Dünən sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir
Putinin səlahiyyətli nümayəndəsi, "Azerros"un sabiq sədri Söyun
Sadıqovun müxtəlif şəkilləri yayılıb. Yayılan görüntülərdə diqqət
çəkən məqamlardan biri Sadıqovun Rusiya Liberal Demokrat
Partiyasının sədri Vladimir Jirinovskiylə birgə şəkil
çəkdirməsidir.
Son vaxtlar "Azerros"un fəxri prezidenti, Baş nazirin sabiq 1-ci
müavini Abbas Abbasovla Söyün Sadıqovun Jirinovskiyə qarşı başlanan
hücumları, onu hətta məhkəməyə vermələri fonunda bu fotonun özü
maraqlı və çox adamın bilmədiyi bir məqamdan xəbər verir.
Bu barədə "Axar.az"a elə Söyün Sadıqovun
rəhbəri olduğu "Azerros"dakı mənbədən şok məlumat daxil olub.
Mənbənin dediyinə görə, Sadıqovla Jirinovskinin münasibətləri
çox sıcaq olub. Demək olar ki, "Azerros"un təşkil etdiyi elə bir
Novruz bayramı olmayıb ki, Jirinovski stolun başında oturmasın.
Münasibətlərin korlanması isə 2005-ci ilə təsadüf edir.
"Həmin il Moskva Şəhər Dumasına seçkilər keçirilirdi. Soyun
Sadıqovun adı RLDP-nin partiya siyahısında ilk sıralarda olmalıydı.
Bunun üçün Sadıqov Jirinovskiyə 400 min dollar ödəmişdi, Sadıqov bu
barədə harda gəldi danışırdı və deputat seçiləcəyinə inanırdı.
Sadıqov özündən başqa digər bir azərbaycanlı iş adamı, "ŞAQ+"
şirkətinin sahibi Şamil Qurbanovun da təxminən o qədər pulunu alıb
Jirinovskinin adından ona vəd vermişdi. Amma seçki ərəfəsində məlum
oldu ki, Sadıqovun və Qurbanovun adları ümumiyyətlə RLDP-nin seçki
siyahısında yoxdur. Jirinovski bu addıma məcbur olduğunu deməklə
yanaşı, pulları yaxın ayda qaytaracağına söz vermişdi. Amma o ay-bu
ay, düz 9 ildir ki, pullar qaytarılmır. Sadıqov isə ara-sıra
Jirinovskinin hərəkətləri barədə sərt bəyanatlar veməklə Vladimir
Volfoviçə təsir etmək istəsə də, Jirinovski də dinc dayanmır.
Ara-sıra azərbaycanlıların əleyhinə bəyanatlar verəndə yenidən
Sadıqovun qəzəbinə gəlir".
Mənbəmizin məlumatına görə, Qarabağa görə Sadıqovun Jirinovskiyə
qəzəbli olması barədə deyilənlər yalnız görüntüdür: "Belə
olmasaydı, Söyün Sadıqov Beynəlxalq Qarabağ Fondu kimi bir qurumu
bağlamaz, Rusiya Ədliyyə Nazirliyində qeydiyyatını ləğv etdirməzdi.
Onu sadəcə verdiyi paralar düşündürür".