çox ziyan vura bilər. Ərəblərin
içində olduğu kimi, "türk" kəlməsinin varlığı altında Bakıdakı,
Kərkükdəki, Ankaradakı, Krımdakı, Balkandakı türk bir kimliyin
altında toplanmalıdır.
- Türkmanların daha geniş miqyasda əməliyyatlarda
iştirakı gözlənilirmi? Gələcəklə bağlı gözləntiləriniz
nədir?
- İraq hökuməti bizə dəstək versə, biz də nizami şəkildə
əməliyyatlarda iştirak etmək istəyirik. Ancaq hökumət bizə o
dəstəyi vermir. Orda türkmanlar da vuruşur, ancaq istəyərdik ki,
daha böyük qruplarımız olsun. Ancaq təəssüf ki, icazə verilmədi.
Gələcəklə bağlı gözləntilərimiz odur ki, Ankarayla Bağdad
arasındakı böhran sona çatsın. Çünki bu vəziyyətdə İraq
türkmanlarının da mövqeyi zəifləyir. İki dövlət arasında qalmış
kimi oluruq.
- İndi türkmanların səsi İraqda necə
eşidilir?
- Kərkükün türkman şəhəri olduğunu dünya da, İraq da, hamı
bilir. Ancaq bu gün siyasət fərqli nəticələr ortaya qoyur. Kərkük
İraqın içində türkman bölgəsinin paytaxtı sayılır. Həmişə İraq
parlamentində də hüquqlarımızı qaldırmışıq. Baş nazirdən də
haqlarımızı istəmişik. Həmişə də hüquqlarımız uğrunda mübarizəmizi
davam etdirəcəyik.