Bir neçə gündür avtoşluq etdiyi iddiası ilə qalmaqal
yaşayan Aynar Məmmədova məxsus avtomobillər DYP-yə aparılıb, "Bakı
XXI əsr" MMC-dəki icarədə və lizinqdə olan avtomobillərin isə
lizinqi və icarəsi dayandırılıb.
"Axar.az"a daxil olan məlumata görə, buna səbəb lizinqdə və
icarədə olan, hüquqi şəxs adına verilən avtomobil nömrələrinin
şəxsi maşınlarda istifadəsidir.
Polisin araşdırması
Araşdırmalar zamanı bəlli olub ki, Aynar Məmmədova aid olduğu
iddia edilən və Zığ yolunda təhlükəli sürət yarışına çıxan
"Mersedes S klass" markalı avtomobilin üzərindəki 10 AZ 458 dövlət
nömrə nişanı əslində "Porşe KN" markalı avtomobilə aiddir. Həmin
"Porşe KN" avtomobili isə lizinqdə, daha doğrusu, icarə
xidmətindədir və hüquqi şəxs kimi Binəqədi rayonu, Sumqayıt şossesi
3 ünvanında yerləşən "Bakı XXI əsr" MMC-yə məxsusdur.
Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi
ödəyiciləri ilə bağlı cəmiyyətə açıq məlumatların arasında da
göstərildiyi kimi, "Bakı XXI əsr" MMC-nin sahibi millət vəkili
Elton Arzuman oğlu Məmmədov göstərilir.
2004-cü ildə qeydiyyata alınan bu MMC-nin nizamnamə
kapitalı 14.923.042.00 AZN
göstərilib.
Belə məlum olur ki, "Bakı XXI əsr" MMC-yə aid olan icarədəki
"Porşe KN" avtomobilinin dövlət nömrə nişanı başqa bir avtomobilə –
"Mersedes S klass"a vurulub.
Belə halla bağlı hüquqi baxımdan hansı məsuliyyət
nəzərdə tutulur?
4 bal və 60 manat
Xatırladaq ki, bu hüquqpozma qanunvericiliklə müəyyən olunmuş
qaydada cəzalandırılır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən
mayor Nazim Məmmədov "Axar.az"a bildirdi ki, nəqliyyat
vasitələrinin dövlət qeydiyyat nömrələrinin icazəsiz dəyişdirilməsi
yol hərəkəti qaydalarının tənzimləyən məcəllənin 155.3-cü maddəsi
ilə məsuliyyət yaradır: "Həmin əməli törətmiş şəxsi 4 bal və 60
manat cərimə gözləyir".
DYP əməkdaşı onu da bildirdi ki, bu cür hallarda həbs qərarı da
çıxa bilər və bu zaman qərarı məhkəmə verir:
"Maşının üstünə taxılan nömrənin hansı şəraitdə, hardan
alınması, kimdən alınması və s. kimi nüanslara görə məhkəmə həbs
qərarı da çıxara bilər. Ancaq bu kimi hallar araşdırma tələb
edir".
Bakı DYPİ-dən rəsmi açıqlama
"Axar.az"ın suallarını cavablandıran Bakı şəhər DYPİ-nin
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirdi ki,
vəd verildiyi kimi, sözügedən avtomobilə aid nömrələrin müxtəlif
maşınlarda istifadəsi faktı artıq araşdırıldı:
"Bir avtomobilə aid olan dövlət nömrə nişanının digər
avtomobillərdə istifadəsi qanunla qadağandır və hüquqi məsuliyyət
yaradır. Amma vətəndaşın istəyi ilə bir nömrə digər avtomobilə
qanunvericiliyə uyğun olaraq dəyişdirilə və qeydiyyatdan keçirilə
bilər.
Araşdırmalar nəticəsində müəyyənləşdi ki, 10 LZ 100 dövlət nömrə
nişanı müxtəlif vaxtlarda müxtəlif, daha dəqiq desək, 4 avtomobildə
olub: "ML", "Lənd Krouser", "BMV" və s. Ancaq bunlar hamısı
vətəndaşın şəxsi müraciəti əsasında dəyişdirilib, müxtəlif vaxtları
əhatə edir və hər biri də qeydiyyata alınıb. Sadəcə, müxtəlif
illərdə çəkilən şəkillər bir yerə toplandıqda yanlış olaraq o
təsəvvür yaranıb ki, guya bu nömrə eyni vaxtda bu sadalanan
maşınlarda istifadədədir. Halbuki o foto və videoların yayım
tarixləri fərqlidir".
V.Əsədov 10 AZ 458 nömrə nişanının hansı maşına aid
olmasının isə araşdırılmadığını bildirdi:
""AZ seriyasının hüquqi şəxslərə aid olması barədə bir söz demək
istəmirəm və bildirirəm ki, 10 AZ 458 nömrə nişanı araşdırılmayıb
və məndə onun "Bakı XXI əsr" MMC-yə aid "Porşe KN" markalı
avtomobilə və ya hansısa başqa avtomobilə aid olması barədə məlumat
yoxdur".
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran
Əliyev "AZ" seriyası ilə olan dövlət nömrə nişanlarının yalnız
hüquqi şəxslərə verildiyini rəsmən təsdiqləyib. Onun sözlərinə
görə, vətəndaş fiziki şəxs kimi "AZ" seriyalı nömrələrə sahib ola
bilməz: "Vətəndaş əgər hüquqi şəxsdirsə, onun hər hansı bir şirkəti
varsa, o zaman bu nömrəni ala bilər. Bu seriyalı nömrələr
şirkətlərə, banklara, dövlət təşkilatlarına və digər bunu kimi
yerlərə verilir".
Mediaya açıq olmasına baxmayaraq, təəssüf ki, millət vəkili
Elton Məmmədovla əlaqə saxlamaq və yayılan bu xəbərlərə
münasibətini öyrənmək mümkün olmadı.