Millət vəkili Etibar Hüseynov ANS-in vitse-prezidenti
Mir Şahinin "Hesabat" verilişində onu təhqir etməsinə cavab
verib.
"Axar.az" qafqazinfo-ya istinadla xəbər verir ki, millət
vəkili bu barədə Feysbuk hesabında yazıb:
"Bir qədər əvvəldən başlayacam. Xəstəxanada keçirdiyim ağır
əməliyyatdan sonra evə gəldiyim 2 gün idi. Əslində, həkimlər daha
bir-neçə gün qalmağımda təkid etsələr də, xəstəxana mühitinə
dözümsüzlüyümdən tez çıxdım. Bir gün sonra - şənbə axşamı, səhərisi
günü efirə dəvətli olduğumu xatırlatmaqdan ötrü Rövşanə zəng etdi.
Düzü, əməliyyata girməyim qəfil olduğu üçün Rövşanəni xəbərdar edə
bilməmişdim. Ona görə də üzrxahlıq edib gələ bilməyəcəyimi dedim.
Amma Rövşanə, "Etibar müəllim, ayaqüstə durmayacaqsınız ki, onsuz
da əyləşib danışacaqzınız. Mən də kömək edəcəm. Birtəhər ötüşərik",
- deyə gəlməyimdə təkid etdi. Rövşanə xanımı qırmadım. Digər
tərəfdən də iki saat yarımlıq canlı efirə qonağın gəlməməsinin də
nə olmasını bir televiziyonçu kimi dərk etdiyimdən razılıq
verdim.
***
Küləkli, soyuq havada (həmən günü qəflətən güclü qar da yagdı)
ANS-ə yollanıb çox çətinliklə də olsa verilişdə iştirak etdim. Bu
mənim həm jurnalist, həm də bir millət vəkili olaraq ANS-ə olan
diqqətim, sayğım, hörmətimin bir nümayişi idi. Bəs ANS neylədi?
Əslinə qalanda mənimlə bağlı ortaya atılmış bu çirkin kampaniyanın
kökündə ANS dururdu. Yəni hadisə bu telekanalda baş vermişdi. Ona
görə də məsələyə aydınlıq gətirmək üçün mənə tribuna vermək bu
kanalın tək insani deyil, həm də peşəkar borcu idi. Amma nə baş
verdi? Hadisələrin ən qızğın dönəmində Mir Şahinə telefon açdım,
1-2 dəqiqəlik efir istədim. "Qadan alım, heş nədən xəbərim yoxdu.
İndi "Adam içində"yə baxıram. Sonra zəng edərəm" - dedi. O boyda
Mir Şahinin bu boydana həngamədən guya ki, xəbərsiz olması artıq
məsələyə münasibətdən xəbər verirdi. O zəng etmədi təbii ki! Ona
görə mən də zəng vurmağın əhəmiyyətsizliyini dərk etdiyimdən
telefon açmadım.
***
Bəs sonra nə baş verdi? Mənə 2 dəqiqə cavab haqqı tanımayan ANS
öz şüarına sədaqətsiz çıxıb haqqımda dalbadal birtərəfli, qərəzli süjetlər
yayımladı. Heç birində də qarşı tərəf kimi mənə söz verməyə belə
zərurət görmədən. Və bu da son. Mir Şahin efirə çıxaraq məni təhqir
etdi. Olsun. Amma nə üşün məhz təhqir? Bəyəm sözün əsl mənasında
söz xiridarı olan Mir Şahinin məni utandırmaq üçün bir-neçə cümlə
deməyə fikir qıtlığımı var idi. Əsla. O məni çox asanca, həm də
təhqirsiz filansız da "yıxıb-sürüyə" bilərdi. Buna onun söz və
fikir potensialı çatır təbii ki. Amma neyləməli! Bu gün əli qələm
tutan hər kəs Etibar Hüseynovdan yazır, tənqid, hətta hərdən bir
qədər də uzağa gedib təhqir də eləyir. Çünki bilirlər ki, hələ heç
bir mətbu orqanı və ya jurnalisti məhkəməyə verməmişəm. Və indən
belə də verməyəcəyəm. Mən deputat seçiləndə özümə söz vermişəm ki,
millət vəkili olduğum müddətdə jurnalistləri məhkəməyə
verməyəcəyəm. Və hamı əmin olsun ki, bu sözümə sona qədər sadiq
qalacağam. Amma haqqımda yazan bu xor dəstəsinə Mir Şahinin də
qoşulmasına çox üzüldüm. Ona yaraşdırmadım. Mir Şahin peşəkardır.
Və onun peşəkarlığı bu dəfə də üzə çıxdı. O məni o səviyyədə vurdu
ki, mənim həmin səviyyəyə enib cavab verməyimə nə məxsus olduğum
ranq və nə də status imkan verir. Və bundan başqa, məxsus olduğum
tərbiyə də yol vermir ki, uzun illərdən bəri tanıdığım, hər
görüşəndə mənimlə öpüşüb-görüşən, az qala hər kəlməbaşı "qadan
alım" deyən, bir neçə dəfə şəxsən telefon açıb ayrı-ayrı yazı və
proqramlarıma görə az qala bir saat tərif deyən birisini təhqir
edəm.
***
Nə yazıqlar olsun ki, bu gün jurnalistikada ən asan və cəlbedici
şey təhqir və dezinformasiya yazmaqdı. Və təhqirin də dozası nə
qədər yüksək olursa, o daha tez və həvəslə tirajlanır. Bu faktdır.
Bu baxımdan hamı gözləyirdi ki, yəqin mən də gözümü yumub, ağzımı
açacağam. Amma Mir Şahinə qıymadım. Çünki bilirəm ki, bu gün hirsli
başla deyəcəyim bir neçə kəlməni sonra həyatım boyu özümə
bağışlamayacam. Bu gün hələ də sinəm sarğılıdı. Karsetlə gəzirəm.
Təbii ki, hər bir yara sağalacaq, öz yerini tutacaq da. Amma etiraf
edim ki, Mir Şahinin sinəmə vurduğu "yara" yəqin ki, hələ çox gec
sagalacaq.
***
Mən Mir Şahinin demək olar ki, bütün yazı və proqramlarını
izləmişəm. Hələ heç vaxt onun bir kimsənin üzərinə bu qədər
"cəsarət" və "həqarət"lə getdiyinin şahidi olmamışam. Hətta ANS və
özü Milli Məclisin tribunasından ən ağır şəkildə təhqir olunanda
belə. Bunun səbəbini yuxarıda açıqladım. Və bu gün adım kimi ona da
əminəm ki, əgər millət vəkili deyil, sıravi jurnalist olsaydım, Mir
Şahin heç vaxt bu dərəcədə təhqiramiz ifadələrlə üstümə gəlməyə
cürət etmzədi. Çünki kim də olmasa, Mir Şahin mənim bu sahədəki
fərasətimə yaxşı bələddir. Hərgah da ki, söhbət təhqirdən gedirsə.
Ona görə də bu gün də olmasa, nə vaxtsa mən də kimlərdənsə
"hesabat" soracam yəqin ki! Mənim də saç-saqqalım jurnalistikada
ağarıb. Mən də çox adamlar haqda çox şey bilirəm. Amma Allah
eşqinə, gəlin pardələri qaldırmayaq.