1949-cu ilin noyabrında ABŞ-ın Prinston Universitetində
təhsil alan məşhur türk alimi Münir Ülgürlə dahi fizik Albert
Eynşteyn arasında təsadüfi bir söhbət olur.
Axar.az xəbər verir ki, Ülgürün türk olduğunu öyrənən Eynşteyn
Atatürkdən bəhs edərək, "Bilirsən, dünyanın ən böyük liderinə
sahibsiniz", - deyir.
Söhbətin sonunda isə Eynşteyn qısa bir hadisəni Ülgürə nəql
edir:
"Atatürk 1930-cu illərdə Türkiyədəki universitetlərdə dərs demək
üçün məni dəvət etmişdi. Amma gedə bilmədim..."
Alimin bu sözlərindən sonra Ülgür çox təəccüblənir, həm də
təəssüf edir.
Ancaq reallıq illər sonra Nazirlər Kabinetinin arxivində
təsadüfən ortaya çıxan bir sənədlə aydınlaşır.
1930-cu illərdə Yəhudiləri Qoruma Birliyinin fəxri prezidenti
adı ilə Albert Eynşteyn Atatürkə bir məktub yazıb. Məktubda alim
Almaniyada qorxu, təzyiq içində yaşayan 40 elm adamının heç bir
maddi tələb olmadan Türkiyəyə gəlməsini istəyib.
Eynşteynin bu məktubu o dövrün baş naziri olan İsmət İnönüyə
verilib. Daha sonra İnönü məktubu təhsil nazirinə göndərərək
araşdırılmasını istəyib.
Lakin məktubun üzərinə "Təklif şərtlə uyğun deyil. Qanunlarımız
buna imkan vermir" qeydi yazılaraq arxivə göndərilib.
Bəs bu hadisədən sonra yəhudi elm adamları Türkiyəyə
necə gəlib?
1933-cü ildə universitet təhsili üzərində araşdırmalar aparan
Atatürk təsadüfən məktubdan xəbərdar olur və dərhal yəhudi alimləri
ölkəyə dəvət edir. Bundan sonra 40 yəhudi elm adamı qardaş ölkəyə
gəlir, Ankara və İstanbul universitetlərində dərs deməyə
başlayır.
Eynşteynə dəvət də elə məhz bu dövrdə olur. Özü gəlməsə də,
həmkarlarını göndərən Eynşteyn bununla da sadəcə 40 yəhudi alimi
yox, Türkiyənin də taleyini bir məktubla dəyişdirir.