1990-cı ildə Turgut Özal və ata Corc Buş Mosul və
Kərküklə bağlı nə danışmışdı?
Publika.az xəbər
verir ki, bağlı qapılar arxasında keçirilən görüşün detalları
barədə "Yeni Şafak" qəzetinin yazarı Tamer Korkmaz yazıb. Həmin
yazını təqdim edirik.
Turqut Özalın cavabsız sualı
1990-cı il sentyabrın 25-də Səddam Hüseynin prezidenti olduğu
İraqın Küveytə girməsindən 54 gün keçmişdi. Həmin dövrün Türkiyə
prezidenti Turqut Özal Ağ Evdə ABŞ prezidenti Corc Buşla görüşə
xarici işlər naziri Əli Bozeri aparmamışdı. Ona güvənmirdi.
Corc Buş Özaldan Səddama şimaldan təzyiq göstərilməsini, Yaxın
Şərq və islam dünyasındakı ölkələri razı salmaq üçün ABŞ-a yardım
etməsini, kürdlərin mühafizə altına alınmasını istəyirdi.
Turqut Özal ABŞ prezidentinin bu istəklərini dinlədikdən sonra
Buşdan İraqda nə axtardıqlarını soruşub: "ABŞ-ın İraqa müdaxiləsi
yalnız Səddamın iqtidardan endirilməsinə hesablanıb, yoxsa başqa
niyyətlər var?"
Ata Corc Buş dəqiq bir cavab vermir.
Turqut Özal bildirir ki, İraqın işğalı Yaxın Şərqdəki vəziyyəti
gərginləşdirəcək: "Bu vəziyyət bizə də, Yaxın Şərqdəki ölkələrə də
çox böyük zərər verər".
Mosul və Kərkük üçün tarixi tələb
Türkiyə prezidenti bundan dərhal sonra tarixi bir tələbdə çıxış
edir: "Qarşıya çıxa biləcək bütün problemlərin aradan qaldırılması,
Şimali İraqda kürdlərin təhlükəsizliyi, PKK terrorunun ləğvi üçün
Kərkük və Mosula qədər olan bölgə türk əsgərinin nəzarətinə
verilməlidir!"
Buş Özalın bu tələbi qarşısında çaşıb qalır, nə deyəcəyini
bilmir. Yalnız "qərargahlarımla görüşüb sizə cavab verəcəyəm"
deməklə kifayətlənir.
Özal isə çıxışını davam etdirir: "Sizin hansı niyyətlərlə İraqa
girəcəyinizi bilməyimiz mümkün deyil. Ancaq Körfəz ölkələri və
İraqdan böyük iqtisadi qazancınızın olacağı dəqiqdir. Türkiyənin
isə bu bölgədə əsrlərdən gələn haqları var. Əgər bir əməliyyat
olacaqsa və biz buna dəstək verəcəyiksə, o halda bütün
zərərlərimizi kompensasiya etməyiniz lazımdır!"
Ata Buş isə Özala heç narahat olmamağı məsləhət görür: "Türkiyə
İraq planımızdan maksimum ölçüdə qazanclı çıxacaq. Mənə güvənə
bilərsiniz".
Mosul və Kərkük üçün əməliyyat planı
hazırlandı
ABŞ-dan qayıdan Özal Türkiyə ordusunun Kərkük və Mosula girməsini
nəzərdə tutan əməliyyat planı üzərində işə başlayır. Həmin günlərdə
ANAP-dan (Anavətən Partiyası) olan millət vəkili Göksel
Kalaycıoğluna zəng edən prezident ondan Lozanna konfransındakı
Mosul protokollarını gətirməsini xahiş edib.
Çankaya Köşkündə Turqut Özalla görüşən millət vəkili "Xeyir ola,
Mosulamı giririk?" deyə soruşur. Prezident şəhadət barmağını
dodağına apararaq çantasında Mosul protokolları ilə dayanan Göksel
Kalaycıoğluna "Sus" deyir. Turqut Özal Mosul protokollarını hansı
təşkilatdan istəsə, əlbəttə ki, ala bilərdi. Amma o, protokolları
etibar etdiyi bir şəxsdən istəmişdi.
Mosul və Kərküklə əlaqədar işlərini tamamlayan Özal ilk zərbəni
Milli Təhlükəsizlik Təşkilatının toplantısında aldı. Başda Baş
Qərargah rəisi olmaqla dövlətin müəyyən təşkilatları Özalın planına
qarşı çıxırlar. Qeyri-hökumət təşkilatları da plana qarşı çıxır.
Prezidentə sanki müharibə elan edilmişdi.
Süleyman Dəmirəl bu əleyhdarlığın bayraqdarı idi. Ordu, ANAP və
müxalifət partiyaları "Şimali İraqı 80 il əvvəl tərk etdik, artıq
orada nə işimiz var?" deyirdilər.
1990-cı il dekabrın 3-də Turqut Özala qarşı çıxan Baş Qərargah
başçısı Nəcib Torumtay istefa verir. Özalın istefaya cavabı isə
"komandan masada deyil, döyüşdə olar" şəklində olur.
"Türkiyədəki Amerika" anlamına gələn "Üst Quruluş" Özalın Mosul
və Kərkük planını boşa çıxarmışdı. Özala qarşı müqavimət ssenarisi
isə Vaşinqtonda yazılmışdı. Ağ Ev Turqut Özalın Şimali İraq planına
qarşı idi. Özalın səhvi isə Buşun sözlərinə güvənməsi idi.
Özal bu yoldakı mübarizəsini "həyatı" ilə ödədi: 1991-ci il
yanvarın 17-dəki I Körfəz döyüşündən iki il üç ay sonra
zəhərlənərək öldürüldü.