Nurçuluğun son vaxtlar ölkə
gündəmindən düşmədiyini nəzərə alıb, dinşünas alim Nəriman
Qasımoğlunun 2001 -ci il 24 iyun tarixli "Məkan" qəzetində dərc
olunmuş müsahibəsini təqdim edirik.
- Ümumiyyətlə, hansısa təriqətə qarşı çıxış edərkən Quran
məntiqinə söykənib geniş imkanlar qazanırıq ki, həmin təriqətə
qarşı müəyyən tənqidi fikirlər söyləyək. O cümlədən, nurçuluq
təriqətinə. Ancaq mən həmişə təəssüflənirəm ki, dinimiz öz
mahiyyətinə uyğun təbliğ edilmir. Bu səbəbdən bəzi insanlar öz dini
tələbatlarını digər təriqətlərdə ödəməyə məcbur olurlar.
- Nurçuluğun mahiyyəti nədən ibarətdir?
- Nurçuluq cərəyanı Səid Nursinin əsərlərinin nəzəri müddəaları
əsasında formalaşmış cərəyan olaraq heç də Quran məntiqinin irəli
sürdüyü tələblərlə uyuşmur. Quran məntiqində ibadət məsələləri
kifayət qədər qəlibsizdirsə, nurçuluqda qəlibə salınıb. İnsanların
fikir azadlığına Quran geniş meydan verdiyi halda, nurçuluq bundan
xalidir. Bu təriqət insanların qapalı mühitdə din tələbatını
ödəməyə üstünlük verir. Cəmiyyətə açıq deyillər. Ümumən cəmiyyətdən
təcridolunma təriqətlərə xas xüsusiyyətdir. Onlar fəaliyyətlərində
cəmiyyətdən təcrid olunmanı həmişə prioritet götürürlər. Digər
tərəfdən, nurçuluqda insanın hərbi intizam məsələsinə önəm verilir
ki, bu da insanı zombiləşdirir. Burda sırf din baxımından əlavə
şübhəsiz ki, müəyyən dairələrində marağı olmamış deyil. Onlar bu
cərəyanın Azərbaycanda yayılmasında maraqlıdır. Xüsusən də din
cərəyanlarının hər birində tarixi-siyasi dövrün məhsulu olaraq,
siyasi çalar olmamış deyil. Fikrimcə, Azərbaycanda belə
təriqətlərin geniş qol-qanad açmasına cəmiyyətin daxili müqaviməti
olmalıdır. Təəssüf ki, din maarifçiliyi olmayan yerdə belə
təriqətlərin meydana çıxmasına geniş imkanlar açılır.
- Nurçuluqdakı qapalılıq özündə nələri ehtiva
edir?
- Əgər bu cərəyanın içində olan insanları dini müzakirələrə
dəvət etsək, onların rəhbərləri gəlməyəcəklər. Onlar mütləq
yayınacaqlar. Əgər gəlsələr də, bazarlarını həmişə qəflətdə
saxlamağı üstün tuturlar.
- Səbəb nədir?
- Bu təriqətlərin hamısına xas xüsusiyyətdir. Onlar müəyyən
kütləni öz təsiri altına alıb və bu kütləni daim nəzarətdə saxlamaq
üçün qapalılığa üstünlük verirlər.
- Təriqətlərdə siyasi çalar olduğunu söylədiniz. Bəlkə
geniş izahat verəsiniz. Ümumiyyətlə, təriqət daşıyıcılarını azad
etmək mümkündürmü?
- Bütün təriqətlərdə, o cümlədən nurçuluqda siyasi çalar var.
Onun da müəyyən istiqamətləri mövcuddur. Sadəcə, müəyyənləşdirmək
lazımdır ki, bu siyasi çalar bizi hara aparır. İstənilən təriqətə
tənqidi münasibət bildirmək olar. Məhz, "Qurani-Kərim"ə istinad
edib insanları işıqlı gələcəyə aparmaq, imanlarını kamilləşdirmək
mümkündür. Hər hansı təriqət mənsublarının imanını kamilləşdirmək,
həmin insanları təriqətlərin mənfi təsirindən qurtarmaq
mümkündür.
- Ayrı-ayrı təriqət daşıyıcıları, o cümlədən nurçular
özlərinin hansısa təriqətin daşıyıcısı olmasını
danırlar...
- Maraqlı sualdır. Əgər doğru yoldasansa, daşıdığın dəyərlərin
haqq olduğu qənaətindəsənsə, sən onu açıqca bildirməli, təbliğilə
məşğul olmalısan ki, bütün cəmiyyət qəbul etsin. Əgər bunu
etmirlərsə, hətta adlarını açıqlamaqdan çəkinirlərsə, şübhəsiz, bu,
qaranlıq mətləblərdən xəbər verir.
- Siz bu sahənin mütəxəssisi kimi necə bilirsiniz, onlar
ölkəmizdə istədiklərinə nail ola biliblərmi? Ümumiyyətlə, təcrübədə
təriqətlərin son məqsədə çatdığı ölkələr varmı?
- Şübhəsiz, müəyyən məqsədlərinə çatırlar. Onlar əhalinin
müəyyən hissəsini öz nəzarətində saxlayırlarsa, deməli, müəyyən
ölçüdə məqsədlərinə çatırlar. İslama aid olmayan başqa təriqətlər
də Azərbaycanda yayılır. Bütün təriqətlər müəyyən siyasi
mənafelərin ifadəçisi kimi çıxış edir. Ümumiyyətlə, təriqətçilik
bəlası tarixin islama gətirilmiş məsələsidir. Fürsətdən istifadə
edib "Qurani-Kərim"dən sitat gətirmək istəyirəm. O kəslər ki,
dinlərində bölünüb firqələrə ayrılıblar, onların sənə (peyğəmbər
nəzərdə tutulur) heç bir dəxli yoxdur. Bütün islam adına yaranan
qurumların din təmsilçiliyinə iddia etmələri geniş mənada ilahi
kitaba heç bir aidiyyəti yoxdur. Bu, tarixin meydana gətirdiyi
məsələdir. Din isə tarixdən ucada dayanır.
- Nurçuluğun müxtəlif liseylərdə də təbliğ edildiyi
bildirilir...
- Əgər kiçik yaşlı uşaqları dini istiqamətlərdə
maarifləndirməkdən söhbət gedirsə, bu mütləq Quran ayələrinin
işığında, ruhunda olmalıdır. Hansısa risalə müəllifinin ideyaları
işığında yox. Mən bu cür maarifləndirmənin əleyhinəyəm. Bu
yolverilməzdir.
- Dini mövzularda vaxtaşırı tədbirlər keçirirsiniz,
həmin müzakirələrə təriqət nümayəndələrini dəvət
edirsinizmi?
- Maarifləndirmə istiqamətində müəyyən seminarlar, tədbirlər
keçirmişik. Bu tədbirlər açıq keçirildiyindən biz hamını dəvət
edirik. Ancaq bir qayda olaraq, təriqət sahibləri belə tədbirlərdən
yayınırlar. Ən yaxşı halda, ayrı-ayrı təriqətlərin rəhbərləri gəlib
müzakirə olunan məsələlərə münasibətini bildirirlər. Ancaq bayaq
dediyim kimi, heç vaxt sosial bazalar tədbirlərdə iştirak
etmir.
- Quranda dinini dəyişənlərə münasibət
necədir?
- Quranda başqa din mənsublarına da yumşaq münasibət var.
Quranın əsas savaş açdığı cəbhə bütpərəstlikdir. Ancaq islamda olub
ikiüzlülük edənləri Quran kəskin tənqid atəşinə tutur. Amma mən
hesab edirəm ki, islamda olub dini dəyişənlər heç vaxt islamda
olmayıb ki, bu addımı atıb. Həmin kəslər formal olaraq islamda
olub. Çünki Quran elə bir cazibəyə malikdir ki, o cazibədən
qurtulmaq mümkün deyil.
- Çox da böyük olmayan Azərbaycanda bölüçülük geniş
vüsət alıb. Siyasətçilər, regionçular azmış kimi təriqətlər də bir
yandan. Çıxış yolunu nədə görürsünüz?
- Prezidentin bu barədə xüsusi fərmanı var. Həmin fərmana görə,
əcnəbi vətəndaşların Azərbaycanda dini təbliğat aparmalarına icazə
verilmir. Amma görünür, qanunlar və görülən işlər kifayət etmir.
Odur ki, cəmiyyətin mənəvi qüvvəsini bu işə səfərbər etmək
lazımdır. Bunun üçün dinin cəmiyyətdə yeri müəyyənləşməlidir.
Dindən siyasətdə istifadə edilməsinə qadağalar güclənməlidir.
Yaranan hər yeni qurum dindən məqsədləri naminə istifadə edirsə,
Azərbaycan siyasi səhnəsinə buraxılmamalıdır ("Məkan" qəzeti,
2001-ci il)