Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan
Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan
təntənəli yubiley mərasimi keçirilir.
Axar.az xəbər verir ki, mərasimdə dövlət və hökumət
nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya
vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak
edirlər.
Tədbirdə əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında "Radio
marşı" səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və
Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə
nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli HƏSƏNOV təntənəli mərasimdə çıxış edib.
Azərbaycan radiosunun 90 illik və televiziyasının 60 illik
yubileyi münasibətilə teleradio işçilərini təbrik edən Prezidentin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki,
cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş
xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin,
estetik baxışların, humanist duyğuların və incə zövqün
formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi
kimi mühüm məsələlərdə teleradionun rolu əvəzsizdir. Televiziya və
radio həm də böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli
idarəetmə vasitəsidir. Hazırda dünyanın bütün ölkələri teleradio
yayımı ilə əhatə olunub. Televiziya hələ də dünyada ən populyar
informasiya, əlaqə və mübadilə mənbəyi hesab edilir.
Radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı
rolu haqqında danışan Prezidentin köməkçisi deyib ki, bu
informasiya vasitələri mətbuatın fərqli forması kimi bir əsrə
yaxındır həyatımıza daxil olub. Mətbuat, o cümlədən teleradio milli
inkişafdan ayrı, əlahiddə fəaliyyət göstərə bilməz. Bu iki dəyər
bir-birini tamamlayaraq, formalaşdıraraq zənginləşir və öz
mövcudluğunu qoruyur.
Azərbaycanda teleradionun yaranması və inkişafı tarixinə qısa
ekskurs edən Əli Həsənov deyib: "Keçmiş SSRİ-də ilk radio verilişi
1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2
il sonra - 1926-cı il noyabrın 6-da yaradılıb. Mexaniki televiziya
Sovet İttifaqında 1931-ci il oktyabrın 1-də yayıma başlasa da,
Azərbaycan televiziyası bundan 25 il sonra - 1956-cı il fevralın
14-də ilk dəfə efirə çıxıb. Müqayisə üçün bildirim ki, qardaş
Türkiyədə radio 1927-ci il mayın 6-da, televiziya isə 1968-ci il
yanvarın 31-də fəaliyyətə başlayıb. İranda radio 1926-cı ildə,
televiziya isə 1959-cu ildə qurulub. Göründüyü kimi, Azərbaycan bu
sahədə də müsəlman Şərqində birinci mövqedə dayanır. Azərbaycanda
teleradionun inkişaf tarixini şərti olaraq iki dövrə ayırmaq olar:
sovet və müstəqillik dövrləri. Hər bir dövrün fərqli xüsusiyyətləri
olsa da, teleradionun bir sıra universal cəhətləri bütün zamanlarda
öz aktuallığını qoruyub saxlayıb. İlk növbədə onu qeyd etmək
lazımdır ki, hər bir xalqın teleradiosu onun görən gözü, danışan
dili, eşidən qulağı olmaqla bərabər, həm də ictimai həyatının
güzgüsü, bir növ vizit kartıdır. Teleradio proqramlarının məzmunu
və keyfiyyəti hər bir xalqın milli-mənəvi dünyası, mədəni və
sosial-iqtisadi inkişaf səviyyəsi barədə təsəvvür yaradır.
Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır,
milli korifeyləri yetişdirir, formalaşdırır, təbliğ edir və bununla
da xalqımızı, dövlətimizi dünyada tanıdır. Teleradio həm də başqa
xalq və toplumları, fərqli mədəniyyətləri öz auditoriyasına
tanıtmaq imkanına malikdir. Televiziya bizim xalqımızı,
mədəniyyətimizi, ən gözəl nümunələrimizi dünyaya təqdim etməklə
yanaşı, dünyadakı ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil,
mənəviyyat nümunələrini də yerli tamaşaçılara çatdıraraq onların
intellektual səviyyəsinin, zövqünün, mənəvi həyatının zənginləşməsi
prosesində iştirak edir".
Azərbaycanda teleradionun inkişafının sovet dövrünün, xüsusilə
də ötən əsrin 70-80-ci illərinin çox əhəmiyyətli olduğunu
vurğulayan Əli Həsənov deyib ki, məhz həmin illərdə biz Azərbaycan
dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli
mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə
etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin
birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında
yeni mərhələ olub. Sovet dövründə Heydər Əliyevin Azərbaycanda
tətbiq etdiyi idarəçilik üsulu xalqın milli-mənəvi dirçəlişində
xüsusi rol oynayıb. Məsələn, Azərbaycanın görkəmli şəxsiyyətlərinin
yubileylərinin müntəzəm qeyd edilməsi imkan yaradırdı ki,
cəmiyyətimizin tanınmış simaları xalqımızın taleyüklü
problemlərini, keçmişi və gələcəyi ilə bağlı olan mühüm konseptual
fikirlərini üzə çıxarsınlar, sistemləşdirsinlər. Bu da, öz
növbəsində, insanlarda milli düşüncənin güclənməsinə, böyüməkdə
olan nəslin həm milli-mənəvi dəyərlərimizə, həm də mütərəqqi
ümumbəşəri dəyərlərə əsaslanan dünyagörüşünün formalaşmasına müsbət
təsir göstərirdi.
Milli ruhun yüksəlişinə təkan verən əsas şərtlərdən birinin də
ana dili olduğunu diqqətə çatdıran Əli Həsənov bildirib: "Teleradio
ana dilinin yaşamasının, zənginləşməsinin və saflığının
qorunmasında birbaşa iştirak edir. Bu baxımdan Heydər Əliyevin
ciddi səyləri nəticəsində Azərbaycan dilinə dövlət dili statusu
verilməsi, bu mühüm müddəanın 1978-ci il Konstitusiyamızda təsbit
olunması, eyni zamanda, teleradio məkanında Azərbaycan dilinin
funksionallığının artırılmasına yönələn proqram siyasəti milli
ideologiyanın formalaşması, gələcəyin müstəqil, yeni Azərbaycanının
yaradılmasında mühüm amillərdən hesab edilməlidir. Ümumiyyətlə,
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə baş
vermiş dəyişikliklər, ictimai və iqtisadi sahədə aparılmış köklü
islahatlar və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə
yüksəlməsi Azərbaycanın müstəqilliyinə aparan tarixi yolun ən
parlaq səhifələridir. Şübhəsiz, televiziya və radio bu səhifələrin
yazılmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Həmin illərdə teleradionun mədəniyyət, ədəbiyyat, ana dili, tarix,
sosial-iqtisadi inkişaf və digər sahələrlə bağlı hazırlayıb təqdim
etdiyi proqramlar bütöv bir nəslin vətənpərvər ruhda tərbiyəsində
əvəzsiz rol oynayıb. Teleradio həm də xalqımızın keçdiyi inkişaf
yolunun video-audio salnaməsini yaradır, qoruyur və gələcək
nəsillərə çatdırır".
Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan teleradiosunun
müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışarkən qeyd edib
ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin və qarışıq
ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşməmişdi. Ölkədə
hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də
kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı
üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını
lazımınca yerinə yetirməsinə imkan vermirdi. Buna görə də 1993-cü
ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin taleyində müstəsna əhəmiyyət kəsb edən islahatlar
sırasında kütləvi informasiya vasitələrinin, o cümlədən
teleradionun fəaliyyətinin yenidən təşkilinə mühüm əhəmiyyət verib.
Plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr
Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində
aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini
tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq
standartlara uyğunlaşdırılıb. 1995-ci ildə qəbul olunmuş
Konstitusiyada Azərbaycanda söz və məlumat azadlığının təməl
prinsip kimi təsbit olunması, 1998-ci ildə senzuranın ləğv
edilməsi, 1999-cu ildə isə ən müasir tələblərə cavab verən "Kütləvi
informasiya vasitələri haqqında" Qanunun qəbul edilməsi
Azərbaycanda müasir, güclü, plüralist medianın formalaşdırılması
istiqamətində mühüm addımlar olub.
Prezident Administrasiyasının rəsmisi deyib: "Bu gün
Azərbaycanda Heydər Əliyevin siyasəti və ənənələri bütün sahələrdə
olduğu kimi, media sahəsində də uğurla davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkə mediasına daim diqqət
və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün
lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio
fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib, tənzimləmə
mexanizmləri təkmilləşdirilib, Azərbaycan teleradioları daha da
inkişaf edib, bu sahədə müasir texnologiyaların tətbiqi geniş vüsət
alıb. 2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında"
Qanun qəbul edilib. 2005-ci ildə ikinci dövlət kanalının bazasında
İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və
fəaliyyətə başlayıb. İctimai Televiziyanın maddi-texniki təminatı
və real olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər
görülüb. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar
Cəmiyyəti yaradılıb, onun tərkibində "İdman Azərbaycan" və
"Mədəniyyət" kimi yeni tematik kanallar açılıb. Son illər
respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına
diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik
dövlətlərin sırasına qoşulub. Bununla da Azərbaycan teleradio
yayımçılarının imkanları əhəmiyyətli dərəcədə genişləndirilib.
Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15
internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional
radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın
tətbiqinə başlanılıb.
Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı və milli
maraqların təəssübkeşi olan KİV-lərin formalaşmasının və
inkişafının dövlətin media siyasətinin fəlsəfəsini təşkil etdiyini
diqqətə çatdıran Əli Həsənov deyib: "Xüsusi qeyd etməliyəm ki,
Prezident İlham Əliyev son illərdə mediaya dövlət qayğısını
sistemləşdirib və şəffaflaşdırıb. Bunun bariz nümunəsi kimi,
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 iyul tarixli
Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq
edilməsini və 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar. İndiyədək KİV
layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 30
milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycan Prezidentinin
2011-ci və 2013-cü illərdə respublikada milli televiziya
filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında
imzaladığı sərəncamlarla üst-üstə 11 milyon manat vəsaitin
ayrılması həm də televiziyaların inkişafına əlavə imkanlar
yaradıb".
Mətbuat işçilərinə də dövlət qayğısından danışan Əli Həsənov
deyib ki, Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il
22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşayış binası
tikilib, mənzillər 156 KİV əməkdaşına, o cümlədən televiziya və
radio işçilərinə paylanılıb. 2013-cü ildə Prezidentin "Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair
əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq jurnalistlər
üçün 256 mənzilli yeni bina inşa olunur. Hər il mətbuat işçilərinin
bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən
teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden
və medallarla təltif edilirlər. Əminəm ki, milli radionun 90 və
televiziyanın 60 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio
işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq
görüləcəklər.
Teleradio işçilərini əlamətdar yubiley münasibətilə bir daha
təbrik edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov çıxışını aşağıdakı fikirlərlə tamamlayıb: "Müasir dövrdə
informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir. İnternet
getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını
daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası
hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla
yararlanaraq, ölkə əhalisinin 85 faizinin informasiya ehtiyacını
ödəyə bilir. Odur ki, vətəndaşlarımız hələ uzun illər teleradio
məhsullarını həvəslə istehlak edəcək, onun bəxş etdiyi sevincli
anlardan zövq alacaqdır".
Daha sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına
simfonik orkestrinin ifasında "Koroğlu" operasından uvertüra
səsləndirilib.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov
ötən illər ərzində teleradio sahəsində görülən işlərdən bəhs edib.
Azərbaycan tarixinin öyrənilməsi, adət-ənənələrimizin qorunub
saxlanılmasında milli televiziyanın və radionun oynadığı müstəsna
rolu qeyd edib. O, ulu öndər Heydər Əliyevin bu sahənin inkişafı
istiqamətində gördüyü əvəzsiz xidmətlərdən, Prezident İlham
Əliyevin televiziya və radio sahəsinə göstərdiyi qayğıdan, bu
sahədə aparılan modernləşmədən söhbət açıb.
Sonra Azərbaycan radiosunun fəaliyyətindən bəhs edən videoçarx
nümayiş etdirilib.
Daha sonra ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının
nümayəndələrinin təbrikləri çatdırılıb.
Yubiley tədbirində Azərbaycanın korifey sənətkarlarının
ifalarından, həmçinin məşhur tamaşalardan parçalar nümayiş
etdirilib, ölkəmizin tanınmış musiqiçilərinın ifaları
dinlənilib