Noyabrın 10-da "YARAT" Müasir İncəsənət Mərkəzində
tanınmış azərbaycanlı rəssam Faiq Əhmədin "Nə var, odur" və məşhur
kolumbiyalı rəssam Oskar Murillonun "DIS PLACE" adlı fərdi
sərgilərinin açılışı olub.
Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva və Arzu Əliyeva sərgilərin açılışında iştirak
ediblər.
"YARAT" Müasir İncəsənət Mərkəzinin rəhbəri Aida Mahmudova hər
iki sərginin əhəmiyyətindən danışıb və rəssamları təbrik edib.
Daha sonra "YARAT" Müasir İncəsənət Mərkəzinin əlaqələndiricisi
Suad Qarayeva-Maliki sərgidə nümayiş olunan əsərlərin
məziyyətlərindən danışıb, mövzuların aktual olduğunu diqqətə
çatdırıb.
Əvvəlcə qonaqlar Faiq Əhmədin sərgisi ilə tanış olublar.
Sərgidə ənənəvi Azərbaycan cəmiyyətində gender münasibətlərini
və sosial strukturları təsvir edən 6 yeni monumental sənət əsəri
nümayiş etdirilir. Sərginin adı təmkinlik hissini, keçmişdə uzun
illər hər şeyin "necə var, elə" qəbul edilməsinə yanaşmanı
vurğulayan qədim Azərbaycan kəlamından götürülüb.
Rəssamın ayrı-ayrı regionlara səfərləri zamanı apardığı
müşahidələr nəticəsində yaranan bu əsərlərdə ənənəvi Azərbaycan
cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərinin
ab-havası duyulur. Onun əsərləri unudulan mədəniyyət normalarının
dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Həmin əsərlərdə
Şərq ilə Qərbin qovuşuğunda mövcud olmuş adət-ənənələr "Şərq
təcrübələri" kimi təsvir olunur.
Rəssam F.Əhməd, həmçinin Azərbaycanın ənənəvi xalçaçılıq
sənətindən qaynaqlanan və köklü transformasiyalarla əlamətdar olan
toxuma əsərlərinin müəllifi kimi tanınır. O, Azərbaycanın
bölgələrində yaşayan insanların sosial mühiti ilə bağlı yeni
silsilə əsərlər yaratmağa başlayıb. Rəssam 2007-ci ildə Azərbaycanı
Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib və 2013-cü
ildə "Love Me, Love Me Not" (Sevir, sevmir) sərgisində iştirak
edib. Həmin il Londonun tanınmış Viktoriya və Albert Muzeyinin
"Jameel Prize 3" mükafatına layiq görülən fırça ustasının əsərləri
dünyanın bir çox şəhərlərində, o cümlədən Nyu-York, Paris, London,
Berlin, Dubay və Moskvada keçirilən bir sıra qrup və fərdi
sərgilərdə nümayiş olunub.
İkinci sərgidə isə kolumbiyalı rəssam Oskar Murillonun parça,
rəsm, heykəl və video əsərləri nümayiş etdirilir. Bu əsərlərin
əksəriyyəti rəssamın Azərbaycanda ayrı-ayrı şəxslər və icmalar ilə
təsadüfi görüşləri nəticəsində yaranıb. Rəssamın Azərbaycanın qədim
şəhərlərindən, tarixi İpək Yolunun üzərində ən vacib məntəqələrdən
biri olan Şəkidə ipək kombinatının peşəkar işçiləri ilə
ünsiyyətindən yaranan əsərləri sərgiyə gələnlərin böyük marağına
səbəb olur.
Oskar Murillo regionda hələ də istifadə olunan və Şəki
xanlarının sarayını daha da cazibədar edən naxışlı şüşə şəbəkə
texnikası üzərində genişmiqyaslı əsərlər silsiləsini yaratmaq üçün
yerli peşəkar sənətkarlar ilə də yaxından əməkdaşlıq edib. Rəssam
zərif şüşə materialını kombinatın həyətindən tapdığı metal
tullantılarının qırıntıları ilə əvəz etməklə orijinal estetika ilə
"oynayır" və poetik Şərq dizaynına "siyasi ölçülər" də əlavə
edir.
Rəssam öz xalqının və digər xalqların mədəni irsinə müraciət
etməklə müntəzəm olaraq cəmiyyət və miqrasiya problemlərini
araşdırır. Şəki ipək kombinatının işçiləri və şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşlərdən aldığı təəssüratlar rəssama maraqlı
əsərlərindən birində kombinatın istehsal məkanı kimi təsvir
olunmasına imkan yaradıb.
Hər iki sərgi iştirakçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Sərgilər 2017-ci il yanvarın 29-dək davam edəcək.