"Azərbaycanda yeni müxalifət cəbhəsi
yaranacaq"
Bu sözləri "Axar.az"a müsahibəsində "Şərq-Qərb"
Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu seçki sonrası ölkə
daxilindəki siyasi vəziyyətlə bağlı proqnoz verərkən deyib. Həmin
müsahibəni təqdim edirik.
- Ərəstun bəy seçki sonrası ölkədaxili siyasi vəziyyəti
necə qiymətləndirirsiz?
- Seçki sonrası vəziyyətdə ən önəmli faktor seçkilərə dünyanın
və ölkəmizdəki insanların necə yanaşmasıdır. Detala varmayaq, bunu
qoyaq bir kənara. ABŞ prezidenti İlham Əliyevə təbrik ünvanladı.
Həmin məktubda yetərincə ciddi mesajlar var. Həmin ciddi mesajlar
göstərir ki, ABŞ-ın qlobal dünyanın aparıcı gücü olaraq,
Azərbacandan gözləntilərinin olacağını çox dəqiq olaraq yazıb.
Söhbət demokratiya, insan haqları və seçki sisteminin
şəffaflaşdırılması kimi mövzulardan gedir.
- Xarici güclərin Azərbaycandan nə kimi istəkləri
var?
- Son zamanlar Qərb dünyası ilə rəsmi Bakının münasibətlərində
soyuqluq müşahidə edirəm, Türkiyə ilə münasibətlərdə müəyyən
problemlər var.
Ərdoğanın partiya üzrə müavini bəyanat verdi ki, Azərbaycan
Avropaya inteqrasiya edir. Bu, bir çağırışdır. Digər tərəfdən, biz
gördük ki, Azərbaycan Rusiya tərəfindən sərt təzyiqlərə məruz qaldı
və İranla sərhəd-keçid məntəqələrində problemlər bağlandı. Faktiki
olaraq, Azərbaycanın izolyasiyası baş verdi. Kimlərsə bunun adını
başqa cür qoya bilər, ancaq reallıqda söhbət məhz bundan gedir.
- Burda hansısa bir mesaj varmı?
- Bəli, bu, artıq bir mesajdır. Köhnə yanaşmalar və
strategiyalar özünü doğrultmur. Çünki yeni situasiyaya gəlib
çıxmışıq. Bu vəziyyətdə yeni siyasət meydana çıxmalıdır. Həm ölkə
daxilində, həm də xaricdə. İndi elə bir vəziyyətə gəlib çatmışıq
ki, siyasətə yanaşma qaydalarında mütləq dəyişikliklər olacaq.
- Bu dəyişikliklər hansı sahələrdə müşahidə
olunacaq?
- Cəmiyyət və ölkə idarəçiliyində dəyişikliklərə gətirib çıxaran
proses bütün sahələrə təsir edəcək. Həm vətəndaş cəmiyyəti, həm
ölkənin siyasi həyatı, həm də ölkə mediası bu dəyişikliklərdən
yayına bilməyəcək. Bütün sahələrdə pozitiv yeniliklər olmalıdır.
Amma biz görürük ki, durğunluq Azərbaycanda bütün sahələri əhatə
edir.
- Bu yeniliklərdə qazanan və itirən tərəflər hansı
olacaq?
- Bilirsiz, indi "sosial media" deyilən yeni bir media meydana
çıxıb. O, artıq öz sözünü deməkdədir. Son 1 ildə və ya bir neçə
ayda yaranan saytlar uzun illərdən bəri çıxan qəzetləri
üstələyir.
Azərbycanda klassik və ya ənənəvi adlandırdığımız mətbuatın
indiki vəziyyətə gəlib çatmasının səbəbini onların aid olduğu
siyasi çevrələrin fəaliyyətində axtarmaq lazımdır. Azərbaycanda
yeni yaranan və orta mövqedən çıxış edən xəbər saytları daha çox
oxunursa, bu, cəmiyyətin ölkə siyasətində hansı mövqeyi daha çox
özünə yaxın saymasını göstərir.
Ənənəvi müxalifətə yaxın olan media qurumlarında müşahidə olunan
geriləmə ondan irəli gəlir ki, o media konkret olaraq bir düşərgəni
təmsil edir. İqtidar düşərgəsini təmsil edən mediada vəziyyət daha
acınacaqlıdır. Əgər biz hakimiyyət mövqeyini açıq şəkildə müdafiə
edən media vasitələrinə baxsaq, görərik ki, geriləmə onlarda daha
çox müşahidə olunur. Deməli, cəmiyyətdən yeni çağırışlar gəlir.
Cəmiyyət deyir ki, mən yenilik istəyirəm.
Qazanclı çıxan isə orta mövqedə olan, yeni siyasətlə çıxış edən
və məsələyə yeni baxış ortaya qoyanlar olacaq. Bunlar da gənc
nəslin nümayəndələridir. Artıq yaşlı nəslin siyasətdən yola
salınmaq vaxtı gəlib çatıb.
- Gənclərin lokomotiv olduğu siyasətdə yaşlı nəslin
nümayəndələri hansı mövqeni seçməlidir?
- Yaşlı nəsil öz bilgilərini gənc nəsillə paylaşmalı və onlara
yardımçı olmalıdır. İdarəçilik məsələlərində gənclərin təcrübəsiz
olduğunu söyləyənlər tutduğu vəzifələrdən əl çəkə bilməyənlərdi.
Gürcüstanda dəyişiklik olanda Saakaşvilinin 35 yaşı var idi. Yüksək
nazir postlarına gənc kadrları gətirdi. İndiki hakimiyyətin Daxili
İşlər nazirinin 28 yaşı var. Bütün bunlar onu göstərir ki,
idarəçiliyin gənclərə həvalə edilməsi praktiki olaraq
mümkündür.
Bəzi insanlarda vəzifə ehtirası o qədər güclüdür ki, elə
bilirlər, tutduqları vəzifə ömür boyu onlarındır. Bu onların
təfəkküründən xəbər verir. Azərbaycanda 15-20 ildir hansısa postda
rəhbər vəzifədə olan insanlar yetərincədir.
- Dediyiniz dəyişikliklərin reallaşma zamanını necə
proqnozlaşdırırsınız?
- Bu, elə də uzaqda deyil. Düşünürəm ki, 2015-ci il parlament
seçkilərinə Azərbaycan tamamilə yeni siyasi formatda və yeni
simalarla gedəcək. Gənclər prosesi əllərinə alacaq.