Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridir.
Əvvəl onun Bakıya dəvəti haqda fikir yox idi. Ancaq sonradan onun
futbol akademiyalarına diqqət göstərdiyini öyrəndik. Danışıqlara
başladıq. Şadam ki, əfsanəvi futbolçuyla anlaşa
bildik.
Publika.az xəbər
verir ki, bu sözləri "Qəbələ" futbol klubunun prezidenti Tale
Heydərov Bakı Olimpiya Stadionunda dünya şöhrətli futbolçu
Ronaldinyonun mətbuat nümayəndələri ilə görüşündə deyib.
- Ronaldinyonun razılığını almaq çətin
olmadı?
- Özünə də demişəm, Ronaldinyo mənim ən çox sevdiyim
futbolçulardan biridi. Onun gəlişi mövzusu yox idi. Amma elə
gətirdi ki, danışıqlara başladıq. Buna maraq olduğu bizə
bildirildi. Onun akademiyasının bir neçə ölkədə fəaliyyət
göstərdiyini bilirdik. "Qəbələ"nin uşaq futboluna göstərdiyi
diqqəti nəzərə alaraq, bu danışıq baş tutdu.
- "Qəbələ" bu gün "Sent-Etyen"lə qarşılaşacaq. Nə
gözləyirsiniz?
- Məcburən oyunu Fransada izləyə bilməyəcəm. Yəqin ki, bunu başa
düşərlər. Çox vacib oyundu. Xal qazanmaq üçün əlimizdən gələni
edəcəyik. Çətin olacaq. Amma futbolçular və məşqçilər söz veriblər
ki, bütün bacarıqlarını ortaya qoyacaqlar. Onlardan yaxşı oyun
gözləyirik.
- Ronaldinyonun "Qarabağ" – PAOK oyununda iştirakı baş
tutacaqmı?
- Hər şey proqramdan asılı olacaq. Buna çalışağıq.
- Ronaldinyo "Qəbələ"də oynasa, stadiona nə qədər
azarkeş gələr. Bunu nəzər alıb, onu komandada saxlamaq
istəmirsiniz?
- Böyük marağın olacağını gözləyirdik. Ümid edirik ki, uşaqlar
futbola daha çox maraq göstərərlər. O ki qaldı onun "Qəbələ"də
oynamasına, bu sualı özünə versəniz yaxşı olar. Təbii ki, ulduz
futbolçunun Azərbaycanda oynaması gözəl olar.
- Yeni tikiləcək akademiyanın Qəbələdə fəaliyyət
göstərməsi ehtimalı varmı?
- Qəbələdə buna ehtiyac yoxdu. Çünki orda akademiya var.
Qəbələdə infrastruktur olsa da, orda gəlib yaşamaq çətindi. Bakıda
ona görə edirik ki, uşaqlar məşqdən sonra evlərinə qayıtsınlar.
Ailələrindən kənarda qalmaq uşaqlar üçün çətindi. Akademiya yüz
faiz Bakıda olacaq. İstərdik ki, müxtəlif yaş qruplarından,
U-11-dən başlayaraq, hamısı ölkə çempionatında iştirak etsin. Bizim
akademiyaya rəqib tapmaq çətindi. Ona görə istərdik ki, yeni
akademiyanın uşaqları ayrı klub kimi çempionatda iştirak
etsinlər.
- Bəlkə akademiyanın açılışı elə Bakı Olimpiya
Stadionunda olsun?
- Yaxşı fikirdi. Amma bunun üçün bir neçə meydança lazımdı.
Çətin olsa da, bu barədə danışmaq olar.