Suriyada və İraqda baş
verən hadisələrdən sonra əksər insanları düşündürən əsas sual
Azərbaycanda məzhəblərarası qarşıdurmanın baş verməsi ehtimalı ilə
bağlıdır.
Məsələ ilə bağlı "Mənəvi dünya" İctimai Birliyinin rəhbəri və
Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli
Axar.az-a müsahibə verib. Həmin müsahibəni təqdim
edirik.
- Suriyada başlayan prosesi indiki vəziyyətə gətirib
çıxaran əsas səbəblər nə oldu?
- Hadisələr ilk olaraq Suriyadan başladı. İnsanlar küçələrə
islahat tələbləri ilə çıxdı. Daha sonra isə, Qərb ölkələri bu
etirazdan istifadə edərək bu gün gördüyünüz qüvvələri
maliyyələşdirib silahlandıra bildi. Suriyada dağıdıcılıqla məşğul
olmağa başladılar, məzhəb davaları saldılar. Belə təqdim etməyə
çalışdılar ki, guya Suriyadakı dava məzhəblər arasında gedir.
Beləliklə, digər ölkələrdə yaşayan radikal təfəkkürlü insanları
özlərinə cəlb etməklə dağıdıcı fəaliyyətlərini daha da
genişləndirdilər. Ölkədə islahat tələbləri ilə keçirilən aksiyalara
məzhəblər arası dava donu geyindirdilər. Müsəlmanlar üçün müqəddəs
olan qəbirləri dağıtmağa başladılar. Peyğəmbər səhabələrinin
qəbirlərini, ziyarətgahlarını uçurub dağıtdılar. Məzhəb davası
salmaq üçün bu fikri yaymağa çalışırdılar ki, qəbirləri uçuranlar
sünnilərdir. Bu absurd fikirdir. Heç bir sünni peyğəmbər nəvəsinin
məqbərəsini uçurmaz. Həzrəti Hüseyn təkcə şiə məzhəbinə məxsus
deyil, o, bütün müsəlman dünyasının dəyəridir. O cür mənfi
əməllərlə məşğul olan, müqəddəs yerləri uçuran insan sünni ola
bilməz.
- Bəs sünni olduğu iddia edən təfkirçilərlə həqiqi
sünniləri necə ayırd etmək olar?
- Təfkirçiliyə xas olan əsas xüsusiyyətlərdən biri inkarçı
olmaqdır. Onlar özlərindən başqa bütün məzhəbləri inkar edirlər.
"Bizim kimi düşünməyənlər bizim düşmənimizdir" düşüncəsi ilə
hərəkət edən insanlar qeyri-mötədil xətti təmsil edirlər və onların
islam ilə heç bir əlaqəsi yoxdur. Şiə və sünni məzhəblərinin
müxtəlif məsələlərə baxışı fərqli ola bilər, ancaq ümumi olaraq heç
biri digərini inkar mövqeyi tutmayıb. Bizim dinimiz insanlara
sevgini təbliğ edir. Düzdür, dinimizin ehkam tərəfi də var. Ancaq
bu ehkamlar ümumi qaydalardan ibarətdir. Dininin təbliğ etdiyi
şeylərin təməlində sevgi dayanıb. İnsanlara bunu çatdırmaq
lazımdır. Bu təfkirçilər isə, radikal qruplardır və heç bir mötədil
fikrə yaxın durmurlar. Sirr deyil ki, bu cür təfkirçilər əsasən
sələfilərin içərisindən çıxır. Düzdür, sələfilərin daxilində
mötədil din xadimləri də var. Ancaq radikallığın və təfkirçiliyin
əsas mənbəyi sələfilikdir.
- Bəs İraqda necə?
- İraqda da baş verənlər siyasi hadisələrdir, amma bəzi radikal
qruplar öz çirkin planlarına və siyasətlərinə dini alət edirlər.
Müsəlman ölkələrində "parçala hökm sür" siyasəti var olduqca, Qərb
dövlətlərinin talançı siyasətləri də işləməyə davam edəcək.
- İŞİD-in Azərbaycandakı tərəfdarları sizi narahat
etmir?
- Azərbaycanda da digər müsəlman dövlətlər kimi radikal təfkirçi
qrupları dəstəkləyən insanlar var. Ancaq şükürlər olsun ki,
Azərbaycanda onların sayı təhlükəli olacaq qədər deyil.
Azərbaycanlılar mötədil fikirlərə daha yaxındır. Bakı dünyanın dini
tolerantlıq mərkəzi sayılan şəhərlərdəndir. Ancaq bununla bərabər
onu da demək lazımdır ki, son zamanlar ölkədə baş verən hadisələr,
dini siyasətə alət edərək ölkəmizdə stabilliyi pozmağa xidmət edir.
Əlbəttə ki, bunun qarşısı alınmasa, onların ölkəmizdə genişlənməsi
bizimçün böyük fəsadlar törədəcək. Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Daxili İşlər Nazirliyi və
bir sıra güc strukturları bu məsələdə həssaslıqla qətiyyət
göstərməlidirlər. Ölkəmizdə dini stabilliyi pozmağa yönəlmiş
istənilən cəhdin qarşısı qətiyyətlə alınmalıdır ki, bunun
böyüməsinə imkan verilməsin.
- Radikal qrupların üstünə güc strukturları ilə getmək
nə dərəcə düzgündür?
- Mən onu nəzərdə tuturam ki, ölkədəki təhlükəsizliyi qorumaq
üçün qətiyyətli olmaq lazımdır. Ancaq istənilən halda məsələlərə
həssas yanaşmaq lazımdır.
- Siz şiə məzhəbindən olan insanlar arasında yetərincə
populyarsınız. Radikalların da özlərinə rəhbər saydıqları dini
xadimlər var. Özlərindən fərqli olaraq, rəhbər saydıqları insanlar
mötədil qrupa daxildir. Ən azından elə görünür. Bu mötədil
xadimlərlə birgə çalışaraq radikal silahlı qruplara qarşı birləşmək
fikrinə necə yanaşırsınız?
- Bu məsələ sizin saytınızda gündəmə gələndə də mən İŞİD
əleyhinə sələfi din xadimləri ilə birgə bəyanat verərək xalqa
Suriyaya getməmək çağırışı etməyə hazır olduğumu demişdim.
Radiodakı yayımda da dedim ki, istənilən şəxslə birgə bəyanat
verməyə və İŞİD kimi təfkirçi qrupları pisləməyə hazıram. Ancaq
Qamət Süleymanov razılaşmadı. İnsanın sözü ilə əməli bir-birini
tamamlamalıdır. Sözdə pislədiyin qrupları əməlinlə də pisləməlisən.
Yoxsa, söz ilə demək asandır. Əsas olan onu əməl ilə isbat
etməkdir. İnsan dilinə gətirdiyini hərəkətində də göstərmirsə,
deməli, o, fikirlərdə səmimi deyil.
- Demək istəyirsiniz ki, təqiyyə edirlər?
- Bəli, təqiyyə edirlər. Bunun adı təqiyyədir. Onların
inanclarında da çətin anda təqiyyə edərək dini baxışlarını
gizlətmək var. Onlar da bunu çox rahatlıqla edirlər. Təfkirçi
silahlı qrupları dəstəklədikləri halda onlarla bağlı
açıqlamalarında iki başlı, hər tərəfə yozula biləcək fikirlər
səsləndirirlər. Əgər İŞİD-i təfkirçi və islama aid olmayan qrup
sayırlarsa, gəlsinlər bir yerdə bəyanat verək və bu cür silahlı
qrupları pisləyək".