İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovu
qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin
rəsmi saytı məlumat yayıb.
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla
və dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham
Əliyev xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin
əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə
əminliyini bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasında
münasibətlərin strateji xarakter daşıdığını vurğulanıb, Azərbaycan
ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini
söyləyib.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin
ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan
verdiyini qeyd edib, həmin səfər zamanı aparılan danışıqların və
fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından
çox səmərəli olduğunu bildirib. Dövlətimizin başçısı deyib ki,
ölkələrimiz parlamentlər və nazirliklər səviyyəsində də səmərəli
əməkdaşlıq edir. Humanitar və digər sahələrdə əməkdaşlıq da
uğurludur. Prezident İlham Əliyev xalqlarımızın və ölkələrimizin
rifahı naminə münasibətlərimizin bundan sonra da inkişafı üçün hər
iki ölkənin səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir
Putinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırıb. O,
Rusiya dövləti başçısının ölkəmizə ötənilki səfərini və səfər
zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını deyib.
S.Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında
münasibətlərin strateji xarakter daşıması, iqtisadi, investisiya,
humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi
barədə fikirləri ilə şərik olduqlarını bildirib. Xarici işlər
naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə
rəsmi səfəri çərçivəsində humanitar əməkdaşlıqla bağlı proqramın
imzalandığını da xatırlatdıb. O bildirib ki, Azərbaycan ilə Rusiya
regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici
işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr
aparılıb.
Sergey Lavrov bildirdi ki, müzakirələr zamanı Xəzəryanı
ölkələrin qarşıdakı sammiti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan
prezidentlərinin ötənilki görüşü, ATƏT-in Minsk qrupunun
həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. O, BMT,
ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının
Nazirlər Komitəsində ölkələrimizin qarşısında duran ümumi
məsələləri də müzakirə etdiklərini deyib.
Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv
seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyinə görə bir
daha Rusiya tərəfinə təşəkkürünü bildirib və Azərbaycanın bu quruma
sədrlik etdiyi iki il ərzində ölkələrimiz arasında fəal
əməkdaşlığın həyata keçirildiyini məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurasına sədrliyinin
ölkəmizin mövqeyi və prioritetlərini Avropa ictimaiyyətinə
çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham
Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə də ölkələrimiz
arasında sıx əməkdaşlığın olacağına əminliyini bildirib.
Dövlətimizin başçısı Prezident Valdimir Putinin salamlarına görə
minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin
başçısına çatdırmağı xahiş edib.