Türkiyə höküməti İraq Şam İslam Dövləti qruplaşmasına
qarşı hərəkətsiz dayanması müqabilində Səudiyyə Ərəbistanı və
Qatardan 45 milyard lirə pul alıb.
Belə bir iddia ilə Türkiyənin Şırnakdan olan millət vəkili Hasip
Kaplan çıxış edib.
Onun sözlərinə görə, Türkiyə Osmanlı torpağı olan Suriya və
İraqda həyata keçirilən qətliama görə, məsuliyyət daşıyır: "Burada
bayrağı qorumaq da asandır. Bayrağı torpağı olan yerdə qorumaq
lazımdır. 2 kürd peşmərgə briqadası türkmənləri qoruyarkən və
Kərkükdən ordu çəkilərkən, yenə kürdlər Kərkükü qoruyur. Bu Böyük
Millət Məclisində kürd deputatlar da var. Bizim kürdlərlə ortaq
çıxarlarımız var".
Orta Şərqdə bir dövrlər Osmanlı vardı. Mosul və Kərkükdə yaşayan
türkmənlərin, kürdlərin və ərəblərin haqqını necə qoruyacağıq? Əgər
tarix bağımız bunu tələb edirsə, birlikdə nə edə bilərik? Amma
Qatardan, Səudiyyə Ərəbistandan edilən 45 milyard lirə pul
transferinin hesabı verilmədən bu hadisələrin gerçək səbəbi
açıqlanmaz. Əlbəttə ki, Mosulda bir anda, bir gecədə bütün ordu
təslim olur, silahları buraxır, aerodromları buraxır, tankları,
topları buraxır və gedir. Sizin ağılınıza, məntiqinizə uyğun
gəlirmi, 70 min nəfərlik ordu 5 min nəfərlik IŞİD mənsubu
qarşısında təslim oldu? Xeyr, təslim olunan bir vəziyyət yox,
danışılan vəziyyət var. Səddamın yıxılmasından sonra şiələr
rəhbərliyə gəldi. Malikinin hakimiyyəti İraqı doğru dürüst idarə
etmədiyi üçün kürdlərlə və sünnilərlə araları dəydi. Bu vəziyyətdə
ya İraq üçə bölünərək, kürdlər, sünnilər və şiələr federasiya
altında birləşəcək, ya da 3 ayrı-ayrı dövlət yaradılacaq. Bu
vəziyyət davam etdiyi zaman İraqda yaşayan soydaşlarımız,
qohumlarımız, insanlarımız və dostlarımız problem yaşayacaq".
Daha sonra Hasip Kaplan Türkiyə hökümətinin siyasətini kəskin
tənqid edib: "Artıq beşinci gündür ki, konsulluq işçiləri
girovluqdadır. Sizlər diplomatiyaya baxırsınız, girov
diplomatiyası, mübadilə diplomatiyası, fidyə diplomatiyası. Hansı
ölkənin xarici işlər nazirliyində belə bir diplomatiya var?
Türkiyənin xarici siyasətini məzhəb və ideologiya üzərinə qurması
əsla qəbul edilməzdir. Belə bir xarici siyasət Türkiyənin
maraqlarına ziddir".
ANS