Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya
Azərbaycanlıları Konqresinin (DAK) rəhbəri, millət vəkili Sabir
Rüstəmxanlı müsahibəsində Türkiyədə "Ərgənəkon" əməliyyatı zamanı
həbs olunanların azadlığa buraxılması, onların Türkiyə siyasətinə
bundan sonrakı təsiri, eləcə də DAK-ın İdarə Heyətinin üzvü Vəli
Küçük Paşa haqqında bir sıra qaranlıq məqamlara aydınlıq
gətirib.
"Onların azadlığı kamalçıların mövqeyini
möhkəmləndirəcək"
- Ərgənəkon əməliyyatında həbs olunanlar 5 ildən sonra
azadlığa çıxdı. Onların bundan sonra Türkiyə siyasətinə təsirlərini
necə görürsünüz?
- Onlara qarşı cinayət işi başlayanda da, məhkəmə prosesi
gedəndə də bunun uydurma iş olduğu məlum idi. Bu şəxslər Türkiyədə
kifayət qədər nüfuza, siyasi həyata təsir etmək imkanına malik
olduqlarına, millətçi təfəkkürə sahib olduqlarına görə həbs
olundular. Türkiyəni indiyə qədər davam edən Atatürk yolundan
uzaqlaşdırmaq, bəzi kənar qüvvələrin diktəsi ilə Konstitusiya
islahatları adı altında aparılan prosesləri sürətləndirmək və
asanlaşdırmaq üçün bu tipli adamların aradan götürülməsi, müvəqqəti
olaraq meydandan çıxarılması lazım idi. Bu göz qabağında olan
məsələ idi. Orda həbs olunanların arasında Türk Provaslav
Kilsəsinin təmsilçisi Sevgi Əronal var idi. O, İstanbulda Yunan
Pravoslav Kilsəsinin apardığı siyasətin anti-türk mahiyyətini
görürdü və bunları aşkar sürətdə dilə gətirirdi.
Türkiyədə həm ordu, həm də siyasətin içində ölkənin müstəqilliyini
düşünən, kənar diktələri qəbul etməyən adamlar var. Onlar
demorkatik tərbiyə görmüş, qanunlar çərçivəsində fikirlərini azad
ifadə edən insanlardır. Amma buna bir "Ərgənəkon" adı verməklə bunu
guya vaxtilə Türkiyədə baş vermiş hərbi çevrilişlər silsiləsinə
bağladılar. Onların gücünü zəiflətmək və Türkiyədə meydanı boş
qoyub, istədikləri layihələri həyata keçirmək məqsədilə bu həbslər
aparılmışdı.
Məncə, bu insanların azadlığa çıxması Türkiyədəki millətçi
kəsimin, Türkiyənin müstəqil siyasət yürütməsinin tərəfdarı olan,
Atatürk yolunda olmasını istəyən insanların mövqeyini
möhkəmləndirəcək.
Vəli Küçük Paşa DAK İH üzvüdür"
- Ola bilərmi ki, bu şəxslər hansısa siyasi partiya
qursunlar?
- Türkiyədə bu gün kifayət qədər siyasi partiya var. Onların
toplaşıb ayrıca siyasi partiya yaratmaları mənə inandırıcı
görünmür. Çünki həbs olunanlar arasında olan Doğu bəyin İşçi
Partiyası var və kifayət qədər çevrəsi, gücü olan, Türkiyə
siyasətinə təsiri olan partiyadır. O biri hərbçilərin siyasətə
qoşulacağını düşünmürəm. Amma ola bilsin ki, onlar müxalifət
düşərgəsində olan ayrı-ayrı partiyalara dəstək versinlər.
- Vəli Küçük Paşa da həbsdən azad olundu. Əslən
azərbaycanlı olan bu generala Azərbaycanda kifayət qədər maraq var.
O həm də DAK-ın İdarə Heyətinin üzvü idi. Onun DAK-da təmsil
olunması necə oldu?
- Azərbaycan cəmiyyəti Vəli Küçük Paşanı kifayət qədər tanıyır.
Onun haqqında bu yaxınlarda ayrıca kitab da çap olunub. Bakıda da
var, maraqlananlar oxuya bilərlər. Vəli Küçük Paşa doğrudan da çox
cəsur, Türkiyəyə bağlı, öz ölkəsini sevən, Türkiyənin torpaq
bütövlüyünə, demokratik inkişafına çalışan adamdır. O, terrorçu
qruplaşmalarla, separatçılarla mübarizə aparmış insandır.
Azərbaycanı, həm də Cənubi Azərbaycanı yaxından tanıyır, bölgələdə
nələrin baş verdiyini yaxşı bilir. Hər şeydən əvvəl, o, ömrü boyu
Azərbaycan sevgisi ilə yaşamış adamdır. Türkiyədə mənim bağlı
olduğum mərhum professor Turan Yazqanın rəhbərlik etdiyi Türk
Dünyası Araşdırmaları Vəqfinə bağlı idi.
Ora gəlib gedirdi, biz tez-tez orda görüşürdük. Bundan əlavə
DAK-ın qurultaylarında iştirak edirdi. Vəli Küçük Paşa DAK-ın İdarə
Heyətinin üzvü seçilmişdi. İdarə Heyətində kifayət qədər fəal olan
insanlardan idi. Faktiki olaraq da İdarə Heyətinin üzvüdür. Təkcə
DAK yox, DAK çevrəsində də Azərbaycanın taleyi ilə bağlı bir sıra
adamlara həmişə dəstək verirdi. Misal üçün, Doktor Mahmud
Çöhrəqanlı Bakıya gəldi, burdan Türkiyəyə getdi. Mən rica etdim ki,
orda onu yüksək səviyyədə qarşılasınlar. Vəli Küçük Paşa onu
qarşıladı, görüşlərdə dəstək verdi, himayədarlıq etdi.
O həbs olunanda biz Ukrayna qurultayında buna etiraz olaraq
bəyanat verdik. Dəfələrlə mətbuatda da yazmışam ki, o, Türkiyənin
ziyanına olan addım atmaz. O qanunlardan kənarda heç bir şey etməz.
Özü dediyi kimi, nə iş görübsə, dövlətin xeyrinə və Türkiyə
iqtidarının istəyi ilə həyata keçirib. Sevinirəm ki, haqq bu gün
yerini tapdı. Vəli Küçük Paşanın özü də həbsdən çıxanda gözəl bir
söz dedi. Dedi ki, "mən 5 ildir ölkəmin xidmətində olan hərbçi kimi
növbədə idim, növbəm qurtardı. Azadlıqda da boynuma hansı vəzifə
düşəcək, onu yerinə yetirəcəm". Yəni bu dərəcədə hər şeyə yuxarıdan
baxan, ancaq dövlətinin və millətinin mənafeləri görən bir
adamdır.
Amerika onu Cənubi Azərbaycan layihəsində istifadə etmək
istəyirmiş
- Həbs olunarkən açıqlamışdı ki, Amerika onu Cənubi
Qafqazla bağlı planda istifadə etmək istəyib, o buna razı olmadığı
üçün başına bunlar gəlir.
- Bu həbslərdə kənar sifarişlərin, kənar əllərin olduğunu biz
bilirik. Amma detalları mənə məlum deyil. Konkret Vəli Küçük
Paşanın həbsinin pərdəarxası mən aydın deyil. Bunun Güney
layihələri ilə nə qədər bağlı olması haqqında da bir söz deyə
bilmərəm. Amma onu bilirəm ki, rəsmi sənəd olmasa da, "Böyük Yaxın
Şərq" deyilən bir layihə var. Bu layihəyə daxil olan xəritədə
Cənubi Azərbaycanın Qərb hissəsi gələcəkdə yaradılacaq Kürdüstana
birləşdirilib. Bu layihə Amerikada hazırlanıb. Mən ABŞ-da olarkən
Konqresdə etirazımı bildirmişdim ki, bu nə layihədir, harda
hazırlanıb. Onlar da deyirlər ki, bu rəsmi bir şey deyil, buna o
qədər də ciddi əhəmiyyət vermək olmaz. Amma məlumdur ki, bu, bir
beyin testidir, psixoloji hazırlıqdır. Dünyaya yayırlar ki, ABŞ-ın
niyyəti elə budur, Amerika deyirsə, buna etiraz etmək olmaz.
Halbuki heç bir dövlət başqa bir xalqın torpağını əlindən alıb
başqa bir xalqa verə bilməz, buna böyük dövlətlərin haqqı çatmır.
Dünyada hər şey zorla həll olunmur, müəyyən qanunlar da var. O
qanunların da nüfuzu azalmır, getdikcə artır.
"Böyük Yaxın Şərq " ilə bağlı Türkiyənin indiki hakimiyyəti
dönə-dönə deyib ki, biz bu layihədə rəhbərlərdən biriyik, yəni
Türkiyə burda həmsədr olaraq çıxış edir. Əslində bu proyektin
Azərbaycana və Türkiyəyə zərərli tərəfləri göz qabağındadır. Orda
Türkiyənin də torpaqlarına iddialar var, Güney Azərbaycanın da.
Belə olan halda buna həmsədrlik etmək və bunu qürurla demək bir
dövlət başçısının səlahiyyətinə daxil olan məsələ deyil.
Ola bilsin ki, bütün bunların hamısı "Ərgənəkon" məsələsinin
ortaya çıxmasına səbəb olan amillər sırasındadır. Amma bunlar
ehtimallardır. Motivlər aydınlaşmayana qədər tam inamla bir söz
deyə bilmərəm. Şübhəsiz ki, bunun arxasında dayanan məsələləri
bilən adamlar var. Məhkəmə prosesində "Ərgənəkon" məsələsinin
incələnməsində yaxından iştirak edənlər də var, onlar bu barədə
kitablar yazıblar. Mən sadəcə öz ehtimallarımı deyirəm.
Vəli Küçük Paşa Qladionun rəhbəri idi?
- Belə iddialar var ki, Vəli Küçük Paşa Türkiyə Qladiosunun
gizli rəhbəri olub və Azərbaycanda Xocalı, 20 Yanvar hadisələrinin
törədilməsində rolu olub.
- Bu gülünc və tamamilə cəfəngiyat söhbətlərdir. Vəli Küçük Paşa
Azərbaycan xalqının ziyanına heç bir addım atmaz, bir nəfərin də
burnunun qanamasına razı olmaz, yaxından, uzaqdan olan maraqlara
xidmət edəcək addımlar atmaz. O, istefada olan jandarma komandanı
idi. Çox şeyi bilirdi, amma bu cür layihələrə heç vaxt
qoşulmazdı.
- Vəli Küçük Paşa yenə də DAK-da fəaliyyət
göstərəcək?
- Təbii ki, o, qurultaya dəvət olunacaq. Ən yaxın vaxtlarda mən
ola bilsin ki, onunla görüşüb bir sıra məsələləri müzakirə
edəcəyik. ("Publika.az")