Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun
açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
açılışda iştirak edib.
"Axar.az" xəbər verir ki, bu barədə Prezidentin
rəsmi saytı məlumat yayıb.
Son on ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən
əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verməkdədir. Ölkə
ərazisində beynəlxalq əhəmiyyətli magistral yollar müasir
standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxt Bakının
və rayon mərkəzlərinin küçə və yolları əsaslı surətdə
abadlaşdırılır.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi
diqqət regionlarda kənd və qəsəbələri, həmçinin yaşayış
məntəqələrini birləşdirən daxili yolların təmirinə yönəldilib. Bu
tədbirlər iqtisadiyyatımızın getdikcə güclənməsinin göstəricisi
olmaqla yanaşı, dövlətimizin ölkənin istənilən nöqtəsində yaşayan
vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses
Ağdaş rayonunda da geniş vüsət alıb. Rayondakı Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolu tamamilə yenidən qurulub.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən
stendə baxdı. Məlumat verildi ki, uzunluğu 34 kilometr olan
avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda
başlanılıb. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış
məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət
göstərəcək.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti
kəsdi, yeni yolda avtomobili idarə etdi. Sonra Prezident İlham
Əliyev sakinlərlə görüşdü. Sakinlər dövlətimizin başçısına
minnətdarlıqlarını çatdırdılar.
Sonda xatirə şəkli çəkdirildi.