Cari ilin 9 ayı ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı" QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə artım
müşahidə olunub.
QSC-dən Axar.az-a verilən məlumata görə, ən böyük artım iri
həcmli nəqliyyat vasitələrində (TIR), o cümlədən qoşqu və digər
avtotexnikanın daşınması üzrə qeydə alınıb.
Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının
xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı
3,2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və
Türkmənistan olub.
Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41%
artaraq 3,25 mln. tona çatıb. Ümumi yükaşırmanın 86,8%-i tranzit
yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi
yanalmalarının sayı da 82% artıb.
Son doqquz ayda Bakı Limanı vasitəsilə 16 255 ədəd iri həcmli
nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata
keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 110
ədəd artım deməkdir. Bunların 9 323 ədədi (57,4%) Bakı-Aktau-Bakı
istiqamətində, 6 932 ədədi (42,6%) isə Bakı-Türkmənbaşı-Bakı
istiqamətində hərəkət edib.
2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində
konteynerlərin aşırılması 73% artaraq 13 859 TEU təşkil edib. Neft
və neft məhsullarının aşırılması isə 79,8% artaraq 1,24 mln. ton
olub. Ələt qəsəbəsində yerləşən yeni bərə terminalında vaqon
aşırılması 13% artaraq 25 582 ədədə çatıb. Bunlardan 7 240 vaqon
(28%) Bakı-Aktau-Bakı istiqamətində, 18 342 (72%)
Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki
istiqamətdə sərnişin daşıma isə keçən ilin müvafiq dövrü ilə
müqayisədə 2,3 dəfə artaraq 17011 nəfər olub.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin
miqdarı 2016-ci ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə
müqayisədə 7% artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük
hissəsi tranzit konteynerlərin və tikinti malların idxalının payına
düşüb.