"Sovet
qırıcısını Türkiyəyə qaçıran azərbaycanlı" yazımızın geniş rezonans
doğurdu. Redaksiyaya, eləcə də mənə edilən zənglər, təşəkkürlər və
təkliflər bu mövzunu davam etdirmək, araşdırmanı dərinləşdirmək
fikri yaratdı. Azərbaycan xalqı özünün mühacir həyatını yaşayan
övladlarını, onların mühacirətə qədər və sonrakı fəaliyyətini
öyrənməyin marağındadır.
ARAŞDIRMAMIZ DAVAM
EDİR
Anonim,
kimliyini bildirməyən bir oxucumuz isə qəhrəmanımızın – Məhmət
Altunbayın (Məmməd Məmmədov – 1941-ci ildə sovet qırıcısını qaçırıb
Türkiyəyə keçən) ailəsini tapmaq üçün istiqamət və ipucu verdi.
Beləliklə, araşdırmamız davam edir.
Elə Məmməd Məmmədovun – Məhmət Altunbayın hal-hazırda İsveçrədə
yaşayan oğlu Oqtay da bizimlə əlaqə saxladı. Əvvəlcə atası haqda
uşaqlıq xatirələrini bizimlə paylaşan Necati bəy Kəsər vasitəsi ilə
təşəkkürünü bildirdi, yazı ilə bağlı bəzi məqamlara aydınlıq
gətirdi. Eləcə də atasının "Nədən mühacir həyat yaşadım", - deyə
bir məktub-vəsiyyətini də bizlərə ünvanladı və saytımız onu da
yayınladı.
Bu dəfə isə Oqtay Altunbay sosial şəbəkənin verdiyi imkanlardan
istifadə edərək bu yazının müəllifi ilə əlaqə saxladı.
ALTUNBAYIN
MƏKTUBU
"Salam, Faiq
bəy. Mən rəhmətlik Məhmət Altunbayın oğluyam. Necati abi sizdən çox
bəhs etdi. Rəhmətlik atamla bağlı yazınızı oxudum və çox
duyğulandım. Sağ olun. İnşallah, onun haqqında sizə daha çox şeylər
deyə bilərəm. O, Azərbaycanın Stalin dövrünün çox əhəmiyyətli bir
kişisiydi. O və onun yoldaşları Azərbaycanın tarixi
idi".
Bu sözləri
mesaj olaraq mənə göndərmişdi. Feysbukda görüşüb
söhbətləşdik.
ALTUNBAYI
AZƏRBAYCANDA YAŞADIRSIZ
- Oqtay
bəy. İki gündür ki, atanızla bağlı redaksiyamıza çoxlu zənglər
oldu. Siz sağ olun ki, bizi izləyirsiniz.
- Əvvəlcə, hər şey üçün sizə təşəkkür edirəm. Məhmət Altunbayı
Azərbaycanda təkrar yaşadırsınız.
- Təşəkkür etməyə ehtiyac yoxdur. Bu bizim borcumuzdur.
O bizim tariximizdir.
- Sağ olun, əskik olmayın. Necati abi sizə Altunbayı bildiyi
qədər izah etməyə çalışıb. O, həqiqətən Azərbaycan tarixinin,
Stalin dövrünün önəmli bir siması idi. Milliyyətçi Azəri
gənclərinin Məhmət Altunbayı – Məmməd Məmmədovu tanımaları
lazımdır. Yayımladğınız yazıların hamısını oxudum. Əlinizə,
ürəyinizə saglıq. Öyrənmək istədiyiniz daha çox məlumatı mən sizə
deyərəm.
- Mənim bir dostum var. Tətqiqatçı-alimdir. Abid
Tahirli. Məhmət bəydən bir kitab yazıb ("Azərbaycan mühacirət
mətbuatında publisistika (1921-1991)" adlı monoqrafiya (Bakı,2005,
CBS, 528 səh.)).
- Bilirəm, qardaşım Faiq bəy. Abid bəy çox gözəl və doğru yazıb.
Oxudum onun yazdıqlarını. Bu kitablardan necə sizin xəbəriniz
olmayıb, başa düşmürəm, Azərbaycan Mədəniyyət Dərnəyi bu kitabı
1994-cü ildə nəşr etmişdi.
ALTUNBAYIN
BİTİRƏ BİLMƏDİYİ KİTAB
- Doğrusu,
o, kitabını mənə verib. Nədən oxumamışam, bilmirəm.
- O kitabda atamın yalnız uşaqlıq illərindən söhbət gedir. Amma
atamın həyatını özündə tam əks edən bir kitab da var. Dünyasını
dəyişənəcən hər gün yazırdı, ancaq əcəl bitirməyə imkan vermədi.
Amma mən o kitabı tamamladım. Sadəcə, kitab çıxartmaq qismət
olmadı…
- İnşallah, siz o kitabı göndərin, bizim saytda
hissə-hissə dərc olunar və kitab halında da nəşr edilər. Saytın
rəhbərliyi bu fikirdədir.
- İnşallah. Çox yaxşı olar.
- Bakıda bir qardaşınızın olduğunu
bilirsizmi?
- Bilirəm, Faiq bəy.
ATAM OĞLU
İLƏ 35 İL SONRA GÖRÜŞDÜ
- Onun da
adı Oqtaydır. "Oqtay Altunbay" imzası ilə yazır. Mənə bir nəfər
zəng etdi, qardaşınızdan danışdı. Qardaşınız atası haqda dostlarına
bəhs edərmiş. Sadəcə, atanız haqqında çox az adam çox az şey bilir.
Xahiş edirəm, mənə atanızın fotosunu və kitablarını
göndərin.
- Bəli, Bakıda mənim bir böyük qardaşım var. Atam onunla görüşə
bildi. İlk dəfə 1976-cı ildə abim Türkiyəyə gəldi. 35 il sonra bir
atanın öz övladı ilə qarşılaşması necə bir duyğu, bilmirsiniz.
- Təsəvvür edirəm. Mən onu da axtarıram. Siz onun
kordinatını bilirsizsə, yazın.
- Təəssüf ki, mən uzun zaman onunla əlaqə qura bilmədim, amma
bilirəm ki, Bakıda yaşayır.
- Bu gün daha bir zəng də gəldi mənə. Həmin şəxs məni
yaxşı tanıdığını dedi. Kim olduğunu isə izah etmədi. Oqtay Altunbay
Bakıdadır, - dedi. Sonra dedi ki, o burada qoyduğu oğlunun adını
sizə verib. Qardaşınız Oqtay da sizə, atasına olan sevgisinə rəğmən
soyadınızı özünə təxəllüs götürüb. Hazırda yaşı 70-dən çox
olar.
- Bəli, abim 1939-cu il doğuşlu olmalıdıır. Atam öz oğlunun
həsrəti ilə mənim də adımı Oqtay qoymuşdu.
- Oktay bəy, Məlahət xanım sizin ananızdır, yoxsa
adaşınız olan qardaşınızın?
- Məlahət xanım mənim anamdır. 8 il olub rəhmətə qovuşduğu.
- Cənnətlik olsun…
- Amin! Bütün analarımız, atalarımız cənnətlik olsun.
İSVEÇDƏ
YAŞAMAĞA BAŞLADIM
- Siz nədən
Bakıda olanda qardaşınızı tapmadınız?
- Tapdım. İlk dəfə 1989-cu ildə Bakıya gəldim. Məni Gəncəyə abim
özü apardı. Oradakı qohumlarımla məni tanış etdi. Sonra bizim
görüşlərimiz oldu. O, Türkiyəyə gəldi. Sonra mən yenə də
Azərbaycana gəldim. Amma daha sonra İsveçdə yaşamağa başladım və
əlaqəmiz kəsildi.
- Siz kömək edin mənə, onun köhnədən bildiyiniz
kordinatlarını verin.
- İnanın, indi heç bir telefon nömrəsi, ünvanı-filan məndə
yoxdur. Amma düşünürəm Bakıda onu tapmaq asan olar. Çünki o da
kitab yazırdı. Teatr əsərləri yaradırdı.
- Mənə elə də dedilər. İnşallah axtaracam
onu…
- İnşallah və inanıram ki, o yüz faiz sizin bu müsahibənizi
oxuyub.
- Oxusaydı, zəng edərdi. Amma çox zənglər edildi, o isə
hələlik yoxdur.
- Mən ona çox hirslənirəm. Çünki o bir yazardır və orada
imkanları var. Amma Məhmət Altunbayı tanıtmaq üçün heç səy
göstərmədi.
1970-Cİ
İLDƏ AZƏRBAYCANDAN GƏLƏN MÜĞƏNNİ
- Oktay
bəy, bura kommunist rejmi olan bir ölkə idi. Müstəqillik zamanında
isə qardaşınız atanız haqda danışarmış. Mühiti nəzərə almaq
gərəkdir…
- Atamı tanıyanlardan biri də Azərbaycanın dünyada tanınmış
sənətçilərdən biridir. O, xüsusi icazəylə 1972 və ya 1973-cü ildə
Ankaraya konsert verməyə gəlmişdi. Atam onu evimizə qonaq dəvət
etmişdi. Yadımdadır. O, millətini sevərək danışan bir xanım əfəndi
idi… Atamı ondan da soruşarsınız. O da bildiyi qədər sizə deyər.
Bizim evimizdə olub…
Həmin tanınmış müğənniylə bu mövzuda söhbəti təqdim
edəcəyik…