Azərbaycan "İraq və Şam İslam Dövləti" qruplaşmasını
rəsmi şəkildə terror təşkilatı kimi tanımır.
Deputat Aydın Mirzəzadə bununla bağlı Axar.az-a danışarkən qeyd
etdi ki, Azərbaycanın rəsmən terror təşkilatı kimi tanıdığı
təşkilat yoxdur:
"Azərbaycan praktikasında xarici ölkələrin hansısa təşkilatını
terrorçu elan etmək praktikası yoxdur. Həmçinin bunun hüquqi
nəticələri ilə bağlı hansısa presedent də yoxdur".
A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanda terror aktları
həyata keçirmiş erməni təşkilatı "ASALA"nı belə rəsmən terror
qruplaşması kimi tanımırıq:
"Bu gün Amerikanın İŞİD-i terror təşkilatı kimi qəbul etməsi
kifayətdir ki, Azərbaycan da bu qruplaşmanı terror təşkilatı kimi
tanısın. Amerika dünyada əsas söz sahibi olan ölkələrdəndir. O,
dünyada baş verən hadisələrə hüquqi və siyasi qiymət vermək gücünə
sahibdir. ABŞ-ın dünyada sahib olduğu güc və imkanlar buna şərait
yaradır. Azərbaycan isə ABŞ qədər bu imkanlara sahib deyil", -
deyə, deputat vurğuladı.
Millət vəkilinin sözlərinə görə, bu presedent bir çox ölkələrə
aiddir:
"ABŞ-da bunun qanunvericilik bazası və mexanizmi var. Məsələn,
Amerika hansısa təşkilatı terrorçu elan etdikdə, o qurum bank
sistemindən istifadə edə, Amerikadan hərbi texnika ala bilmir,
maliyyə yardımı ehtimalı olmur, rəsmi orqanlarla əlaqəyə yaradılmır
və s. ABŞ-ın bu mövqeyi isə digər ölkələrin də həmin qurumla
münasibətlərini nizamlayır".
A.Mirzəzadənin fikrincə, Azərbaycanın İŞİD-i nə vaxtsa terror
təşkilatı kimi tanıması ölkə üçün heç bir təhlükə yaratmayacaq:
"Bu gün İŞİD İraq və Suriya üçün təhlükədir. Digər dövlətlər
üçün heç bir təhlükəsi yoxdur. Bu iki ölkənin dövlət aparatı
zəifdir, üstəlik hakimiyyət orqanları da səmərəli fəaliyyət
göstərmir. Onların güc strukturları öz üzərinə düşən vəzifəni
yerinə yetirmir. Bu gün təşkilatlanmış istənilən silahlı qüvvələr
İŞİD-i məhv etmək iqtidarındadır. İŞİD güclü silahlanaraq İraq və
Suriyanın nəzarətsiz qalmış ərazilərini zəbt edir. Ancaq digər
dövlətlər üçün İŞİD təhlükə yarada bilməz".