Millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil
Mustafa son günlərin aktual mövzusu olan nurçuluq, adının bu
təriqət üzvləri arasında çəkilməsi ilə bağlı "Axar.az"ın suallarını
cavablandırır:
- Fazil bəy, ondan başlayaq
ki, son iki həftədir nurçu söhbəti ölkə gündəmindən düşmür. Nə baş
verir və polemika niyə belə uzanır?
- Süni gündəmdir, yazan
jurnalistlərin kimliyinə və saytların istiqamətinə diqqət etsəniz,
görərsiniz ki, bu, Türkiyədəki siyasi savaşın Azərbaycana
məqsədyönlü yayılmasıdır. Ümumiyyətlə, İslam dinində təriqətçilik
deyilən bir anlayış yoxdur və hansı adla olursa-olsun, kimsə özünü
hansısa təriqətə aid edirsə, onun İslamın mahiyyətini anladığına
şübhə ilə yanaşmaq lazımdır. Azərbaycanda üç təhlükə mənbəyi var
ki, biri cənubdan, biri şimaldan, biri də birbaşa Ermənistandan
gəlir.
- Ölkə rəsmiləri də
qeyri-ənənəvi təriqətlərin ölkəmizə ayaq açmasını dilə gətirdi və
bu, artıq belə təriqətlərin hakimiyyəti də narahat etdiyini
düşünməyə əsas verir.
- Təriqətin ənənəvisi də,
qeyri-ənənəvisi də İslam dini ilə bağlı deyil. Əlbəttə ki,
Azərbaycan dövlətçiliyinə qarşı olan nəinki hansısa təriqət, hər
hansı partiya, QHT belə olsa, qanunun məsuliyyətindən kənarda
qalmamalıdır.
Ancaq axmaqlar bu siyahıya
inanır
- Nurçu mövzusunda ən çox
danışan, məqalələr də yazan sizsiz. Bu zərurət nədən yaranıb?
Çoxları sizin nurçulara qahmar çıxdığınızı deyir.
- Ümumiyyətlə, nurçuluq
mövzusunda heç bir məqalə yazmamışam. Nurçuluq deyilən hansısa
təlimə də, təriqətə də heç bir aidiyyətim yoxdur. Nursuzluq
mövzusunda yazmışam. Təriqətçilik əleyhinə də dissertasiya müdafiə
etmişəm. Təbii ki, Azərbaycanda nursuz insanların sayı daha çoxdur
və onlar mənim birbaşa söylədiyim fikirlərdən diqqəti yayındırmaq
üçün mütləq bu cür şərh verməlidirlər. Mənim qaldırdığım problem
birbaşa təhsillə bağlıdır. Bu məktəbləri kimsə bəyənməyə bilər,
ancaq mən hesab edirəm ki, indiki təhsilimizin vəziyyətində onların
Azərbaycana xeyli faydası dəyib. Yüzlərlə Azərbaycan övladı bu
məktəblərdə bilik alıb, yüksək səviyyəli mütəxəssisə çevrilib. Mən
kampaniyaçılıq dalğasında bu məktəblərin sıradan çıxarılmasına
qarşıyam. Bu məktəblərdə guya dini təbliğatı bəhanə edənlər,
indiyədək mərhum Heydər Əliyevin bu məktəblərlə bağlı söylədiyi xoş
fikirləri təbliğ edirdilər. Eyni adamlar Turan Yazqanın gözəl
təlim-təhsil verən məktəblərinin də genişlənməsinə imkan
vermədilər. Missionerlər hər yerdə var, ingilis, rus profilli
məktəblərdə də, eyni kampaniya niyə yalnız türklərə qarşı çevrilir,
bunu anlamaqda çətinlik çəkirəm. Buyurun, bu məktəblərdən məzun
olan yüzlərlə Azərbaycan övladını elliklə pişləyin, sonu nə olacaq?
Onsuz da yüzlərlə normal təhsil verməyən alternativlər var, oramı
yönləndirəcəksiniz övladlarımızı?
- Nurçulara bağlı olan
deputat və PA rəsmilərindən ibarət bir siyahı yayıldı. Düzdür,
həmin deputatlar və məmurlar bu iddianı təkzib ediblər - eləcə də
siz. Bəs, bu siyahı haradan çıxdı və niyə məhz bu adlar orda yer
alıb, bir başqaları yox?
- Belə bir siyahının hamısı
bir otaqda yazılır, indi də birinin adından guya digərinə
göndərilən məktublar aşkarlanır. İndiyə qədər başqa adlarla da
tanıtmağa çalışırdılar, Azərbaycan cəmiyyətində özünü axmaq yerinə
qoymuşlardan başqa kimsə belə siyahıları ciddiyə almır. Mən öz
inancını yaşayan insanam, öz müstəqil fikrini söyləməyə, yazmağa
çalışan bir siyasətçiyəm və nəhayət, öz dünyagörüşününün
cəmiyyətimiz üçün faydalılığına inanan bir araşdırmaçıyam. İndi bu
nursuzlar oturub düşünürlər ki, necə ola bilər, bu adam həqiqətən
öz düşüncələrində bu qədər müstəqildir? 30 ilin siyasət həyatında
hansı ittihamlardan keçmədik ki! Bir İslam mənsubu əgər özünə nurçu
deyirsə, eyni zamanda, İslamdan xəbəri olmayan birisi inanclı
kiməsə nurçu deyirsə, hər ikisini cahil saysanız, yetər.
- Cəmiyyətdə kimlərinsə sizi
nurçu kimi assosasiya etməsindən narahat deyilsiz ki?
- Allah heç bir bəndəsini
nursuz etməsin, kimlərinsə nə adlandırmağı narahat etsəydi, bu
qədər qaragüruha qarşı sözümüzü deməzdik. Həm də ona görə rahat,
birbaşa fikirlərimi deyirəm ki, bu adların heç biri ilə
yaxından-uzaqdan bağlılığım yoxdur. Olsaydı, hər halda ləyaqətim
çatardı ki, yenə də açıq deyim və öz mövqeyimi müdafiə edim. Bu gün
hər kəs özü öz dünyagörüşünü müdafiə edə bilər, mənim müdafiə
etdiyim Azərbaycandakı türk məktəbləridir və sabah onların
bağlanmasına, keyfiyyətsiz vəziyyətə salınmasına çağırış edənlərə
sözümü demək üçün bu gün haqlı olduğum mövqeni
açıqlayıram.
Onların şəxsiyyəti yoxdur
- Sizi nurçu adlandıranları
məhkəməyə vermək fikriniz varmı?
- Məhkəməyə vermək üçün qarşı
tərəfin şəxsiyyət vəsiqəsi olmalıdır. Ancaq mən baxdığım imzalarda
vəsiqə var, şəxsiyyət yoxdur. Ona görə də belə bir fikrim
yoxdur.
- Hesab edirsinizmi
Azərbaycanda nurçu qalmaqalı Ərdoğan-Gülən davasının
əlamətləridir?
- Ümumiyyətlə, bir tədqiqatçı
kimi deyə bilərəm ki, nurçuluq ötən əsrin 70-ci illərindən sonra
Türkiyədə bitmiş bir hərəkatdır və çox qollara parçalanıb. Əslində,
Ərdoğan və onun komandasının da strukturunu bilənlər onların da
camaat sisteminə dayandığını müşahidə edərlər. Bizdə camaatlaşma
anlayışı demək olar ki, tarixən yoxdur. Çünki xüsusi dini təlim və
məktəblərin olmaması buna zəmin yaratmayıb. Təbii ki, Türkiyədə
Ərdoğan-Gülən savaşının Azərbaycanda gözlənilən əks-sədasıdır,
fikrimcə, Azərbaycan dövləti bu məsələdə hansısa tərəfin yanında
aktiv olaraq yer almamalıdır. Buna çalışanlar var, əlbəttə.
Təsəvvür edin ki, Türkiyədə həbs olunan Ergenekonçular bu gün
azadlıqdadır. Xatırlayıram, o zaman da Azərbaycanda da ergenekonçu
axtarırdılar.
- Elçibəyin yaxın çevrəsində
olmusunuz. Onun "Xidmət hərəkatı"na simpatiyasının olması iddiaları
nə dərəcədə realdır? Çünki Elçibəyin nurçu təsisatların
Azərbaycanda yerləşməsində rolu olduğu deyilir...
- Elçibəyin Azərbaycan Xalq
Cəbhəsindən başqa hansısa hərəkata xüsusi simpatiyası olmayıb. Onun
Türkiyəyə xüsusi sevgisi olub və oradan gələn hər insana dost kimi
yanaşıb. Təhsillə bağlı bu ölkəyə ilk gələn "Xidmət camaatı"
olduğuna görə, ilk imtahanların də təşkilində Elçibəyin rolu
olmuşdu. Eyni zamanda, Turan Yazqanın da burada məktəb açmasını
Elçibəy istəmişdi.
Sübut etməsələr, şərəfsizdirlər
- Bu günlərdə "Dialoq
Avrasiya" Platformasının siyahısında da tanınan adlar, eləcə də
sizin adınız var. Bu informasiya dalğasının səbəbi
nədir?
- Mən İran səfirinin də,
Rusiya səfirinin də, Türkiyə səfirinin də tədbirlərinə dəvət
alıram. İndi məni harada görəcəksiniz, oraya qeydiyyatımı
aparacaqsınız? "Dialoq Avrasiya"nın Xocalı ilə bağlı tədbirlərində
iştirak etmişəm, indi adamlara deyək ki, ayıbdır, bir də belə
tədbirlər keçirməyin? Bunu yazanlara vaxt verdim ki, sübut
etməsəniz, şərəfsizsiniz, yazdılar ki, biz dəqiqləşdirilməyən
məlumata görə yazmışıq. Dedim ki, bundan sonra da bütün
axtarışlarınızı aparın, nə zaman tapsanız, xahiş edirəm, çəkinmədən
verin. Ancaq bir gerçəyi tapacaqsınız ki, mən yalnız və yalnız
"Dialoq Azərbaycan" Platformasının yorulmaz
təbliğatçısıyam.