"Məxməri"yə nifrət edən eks-prezidentin
həyatı
86 yaşlı Eduard Şevardnadze vəfat etdi. Keçmiş SSRİ-nin, eləcə
də Cənubi Qafqazın ən önəmli siyasətçilərindən olan Şevardnadze bu
gün həyata göz yumdu.
"Publika.az" Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzenin
siyasi həyatını təqdim edir.
Şevardnadze 1928-ci ildə soyuq yanvar ayının 25-də dünyaya
gəlib. İlk təhsili Tiflis Tibb Texnikumunda alıb, daha sonra
1959-cu ildə A.Sulukidze adına Kutaisi pedaqoji institutunu
bitirib.
1946-cı ildən komsomol və partiya işində çalışır. 1961-ci ildən
1964-cü ilədək Mtshetada Gürcüstan Kommunist Partiyasının rayon
şöbəsində birinci katib, sonra Tiflis rayon komitəsinin birinci
katibi, 1964-cü ildən 1972-ci ilədək ictimai asayişin mühafizəsi
nazirinin birinci müavini vəzifəsində işləyib. Daha sonra
Gürcüstanın Daxili İşlər naziri olub. 1972-ci ildən 1985-ci ilədək
Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
vəzifəsində çalışıb.
1985-ci ildən 1990-cı ilədək - SSRİ-nin süqutunadək İttifaqın
Xarici İşlər naziri vəzifəsində çalışıb. Həmçinin Siyasi Büronun
üzvü olub.
1990-cı ilin dekabrında diktaturaya qarşı etiraz əlaməti olaraq
istefaya gedib. Həmin il Kommunist Partiyasından da çıxıb. 1991-ci
ilin noyabrında Qorbaçovun dəvəti ilə yenidən SSRİ-nin Xarici İşlər
naziri postuna qayıdıb. May ayında İttifaqın dağılmasından sonra bu
vəzifə də ləğv edilib.
1991-ci ilin dekabrı - 1992-ci ilin yanvarında Şevardnadze
Gürcüstanda hərbi çevrilişin əsas müəllifi idi. O, Zviad
Qamsaxurdianın yerinə gəldi və faktiki olaraq vətəndaş müharibəsini
dayandırdı.
1992-ci ildən 1995-ci ilədək Gürcüstan Dövlət Şurasının və
parlamentin sədri oldu. 1995-ci ildə Gürcüstanın prezidenti
seçildi.
2003-cü ilə - "qızılgül inqilabı"na qədər prezident vəzifəsini
daşıdı. Şevardnadze 2000-ci ildə keçirilən prezident seçkilərində
ikinci dəfə qalib gəlmişdi. Lakin ikinci müddətlik prezidentliyini
sonadək davam etdirə bilmədi.
2003-cü il noyabrın 2-də keçirilən parlament seçkilərində
müxalifət küçələrə çıxdı və "məxməri inqilab" baş verdi. Seçki
günündən 21 gün sonra, noyabrın 23-də Şevardnadze istefaya getdi və
yerini Saakaşviliyə verdi.
Daha sonra o, Saakaşviliyə görə gürcülərdən üzr istəyəcəkdi:
"Onda mənim vaxtından əvvəl istefaya getməkdən başqa seçimim yox
idi, amma mən hakimiyyəti Mixail Saakaşviliyə verdiyimə görə çox
peşmanam və buna görə Gürcüstan xalqından üzr istəməyə hazıram. Öz
səhvimi boynuma alıram və xalqdan üzr istəyirəm".
Qeyd edək ki, Şevardnadzenin Heydər Əliyevlə yaxın dostluğu
olub. SSRİ-nin zamanından qurulan bu dostluq sonrakı dövrdə
Azərbaycan və Gürcüstan arasında yaxınlığa da gətirib çıxardı.
O, Heydər Əliyevlə bağlı xatirələrində deyirdi: "Onun haqqında
danışacaqlarımdan böyük kitab yazmaq olar. Belə alındı ki, Heydər
Əliyev məndən üç il tez Mərkəzi Komitənin katibi oldu. Bir yerdə
işləyirdik, dost olmuşduq. Qəfildən Heydər Əliyevi Siyasi Büronun
üzvü və Baş nazirin birinci müavini kimi Moskvaya köçürdülər. O
vaxtlar Baş nazir Tixonov idi. Qorbaçov hakimiyyətə gələndən bir
müddət sonra məni də Moskvaya dəvət etdilər. Xəbərdarlıqsız məni də
Siyasi Büronun üzvü və Xarici İşlər naziri təyin etdilər. Heydər
Əliyev məndən qabaq Siyasi Büronun üzvü seçilmişdi. Son 20 ildən
çox Sovet Sosialist Respublikaları İttifaqının Xarici İşlər naziri
Andrey Andreyeviç Qromıko idi. Çox istedadlı alim idi. Düzdür,
diplomatik işdə çox fəal deyildi, amma Sovetlərin əsl diplomatiya
məktəbini yaratmışdı. O özü bunu akademiya adlandırırdı. İlham
Əliyev də həmin akademiyanın məzunu olmuşdu. Ondan sonra mənim
rəhbərliyim altında SSRİ Xarici İşlər Nazirliyində işləyir və
Amerika istiqamətində çalışırdı.
Heydər Əliyevlə bizim münasibətlərimiz mən Moskvaya gələndən
sonra da davam etdi, daha da dərinləşdi. Lakin Heydər Əliyev artıq
Qorbaçovun rəhbərliyi altında əvvəlki kimi həvəslə işləmirdi.
Onların arasında nə isə baş vermişdi, mən bunu dəqiq xatırlamıram
və sözün düzü, Heydər Əliyevlə rəhbərlik arasında olan bu məsələylə
maraqlanmırdım. Amma bir əməkdaş, Siyasi Büronun üzvü kimi o, böyük
işlər görür və böyük məsələləri həll edirdi. Əsasən, Heydər Əliyev
ərəb ölkələri və islam dünyası ilə münasibətləri kurasiya edirdi.
Bütün bu işləri yüksək peşəkarlıqla yerinə yetirirdi. Günlərin bir
günü o mənimlə görüşdü və dedi ki, mən Azərbaycana qayıtmalıyam.
Soruşdum ki, axı nə baş verib? Cavabı belə oldu ki, vaxt gələr,
deyərəm, indi vaxtı deyil. Və o öz vətəninə, Naxçıvana qayıtdı.
Əvvəlcə bu muxtar vilayətin rəhbəri, sonra Milli Məclisin sədri
oldu, ardınca da Azərbaycanın prezidenti seçildi".
Heydər Əliyevin sonuncu dəfə Şevardnadzeyə dedikləri də
maraqlıdır. Bu barədə də gürcü eks-prezident sağlığında özü
danışıb:
"Onu Türkiyəyə müalicəyə göndərdilər. İki həftə orda qalandan
sonra türkiyəli həkimlər məsləhət gördülər ki, Əliyevi Amerika
Birləşmiş Ştatlarına aparsınlar. Orda böyük bir klinika vardı.
Beləliklə, onu Amerikaya apardılar, iki-üç gündən sonra biz onunla
əlaqə saxladıq. Həmişəki Heydər idi. Ondan sonra da 4-5 dəfə əlaqə
saxladıq. Amma bu, artıq həmişəki Heydər deyildi. Hiss edirdim ki,
hər dəfə onun səsi daha da zəifləyir, vəziyyəti pisləşirdi. Sonuncu
danışığımız heç vaxt yadımdan çıxmaz. O, çox çətinliklə danışırdı.
Dedi ki, Eduard, bizim xalqlarımız arasında dostluğu qoruyub
saxlamağa çalış. Bu, mənim üçün bir vəsiyyət idi.
Başqa bir gün zəng elədim, o, artıq vəfat etmişdi".
Artıq iki dostun heç biri həyatda yoxdur. Qəbirləri nurla
dolsun.