Vaşinqtondakı "Qulf Steyt Analitiks"in məsləhətçisi,
siyasi şərhçi Teodor Karasikin Axar.az-a eksklüziv
müsahibəsi:
– ABŞ-da prezident seçkisinin nəticələri ABŞ-ın Türkiyə
və Suriyayla bağlı mövqeyinə necə təsir göstərə bilər?
– ABŞ prezident seçkisinin nəticəsi nəinki Türkiyə ilə
münasibətləri dramatikləşdirəcək, həm də davam etməkdə olan Suriya
müharibəsinə öz böyük təsirini göstərəcək. Klinton prezident
seçilərsə, Ankara ilə dil tapacağı və Suriya ssenarisində daha
iddialı oynayacağı gözləniləndir. Lakin "kürd kartı" gələcək
ikitərəfli münasibətlərdə dağıdıcı amil ola bilər.
Trampın prezident seçilməsi ilə Türkiyənin 2016-cı ilin iyulunda
baş verən hərbi çevriliş cəhdində Amerikanı günahlandırması iki qat
artacaq. Ümumiyyətlə, Trampın prezidentliyi bütün birlikləri və
tərəfdaşlıqları silkələyəcək. Bununla yanaşı, Obama
adminstrasiyasının tam əksinə olaraq Tramp seçilsə, bu, Rusiya
vasitəsilə Suriya Prezidenti Bəşər Əsədlə münasibətlərin
isinişməsinə səbəb olacaq.
– İlham Əliyevin Azərbaycanın Avrasiya İttifaqına
qoşulmasının mümkünlüyü barədə son müsahibəsində dediklərini necə
qiymətləndirirsiniz? Rusiya Azərbaycan üçün bu birliyi necə
cəlbedici edə bilər?
– Prezident İlham Əliyev indiki və gələcək geostrateji
zəruriliyi nəzərə alaraq, Kremlin Avrasiya İttifaqının tərkibinə
qatılmaq haqda təkidlərini nəzərdən keçirir. Azərbaycan müstəqillik
qazandıqdan 25 il sonra geosiyasət planlı və inkişaf etməkdə olan
infrastruktur vasitəsilə, xüsusilə Şimal-Cənub tranzit dəhlizi iki
ölkəni bir-birinə yaxınlaşmağa məcbur edir. Rusiya Azərbaycanı
Avrasiya İttifaqına cəlb etmək üçün müxtəlif güzəştlərə, tariflərə
gedə, cəlbedici iqtisadi stimullar yaratmaqla Bakının diqqətini
çəkə bilər.
– ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiya Dağlıq Qarabağ
münaqişəsinin həllində açar rolunu oynaya biləcək dövlət kimi hamı
tərəfindən qəbul edilir. Azərbaycanın KTMT və Avrasiya Birliyinə
cəlb edilməsində "Rusiya açarı" işə düşə bilərmi?
– Bu variant uzun çəkəcək, amma Dağlıq Qarabağın ətrafındakı
geosiyasətdə tamamilə mümkündür. Əgər Rusiya Ermənistana mövqeyini
dəyişmək üçün təzyiq göstərərsə, Dağlıq Qarabağ münaqişəsini əhatə
edən geosiyasət və onun nizamlanması Azərbaycanı KTMT və Avrasiya
Birliyinə gətirmək üçün yem kimi istifadə oluna bilər. Kreml hesab
edir ki, gələcəkdə Azərbaycan Rusiya tərəfindən idarə olunan bu iki
təşkilata - biri təhlükəsizlik və antiterror, digəri isə
iqtisadiyyat və ticarət təşkilatıdır – qoşulmalıdır. Başqa sözlə
desək, Kreml Bakını öz orbitinə daxil etmək istəyir. Bu da
xatırlanmalıdır ki, Qafqazda İran faktoru var – o, Azərbaycan və
Rusiyadan daha çox konsessiya qazanmaq üçün Tehranın Dağlıq Qarabağ
haqqında mövqeyini lazım olan istiqamətdə dəyişə bilər.
– Rusiyanın Ermənistana sonuncu dəfə milyardlıq silahlar
verməsini Azərbaycan-Rusiya mövcud münasibətlərinə adekvat hesab
edirsinizmi?
– Rusiya Azərbaycan və Ermənistanı qarşı–qarşıya qoymaqla
Qafqazdakı ənənəvi oyununu oynayır. Kreml Ermənistana milyard
dollarlıq silahlar və digər dəstəklər verməklə dərin əlaqələr qurub
və ondan Rusiyanın peyk ölkəsi kimi istifadə edir. Əlbəttə, Kremlin
Ermənistanda hərbi mövcudluğu var və hazırda İrəvandan hava
hücumundan müdafiə üçün ön baza kimi yararlanır. Bunu da qeyd etmək
vacibdir ki, Kremlin Ermənistanla xüsusilə hərbi sahədə olan
əlaqələri onillərə dayanır: İrəvan Rusiyanın müdafiə və
təhlükəsizlik plan və layihələrinin ayrılmaz hissəsi olub. Əgər
Azərbaycan KTMT-yə qoşulub, eyni zamanda, xarici təhlükəsizliyini
və iqtisadi siyasətini itirməmək şansından istifadə edə bilsə,
Ermənistanın bu rolu müzakirələr masasında olacaq.
– Türkiyə-Rusiya yaxınlaşmasının regionda Qarabağ və
Suriya məsələsinə nə kimi təsiri ola bilər?
– Rusiya və Türkiyə birinci Suriya, ikinci isə Qarabağ
məsələsində əməkdaşlıq edirlər. Bu məsələlər birbaşa bağlı
deyillər, amma geopolitik bağlılıq var.
Moskva rəsmi Ankaranın Qarabağ müzakirələrinə qoşulmasını müsbət
dəyərləndirir. Kremlin fikrincə, Türkiyənin konfliktin həlli
istiqamətindəki danışıqlara qoşulması müsbət nəticə verə bilər.
Ankaranın, əlbəttə, Qafqaz mövzusunda köhnə incikliyi var və
Rusiyanın Türkiyəni Qarabağ məsələsinə daxil etməsi siyasətinin
gözləniləndən tam fərqli bir effekt verməsi ehtimalı da mövcuddur.
Suriya isə tamam fərqli məsələdir. Rusiya və Türkiyə hazırda
Suriyada yerləşib və ölkəni təsir zonalarına bölünmüş halda
saxlamaq niyyətindədir. Ankara və Moskva Əsəd məsələsində
fərqlənir. Birinci və əsas ekstremistləri məhv edərək Hələbi
Dəməşqin idarəsi altına gətirmək üçün iki ölkə və İran birlikdə
işləyir.
Qarabağ və Suriya məsələsi arasındakı yeganə əlaqə(bağ –
Türkiyə, Rusiya) proseslərə daxil olan oyunçulardır. Levantın
"katarsis"i (https://az.wikipedia.org/wiki/Katarsis) davam etdiyi
müddətdə, böyük ehtimalla bunun əks-sədası Qafqazda hiss ediləcək,
xüsusilə də o halda ki, esktremistlər Azərbaycan və ya ona qonşu
olan Rusiya ərazilərindən birinə, məsələn, Dağıstana gedərsə.
– Breksitden sonra Avropa Birliyi gərgin günlər yaşayır.
Sizcə, AB-nin gələcəkdəki taleyi necə olacaq?
– AB böyük çətinlikdədir. AB ölkələri miqrant axınına görə
daxili bölünmələrdən əziyyət çəkdyi dövrdə bir də Breksit şoku
yaşadılar. Daha vacibi isə AB Rusiyanın AB–nin şərq sərhədindəki
hərəkət və motivlərini ciddi şəkildə sorğulayır. AB xüsusilə enerji
təhlükəsizliyinə görə narahatdır. Kreml 2020-ci ilə qədər sıxılmış
qaz bazarını idarə etmək istəyir. Kremlin təzyiqi – raket
sistemlərindən tutmuş ictimai rəyə təsirinə qədər – Avropanı
bölünmüş vəziyyətdə saxlamağa kömək edir.