“Araz” mağazasında satıcı qadının məndən öncəki xanıma “Paket lazımdırmı” sualını təkrarlaması diqqətimi çəkdi: xanım cavab vermirdi, aldığı məhsulları da yığmırdı, nəsə çantasında eşələnməklə məşğul idi.
İzləməyə başladım, zatən, başqa çarəm də yox – onsuz da önümdəkinin yola salınmasını gözləməli idim.
Satıcı qız 3-cü dəfə eyni sualı verdi, qadın dodaqları altında nəsə mızıldansa da, yenə özünü laqeyd kimi göstərdi və onun artıq aktyorluq etdiyinə artıq qəti şübhə etmədim: aldığın məhsullar vurulubmu; satıcı qız üzünü sənə tutub 3-cü dəfə nəsə soruşurmu? Niyə reaksiyan yoxdur?
Yalnız 4-cü dəfədə “Ya vas ne ponimayu” sözlərini işlətdi. Satıcı yenə təkrarlayıb, eyni cavabı alandan sonra ruscaya keçdi və yalnız bu zaman qadın süni təbəssümlə paketə ehtiyacı olmadığını bildirdi, ödəniş etmək istəyini ifadə etdi - əlbəttə ki, rusca, sanki rus dilində ünsiyyətin məmnunluğunu göstərmək istəyirdi.
Hər gün alver etdiyim mağazadır, satıcı qızı tanıyıram: gəncdir, yüksək mədəniyyəti var, ruscası da mükəmməl imiş, xırdaca aksent-ləhcə belə yoxdur.
Qadına çevrilib, diqqətlə, bir az da əsəbi halda üzünə zillənirəm: nümayişkaranə izləyirəm, istəyirəm qadın nəzərlərimi üstündə hiss edib, niyə marıtladığımı soruşsun və mən də ona azərbaycanca layiq olduğu bəzi sözləri deyim!
Yaşı 70-in üstündə olan, Bakıda doğulub-yaşadığı aşkar görünən bu qadının azərbaycanca çox yaxşı bildiyini onun satıcı qızın verdiyi ikinci suala refleksindən hiss etmişdim. Dördüncü dəfə soruşulanda “Ya vas ne ponimayu” cavabının da saxta olduğu üz cizgisindən çox aydın görünürdü. Sadəcə, bu qadın satıcı qızı rusca danışmağa məcbur etmək üçün rol oynayırdı.
Qonaqsa-turistsə, ona tərcüməçiliyi sevə-sevə özüm edərdim! Ancaq sən 70 ildən çox yaşadığın ölkənin dilini necə bilməyə bilərsən? Doğrudanmı azərbaycanca başa düşmürsən? Niyə yalan danışırsan?
Sən sadəcə azərbaycanca danışmaq, başa düşmək istəmirsən! Sən bu dilə nifrət edirsən! Sən səni göz üstə saxlayan, sən avtobusa, metroya minəndə ayağa qalxıb, öz yerini sənə verən və sənin oturmağına yardım edən millətə nifrət edirsən – hansı ki, Rusiyada sənin kimi qocaları gənc oğlan və qızlar heç nələrinəsə alıb, metroda-avtobusda ayağa qalxmırlar!
Məni saxlamaq olar? Bir az uca səslə satıcıya sözümü dedim, o qadın da diqqətlə dinləyəsi oldu: ən azı çalışdım satıcı balamıza izah edim ki, ruscanı bu cür mükəmməl bilməsi çox gözəldir, Tolstoyun, Dostoyevskinin dilini öyrənərlər, elə Putinin də dilini bilmək gərəkdir, ancaq rusdilli olduğunu nümayiş etdirən yaşlı Azərbaycan vətəndaşının özünü yaramazlığa qoyaraq, səni rusca danışmağa məcbur etməsinə imkan verməməlisən.
Niyə “rusdilli” yazdım? Rus qonşuların əhatəsində böyüyən şəxs kimi onları yaxşı tanıyıram və hörmət də edirəm. Azərbaycan dilinə bu qədər nifrət edən rus yadıma gəlmir. “Araz”da gördüyüm o qadının erməni qatı mütləq var. Ya da Yekaterinburqdan sonra bir şeylər olur, mən bilmirəm!
Rusiyada heç bir azərbaycanlı mağazada satıcını azərbaycanca danışmağa məcbur edə bilməz, ona sadəcə məhsul satmazlar. Bu, yalnız Rusiya vətəndaşı olan azərbaycanlıya aid deyil, elə azərbaycanlı turistə də aiddir!
Bakıda Azərbaycan vətəndaşı olan şəxs satıcını başqa dildə danışmağa niyə və necə vadar edə bilər ki?