"Amerika Rusiyanı sülh yolu ilə təcrid edib zəiflətmək
istəyir".
Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə
deyib.
ABŞ Rusiyaya qarşı yeni planlar hazırlayır
O, Qərbin artıq Rusiyaya qarşı birləşdiyini deyib: "Amerika
Rusiyanı təcavüzkar siyasətdən çəkindirmək niyyətindədir. Buna
artıq Amerika və Avropa ölkələri də imza atıb. Sözsüz ki,
məmurların əleyhinə olan sanksiyalar Putinin iradəsini dəyişə
bilməz və buna görə də daha geniş tədbirlər lazımdır. Birinci
növbədə Rusiyanın iqtisadiyyatının inkşafına imkan verməmək Qərbin
qarşısında duran əsas məqsəddir. Bunu da etmək üçün Rusiyanın
neftindən və qazından imtina etmək lazımdır. Bir dəqiqənin içində
neft və qazdan imtina etmək ABŞ üçün sərfəli deyil".
Rusiya qazından tam imtina ediləcək
Politoloq Qərbin heç bir zaman öz ziyanına addım atmayacağını
qeyd edib:
"Qərb heç bir zaman öz ziyanına addım atmayacaq. "Cənub Axını"
layihəsi artıq sıradan çıxıb. Rusiyanın niyyəti bu idi ki,
Ukraynanın ərazisindən kənar bir yer vasitəsiylə qaz ötürsün.
Bundan başqa isə artıq Ukraynaya Slovakiyanın qaz verməsi məsələsi
gündəmə gəlib. Siz təsəvvür edin ki, Rusiya Ukraynanın bütün qaz
ötürmək üçün istifadə olunacaq koridorlarından imtina edib. Amerika
isə Avropaya qaz verə biləcəyini bildirir. Amerikanın buna imkanı
da çatır. Amma bunların hamısı bir günlük məsələ deyil. Bu, bir
müddət vaxt tələb edəcək".
Rusiyaya qarşı genişmiqyaslı hücum
planlaşdırılıb
V.Quluzadə Rusiyanı çökdürməkdən ötrü Amerikanın genişmiqyaslı
hücum planlaşdırdığını söyləyib. "Krımın işğalı artıq Qərbi oyatdı.
ABŞ Rusiyanı regional dövlət kimi görürdü. Amma bu işğal Qərbə
sübut etdi ki, Rusiya nə qədər təhlükəlidir. Bu əməliyyatlar davam
edəcək. Obama Səudiyyə Ərəbistanına səfəri zamanı onlara neftin
qiymətini aşağı salıb, istehsalını artırmağı təklif edəcək. Bir
tərəfdən isə İran var. İranın üzərindən embarqolar artıq götürülüb.
Nəticədə İran da dünya bazarın neft çıxaracaq. Bu, artıq geniş
miqyaslı hücum planıdır. Bu hücum bir dövləti çökdürməyə
yönəlib".
Azərbaycan hələlik hədəfdə deyil
V.Quluzadə Rusiyanın Krım kimi Azərbaycanı da işğal etmək
planının hələlik olmadığını bildirib. Politoloq Rusiyanın bu addımı
atmaqdan çox qorxduğunu vurğulayıb. "Siz görürsünüz ki, Rusiya necə
səriştəli addım atıb Qarabağı işğal edib. Rus strateqləri yaxşı
bilirdilər ki, Azərbaycan neft-qaz ölkəsidir. Bundan isə Rusiya
əleyhinə istifadə ediləcək. Ona görə də bizim torpaqlarımız işğal
altındadır və hər dəfə sülh imkanı ortaya çıxanda Rusiya onu vurur.
Rusiya istəmir sülh olsun. Rusiya indi Amerikanı hədələyir. Çünki
Krımı işğal etmək Rusiya üçün daha asandır, nəinki Azərbaycanı.
Azərbaycanın işğalı birbaşa Amerikaya müharibə elan etmək deməkdir.
Azərbaycanda Amerikanın bütün neft şirkətləri çalışır. Ona görə
Rusiya bunu hələ edə bilmir. Azərbaycan burada heç nə edəsi deyil.
Azərbaycan sadəcə bacardığı qədər özünü qorumalıdır".