"Azəryolservis" ASC Zaur Bağırov barədə məlumat
verməkdən qorxur.
Adı Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton
Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda adı hallanan Zaur
Bağırovun uzun müddətdir çalışdığı "Azəryolservis"dən çıxarılması
ilə bağlı əmr imzalanıb. Lakin adı çəkilən ASC bununla bağlı
məlumat verməkdən ehtiyat edir.
"Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev
"Axar.az"a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi.
Mətbuat xidmətinin rəhbəri "Azəryolservis" ASC-nin Ümumi şöbəsi
ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Ümumi şöbədən də bu
məlumatı yalnız ASC-nin Kadrlar şöbəsinin təsdiqləyə biləcəyini
söylədilər.
Kadrlar şöbəsinin xanım əməkdaşı sualdan kifayət qədər
həyacanlandı və bu məsələnin onsuz da ASC üçün başağrısına
çevrildiyini, bir həftədən artıqdır xüsusi narahatlıq yaratdığını
bildirdi və əlavə etdi ki, ondan heç nə soruşmayaq:
"Onsuz da bu məsələ bir həftədir ki, "Azəryolservis"in iş
ahəngini pozub, gərginlik, əsəb yaşayırıq. Daha məndən heç nə
soruşmayın".
Qeyd edək ki, Zaur Bağırovun adı deputat Elton Məmmədovun oğlu
Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə
A.Məmmədovun Zığ-Aeroport yolunda sürət yarışına çıxdığını əks
etdirən videokadrlar yayılmışdı. Həmin videokadrlarda əks olunan və
Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı
"Nissan Skyline GT-R35" markalı avtomobilin "Azəryolservis"in
işçisi Zaur Bağırova aid olduğu məlum oldu.
Bu videokadrların yayılmasından sonra isə "Azəryolservis"in
rəhbəri Cavid Qurbanovun Z.Bağırovu işdən çıxarması ilə bağlı media
özəl mənbələrə istinadla xəbər tirajlayıb.
Xatırladaq ki, videokadrlardakı digər avtomobil – "Mersedes S
Klass"ın üstünə bağlanmış 10 AZ 458 dövlət nömrə nişanının "Porşe
KN" markalı avtomobilə aid olduğu da müəyyənləşib. Həmin "Porşe KN"
avtomobili isə icarə xidmətindədir və hüquqi şəxs kimi Binəqədi
rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən "Bakı XXI əsr" MMC-yə
məxsusdur. "Bakı XXI əsr" MMC isə millət vəkili Elton Məmmədovun
prezidenti olduğu məhdud nəsuliyyətli cəmiyyətdir.
Dövlət Yol Polis İdarəsindən hələlik bu barədə heç bir açıqlama
verilməyib.