Prezident İlham Əliyev Fövqəladə hallarla mübarizə
sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında
fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kiçikhəcmli
gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində
xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət
Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
(bundan sonra – Xidmət) yaradılsın.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu
Fərmanın 1-ci hissəsini nəzərə almaqla, Nazirliyin fəaliyyətinin
optimallaşdırılması barədə təkliflərini və Xidmətin əsasnaməsinin
layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
3. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say
həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4,
maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508;
2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85;
2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə
469, № 10, maddə 1181, № 12, maddə 1575) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin
strukturu"nun "Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyinin strukturuna daxil olan qurumlar" hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. doqquzuncu bənd ləğv edilsin;
3.2. onuncu bənd aşağıdakı redaksiyada verilsin:
"Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidməti".
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bu Fərmanın 4-cü və 5-ci hissələrinin icrası ilə bağlı qəbul
ediləcək hüquqi aktlar Xidmətin Əsasnaməsi qüvvəyə mindiyi gündən
tez qüvvəyə minməsin.