Bakı Limanının Avropa Parlamentində təqdimatı
keçirilib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat
xidmətindən Axar.az-a bildirilib ki, Belçika Krallığında səfərdə
olub QSC-nin (Bakı Limanı) baş direktoru Taleh Ziyadov Avropa
Komissiyasının Nəqliyyat və Hərəkətlilik üzrə Baş direktoratlığının
rəhbəri Henrik Hololei ilə danışıqlar aparıb. Görüş zamanı Bakı
Limanının fəaliyyəti barədə ətraflı məlumat verilib və gələcək
əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Həmçinin Avropa Parlamentində "Avropaya Yeni Giriş – Bakı
Limanı" adlı təqdimat mərasimi keçirilib. Tədbir Avropa
Parlamentinin üzvləri olan deputatlar İvo Vayql (Sloveniya) və
xanım Gesine Maysnerin (Almaniya) birgə təşkilatçılığı ilə təşkil
olunub. Tədbirdə müxtəlif Aİ təsisatlarını təmsil edən 100-dən çox
rəsmi nümayəndələr və Avropa Parlamentinin bir sıra deputatları,
Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərin
əməkdaşları, eləcə də Belçikada fəaliyyət göstərən beyin
mərkəzləri, akademik dairələr və KİV nümayəndələri də iştirak
ediblər.
Təqdimat mərasimi Azərbaycanın tarixi və mədəni irsini əks
etdirən videoçarxla başlayıb.
Daha sonra İ.Vayql açılış nitqi ilə çıxış edib və Azərbaycanın
ötən müddət ərzində müstəqil inkişafına toxunub, Azərbaycanda
nəqliyyat infrastrukturunun yaradılması istiqamətində həyata
keçirilən islahatlardan və bu xüsusda, regionun strateji nəqliyyat
qovşağına çevrilməsi prosesinin sürətlənməsindən bəhs edib. İ.Vayql
Azərbaycanın Aİ-nin etibarlı enerji tərəfdaşı olması ilə yanaşı
strateji nəqliyyat tərəfdaşı kimi də dəyərləndirilə biləcəyini
bildirib.
Daha sonra çıxış edən Avropa Parlamentinin deputatı Gesine
Maysner Azərbaycanda tranzit imkanlarının geniş olması ilə bağlı
məqamı qeyd edib və Azərbaycanın regional nəqliyyat və logistika
mərkəzi kimi əhəmiyyətini vurğulayıb. G.Maysner həmçinin bu tədbirə
ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib.
Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət limanının hazırki
fəaliyyəti və gələcək perspektivləri, onun inkişaf konsepsiyası,
infrastrukturu, o cümlədən liman ətrafında yaradılan Azad Ticarət
Zonası (ATZ) layihəsinin strateji-iqtisadi əhəmiyyətinə dair geniş
məlumat verib. Bakı Limanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri
üzərində mühüm nəqliyyat-logistika qovşağı (hub) olacağına, Avropa
və Asiyanı birləşdirən, geniş beynəlxalq logistika şəbəkəsinin bir
hissəsinə çevriləcəyinə və bununla tarixi İpək yolunun yenidən
canlanmasına öz xüsusi töhfəsini verəcəyinə dair fikirlərini
bölüşüb.
Baş direktor cari il sentyabrın 7-də tanınmış "DP World" şirkəti
ilə məsləhətçi qismində müqavilənin imzalandığını və Ələtdə
yerləşən yeni Bakı Limanı və ətrafında ATZ qurulduğunu qeyd edib. O
vurğulayıb ki, ATZ-də nəqliyyat və logistika infrastrukturunun
qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması,
müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması
və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. Bununla da
ATZ-də minlərlə yeni iş yeri açılmış olacaq bu da öz növbəsində
ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait
yaradılacaq.
Daha sonra, 2018-ci ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi
Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of
Ports and Harbors – IAPH) illik konfransına dair məlumat verilib və
tədbirdə iştirak edən nümayəndələr konfransa dəvət edilib.
Təqdimat mərasiminin sonunda yekun nitqi ilə çıxış edən İvo
Vayql tədbir iştirakçılarına və Taleh Ziyadova öz təşəkkürünü
bildirib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində ərazi bütövlüyünə tam dəstəyini ifadə edən Aİ-nin
mövqeyini tədbir zamanı bir daha səsləndirilib.
Əlavə olaraq, Taleh Ziyadovun Bakı Limanına dair verdiyi geniş
və dolğun müsahibəsi Aİ-nın nüfuzlu media orqanı hesab edilən
"Euroactiv" xəbər portalında yerləşdirilib. https://www.euractiv.com/section/europe-s-east/interview/ziyadov-baku-will-become-a-dubai-like-hub-in-eurasia