Böyükşor gölünün çirkab sulardan tamamilə təmizlənməsi
layihəsi 2018-ci ilə qədər başa çatacaq.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu
barədə "Ekoloks" ekoloji hüquq mərkəzinin eksperti Samir İsayev
məlumat verib. Onun sözlərinə görə, gölün tamamilə yenidən
qurulması üçün Hollandiyadan texnika gətirilməsi planlaşdırılır.
Həmin texnikalar sayəsində nəinki gölün ətrafı, həmçinin dibi də
təmizlənəcək. Təxminən bir metrdən artıq dərinlikdə lil qatı
çıxarılacaq və gölə təmiz su veriləcək.
Böyükşor gölünün tamamilə ekoloji təmiz gölə çevriləcəyini,
bitki və canlılardan ibarət mühit formalaşdırılacağını deyən Samir
İsayev bildirib ki, gölün tamamilə bərpası üçün görüləcək bütün
işlər dövlət vəsaiti hesabına həyata keçiriləcək: "Plana əsasən
gölə bitişik obyektlər ləğv olunacaq. Gölün genişləndirilməsi yox,
kiçildilməsi nəzərdə tutulur. İlk olaraq gölün 1/3 hissəsində
abadlıq işləri aparılacaq. Həmin ərazini göldən yeni magistral yol
ayıracaq. Layihəyə əsasən, Böyükşor gölünü iki yerə böləcək 6
zolaqlı yolun eni 44 metr olacaq. Fikrimcə, gölün üzərindən körpü
salınsaydı, daha münasib olardı. Lakin körpü tikilməsi baha başa
gəlir".
Samir İsayev bildirib ki, Böyükşor gölü də daxil olmaqla, artıq
9 göldə monitorinqlər və tədqiqatlar aparılıb.
Göllərin geoloji və hidroloji məqamları araşdırılıb, göl
suyundan, lilindən analizlər götürülüb: "Ətraf mühiti
sağlamlaşdırmaq üçün istənilən halda böyük vəsait lazımdır. Bunun
başqa yolu yoxdur. Böyükşor gölünün ilk olaraq seçilməsi şəhərin
infrastrukturu ilə bağlıdır. Sıra ilə götürsək, ikinci növbədə
Xocasən gölünün sağlamlaşdırılmasına real imkan var. Daha sonra
Binəqədi gölü əhəmiyyətidir. Bunlara xərc çəkilsə, dövlət bu işdən
qazanar".
Masazır gölünün aqibətinə də toxunan Samir İsayev bildirib ki,
sözügedən göl 9 gölün sırasında deyil: "Amma bu gölün çox dəyərli
bir yeri var. Masazır gölü bir az fərqlidir. Onun qurudulmasından
söhbət gedə bilməz. Çünki sərvətdir, orada olan duz müalicəvi
əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, o gölün ətrafında
sanatoriyalar tikilməli, müalicə və sənaye məqsədi ilə istifadə
olunmalıdır".
Abşeron yarımadasında 9 çirklənmiş gölün dövlət vəsaitləri
hesabına bərpa olunmasına gəlincə Samir İsayev bildirib ki, bu
işlərin bütünlüklə büdcə hesabına gerçəkləşdirilməsi düzgün deyil.
"Bunun üçün sahibkarların imkanlarından istifadə edilməlidir.
Dünyanın heç bir yerində eyni vaxtda 9 gölün qurudulması üçün maddi
imkan olmayıb. Belə bir imkanın Azərbaycanda olması, əlbəttə
sevindiricidir. Amma yaxşı olardı ki, sahibkarların da
imkanlarından istifadə olunsun. Dünya təcrübəsində belə layihələrin
gerçəkləşməsində sahibkarların böyük rolu olub".