Bu mübarək Ramazanda Qəzzadakı qardaşlarımızın iftarı
ölüm, imsakı qanlı göz yaşlarıdır.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam
Allahşükür Paşazadə Beynəlxalq Qüds Günü ilə bağlı QMİ-də keçirilən
konfransda deyib.
QMİ sədrinin sözlərinə görə, zəmanəmizin özəlliyi ondan
ibarətdir ki, tarixi baxımdan çox nadir bir dönəmdə - iki
minilliyin və iki əsrin ortalarında yaşayırıq. Lakin çox
təəssüfedici haldır ki, XXI əsrin gəlişindən artıq 14 il keçməsinə
baxmayaraq, insanlığın ən böyük bəlası sayılan müharibələrdən,
qanlı savaşlardan, zülm və istismar niyyəti ilə edilən qardaş
qırğınlarından hələ də qurtulmaq mümkün olmur: "Bu gün dünya
xəritəsində qaynar nöqtələrin sayı sülh və rifah içində yaşayan
dövlətlərin sayından qat-qat çoxdur. Xüsusilə, bizim də ənənəvi
olaraq daxil olduğumuz İslam dünyasında baş verən son hadisələr hər
birimizi son dərəcə narahat edir. Çünki Qarabağ müharibəsinin,
Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi terrorunun
acılarını yaşayan bir xalq kimi biz azərbaycanlılar İraq
türkmənlərinin qətliamına, Suriyadakı qardaş qırğınlarına, hər gün
terrorçu İŞİD-in törətdiyi rəzalətlərə və hərbi cinayətlərə laqeyd
yanaşa bilmirik".
Qurani-Kərimin "Əraf" surəsindən sitat gətirən A.Paşazadə qeyd
edib ki, Allahın hökmü budur: "Yer üzü (iman və ədalətlə)
düzəldikdən sonra orada fəsad törətməyin". Amma bu gün vəziyyət
elədir ki, bir sıra dövlətlərin, o cümlədən Suriya, İraq,
Fələstinin, həmçinin terrorun səngimədiyi Əfqanıstan, Pakistan,
Liviya, Mali və digər müsəlman ölkələrinin müasir durumunu fəsad və
faciələr tarixi adlandırmaq olar: "Hər gün yüzlərlə müsəlman qətlə
yetirilir, uşaqlar yetim, analar ağlar qalır, qocalara, qadınlara
rəhm edilmir. Müsəlman dünyasının nadir sənət inciləri, memarlıq
abidələri, məscidlər, müqəddəs ziyarətgahlar, hətta xristian
kilsələri, pravoslav və katolik məbədləri də bombalanır,
yerlə-yeksan edilir. Ən qorxulusu isə odur ki, bu vəhşət içərisində
yeni bir sosial fəlakət - bir-birinə nifrət edən, bir-birinin
qanına susayan insanlar cəmiyyəti yaranır. Sözdə dünyanın
qloballaşdığı, mədəniyyətlərin yaxınlaşdığı, elmin, tibbin,
iqtisadiyyatın təkmilləşdiyi bir zamanda yaşayırıq. Amma reallıqda
insanlar arasında milli, dini, irqi zəmində nifrət və qarşıdurma
sayəsində bəşəriyyət sonu görünməyən bir uçuruma gedir və təəssüf
ki, bu qətliamın dayandırılması hələ ki, mümkün deyil".
QMİ-nin sədri həmçinin bildirib ki, bu gün qeyd edilən Qüds
Gününün hər il mübarək Ramazanın son cüməsində keçirilməsi
təşəbbüsü İslam dünyasının görkəmli ali dini lideri, ayətullah
Xomeyniyə aiddir: "Bildiyiniz kimi, əzəmət sahibi peyğəmbərlərin
vətəni Qüdsdə müsəlmanların ilk qibləsi sayılan Beytül-Müqəddəs
məscidindən Xatəmül-ənbiya Peyğəmbərimiz (s) Meraca qalxıb və ilahi
mükaliməyə vaqif olub. Qurani-Kərimdə Rəsulullahın mübarək bir
gecədə Allahın qüdrəti ilə Məkkədəki Məscidül-Həramdan ətrafını
mübarək etdiyi Məscidül-Əqsaya aparılması barədə Qüdsü ehtiva edən
məşhur ayə də var. Lakin o Qüds bu gün Qəzza üçün qan ağlayır. Bu
mübarək Ramazanda Qəzzadakı qardaşlarımızın iftarı ölüm, imsakı
qanlı göz yaşlarıdır. Qəzzadakı uşaqların hədiyyəsi oyuncaq deyil,
avtomat güllələri və başlarına yağan fosforlu bombalardır. Bu gün
Qəzzada İsrail hərbi qüvvələri, sionistlər və onların tərəfdarları
tərəfindən törədilən qətllər nəinki müsəlmanları, ürəyində Allah
rəhmi olan hər bir insanı, dilindən, irqindən, dinindən asılı
olmayaraq, hər bir bəşər övladını dəhşətə gətirir".
A.Paşazadə deyib ki, QMİ İslam dünyasında baş verən savaşlar,
qardaş qırğınları və təxribatlarla əlaqədar bu yaxınlarda xüsusi
bəyanat verib və müqəddəs Ramazan ayı ərzində savaşlara son
qoyulmasına çağırış edib. O, tədbirdə müsəlman ölkələri
səfirlərinin iştirakına görə təşəkkür edib və Qəzza ilə əlaqədar
qəbul ediləcək bəyanatın dünya ictimaiyyətinə, bütün dövlətlərə və
cəmiyyətlərə ünvanlanmasını istədiyini açıqlayıb: "Məqsədimiz budur
ki, dünyanın iqtidar gücündə olan dövlətləri, sülh yaratmağa səy
göstərən beynəlxalq təşkilatları və bütün insanlar dərk etsinlər
ki, Allahın bizim üçün yaratdığı bu dünyanı, sülh və əmin-amanlıq
üçün bizə əmanət etdiyi bu cahanı hikmət və barışla xilas etməyin
zamanı gəlib. Necə ki, Qurani-Şərifdə "Nəhl" surəsində buyurulur:
"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət
et". Biz əminik ki, Rəbbimizin hidayət yolundan azaraq günahsız
insanların qanını axıdanlar, terrora və qətliama haqq
qazandıranlar, gec, ya tez, mütləq Uca Yaradanımızın və cəmiyyətin
qarşısında cavab verəcəklər, inşallah!"
Konfransda İslam ölkələrinin Azərbaycandakı səfirləri, ölkədəki
müxtəlif dini icmaların liderləri və başqaları iştirak ediblər.
Trend