Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət
küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın
27-də ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil
olmuşdur. Müstəqil, azad, demokratik respublika qurulmasını
qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq
fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb,
onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş
etdirib.
1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal
Bəyannaməsi"ndən - "Əqdnamə"dən də göründüyü kimi, bu möhtəşəm
tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib.
XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz
suverenliyini qoruyub saxlamağı bacarıbdır. Ümummilli lider Heydər
Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli
tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar
edib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil
Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan
müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin
başlanğıcını qoyub. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin
yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd
edir. /Azərtac/