Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli
dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi
nümayəndə heyəti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq
Mərkəzin (MSİBM) ilk miqrasiya konfransında iştirak etmək məqsədilə
Vyana şəhərində səfərdədir.
DMX-dən Axar.az-a bildiriblər ki, F.Nəbiyev səfər çərçivəsində
bu təşkilatın rəhbərliyi, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı
baş direktorunun müavini Laura Tompson və regional proqram rəhbəri
ilə görüşlər keçirib.
MSİBM-də keçirilmiş görüşdə Xidmət rəisi ilk növbədə bu
təşkilatın Azərbaycan Respublikası hökuməti ilə birgə layihəsi olan
MOBİLAZE-nin uğurla həyata keçirildiyini və yaxın gələcəkdə
MSİBM-nin Bakı ofisinin açılmasına ümidvar olduğunu deyib.
Ölkəmizdə miqrasiya siyasətinin səmərəli nəticələrindən, əldə
olunmuş nailiyyətlərdən, miqrasiya qanunvericiliyinin
təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söhbət açan F.Nəbiyev
beynəlxalq müstəvidə baş verən miqrasiya böhranı mövzusuna toxunub.
O, bütün resursların bu problemə gətirib çıxaran başlıca səbəblərin
aradan qaldırılması və qarşısının alınmasına yönəldilməsinin
vacibliyini vurğulayıb. Bu il sentyabrın 19-da BMT Baş
Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçirilmiş "Qaçqın və
miqrantların böyük axınının aradan qaldırılması" mövzusunda yüksək
səviyyəli görüşündə qəbul edilmiş Bəyannamənin əhəmiyyətini qeyd
edib.
Xidmət rəisi Azərbaycanın ən ümdə problemi - Ermənistanın
təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə
danışaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin
hələ də icra edilməməsini təəssüf hissi ilə qeyd edib və beynəlxalq
ictimaiyyətin regionda sabitliyə ciddi təhlükə olan bu münaqişənin
sülh yolu ilə həlli üçün səylərini artırmasının vacibliyini
vurğulayıb. Əlavə edib ki, 9,7 milyon əhalisi olan Azərbaycan
adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük
köçürülmə yükünə sahib ölkələrdən biridir. Öz doğma yerlərini tərk
etməli olmuş insanların bütün problemlərini Azərbaycan hökuməti öz
üzərinə götürüb və bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi,
sosial təminatı ilə əlaqədar tədbirləri mərhələli qaydada və ən
başlıcası, daha ağır şəraitdə yaşayan ailələrin sosial,
mənzil-məişət prоblеmlərinin həllinin ardıcıllığı prinsipi əsasında
həyata keçirir. Belə ki, ötən dövr ərzində Azərbaycan hökuməti
tərəfindən məcburi köçkünlər üçün yüzə yaxın müasir qəsəbə salınıb,
minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti
yaxşılaşdırılıb.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini
Laura Tompson və regional proqram rəhbəri ilə Dövlət Miqrasiya
Xidmətinin rəisi Firudin Nəbiyev arasında keçirilmiş görüşdə Dövlət
Miqrasiya Xidməti ilə BMqT arasında qurulmuş yüksək səviyyəli
əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub. Qarşı tərəf
Azərbaycanın miqrasiya baxımından mənşə ölkədən təyinat ölkəsinə
çevrilməsinə diqqət çəkib. Buna əsas səbəb kimi Azərbaycanda
multikultural dəyərlərə verilən önəm, dini dözümlülük, tolerantlıq,
sabitlik və qonaqpərvərlik atmosferinin olduğu göstərilib.
Görüşdə, həmçinin könüllü qayıdışa yardım çərçivəsində
"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq
Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü
Qayıdışına Yardım üzrə Pilot Layihənin həyata keçirilməsinə dair
əməkdaşlıq müqaviləsi"nin yaxın zamanlarda imzalanması üçün
səylərin artırılması ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.
Hər iki görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı
ətraflı fikir mübadiləsi aparılıb.