Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 15-də Romada BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze
Qratsiano da Silva ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Prezident İlham Əliyevi Joze Qratsiano da Silva qarşılayıb.
Görüşdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf
etdiyi bildirilib, ölkəmizdə iqtisadi sahədə qazanılan
nailiyyətlərdən danışılıb. Son illərdə Azərbaycanda kənd
təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların
yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə
artdığı qeyd olunub.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi işində
qazanılan uğurlar və bu istiqamətdə gələcəkdə görüləcək
tədbirlərdən danışılıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir
mübadiləsi aparılıb.
Prezident İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək
sözlərini yazıb.
Daha sonra dövlətimizin başçısı BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının muzeyində olub.
FAO-nun baş direktoru Jose Qratsiano da Silva Prezident İlham
Əliyevə məlumat verdi ki, təşkilatın yerləşdiyi binada zəngin
kitabxana da vardır. Bundan əlavə, burada FAO-nun media mərkəzi də
yerləşir.
Sonra Prezident İlham Əliyev FAO-nun televiziyasına müsahibə
verib.
Prezident İlham ƏLİYEV deyib:
- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan
məmnunluq hissi keçirirəm. Bizim mükəmməl əməkdaşlığımız vardır.
İki il bundan əvvəl Bakı şəhərində təşkilatın baş direktoru ilə
olan görüşümü xatırlayıram. O zaman Bakıda BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının Avropa konfransı keçirildi və bizim çox
yaxşı müzakirələrimiz oldu.
Biz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına kənd
təsərrüfatı sahəsində apardığımız islahatlara davamlı dəstək
göstərdiyinə görə minnətdarıq. Çünki biz islahatları davam
etdiririk, özümüzü istehsal etdiyimiz əsas kənd təsərrüfatı
məhsulları ilə 100 faiz təmin etməyə çalışırıq və buna nail olmağa
yaxınıq. Buna görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının metodoloji tövsiyələri, məsləhətləri və ekspert biliyi
bizim üçün çox önəmlidir.
Biz əməkdaşlığımızı çox yüksək dəyərləndiririk və cənab baş
direktoru bütün dünyanı, demək olar ki, 200 ölkəni əhatə edən
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nailiyyətlərinə görə
təbrik etmək istəyirəm. Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir
çox yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız uğurla davam
edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və
ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq
digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı
göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik.
Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin
kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək
istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli
təhlükəsizliyinin ən əsas elementlərindən biridir.
Bir daha cənab baş direktora göstərdiyi qonaqpərvərliyə görə
minnətdarlığımı bildirmək istəyirəm və onu onun üçün münasib olan
vaxtda yenidən Azərbaycana dəvət edirəm.