"Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da
kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü
kampaniyadır".
Bu sözləri "Axar.az"a millət vəkili Elton Məmmədov mediada digər
oğlu Elnur Məmmədovun da avto-xuliqanlığı ilə bağlı yayılan
videogörüntülər haqda danışarkən dedi.
Millət vəkili bildirdi ki, bu hadisələrə mənim açıqlamamı
öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan
addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır.
Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm.
Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər
görməyib".
Elton Məmmədov qeyd etdi ki, onun övladları Azərbaycan gəncliyi
üçün nümunə olduğuna görə də gözü götürməyənlər əl-ayağa düşüb:
"Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə
bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib.
Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də Bakıdan 155 kanal
vasitəsilə bütün dünyaya canlı yayımlanan "K-1 World Max"
turnirinin təşkilatçısı olub. Hazırda da bu idman növünün ölkəmizdə
təbliği ilə məşğuldur. Bəs, bundan niyə danışan olmadı? Xocalı
faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə
tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər
deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada
bilməyəcəklər".
Millət vəkilinin sözlərinə görə, o, övladlarına və özünə qarşı
olan bu kampaniyanın kimlər tərəfindən təşkil edildiyini bilir:
"Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər
bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə
edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz.
Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf
deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə
redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü
kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb
göstərəcək".
E.Məmmədov ona qarşı kampaniya təşkil edənlərlə mübarizə aparmaq
fikrində olmadığını bir daha xatırlatdı: "Bu insanlarla mübarizə
aparmaq fikrində deyiləm. Mən düşmənimlə, erməni ilə mübarizə
apararam. O kimdir ki, onun yalanlarına qarşı da mübarizə
aparım?"
Qeyd edək ki, ötən gün mediada millət vəkili Elton Məmmədovun
oğlu Aynar Məmmədova aid olduğu deyilən 10 LZ 100 dövlət nömrə
nişanlı "Nissan Skyline GTR35" markalı avtomobilin Zığ-Aeroport
şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videosu
yayılıb.
Bu gün isə millət vəkilinin digər oğlu Elnur Məmmədova aid
olduğu deyilən növbəti avtoşluq videosu mətbuatın əsas
mövzularından birinə çevrilib. Həmin videoda 10 AZ 458 nömrəli
"Mersedes S klass" markalı avtomobilin 260-a yaxın sürətlə
yarışdığı əks olunub.