09:24
Müdafiə Nazirliyi bildirir
ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 71 dəfə pozulub.
Axar.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə
Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və
Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun
ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun
Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən
mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd,
Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun
Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Horadiz, Aşağı
Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy
rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
***
APA-nın verdiyi xəbərə görə isə, gedən şiddətli atışmalar nəticəsində
Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
***
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a itkilərin
olduğunu təsdiqləsələr də, dəqiq sayla bağlı məlumat
verilməyib.
Nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda düşmənin xeyli
itki verdiyi bildirilib:
"İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat
qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas
xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində
düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək
təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək
geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, Silahlı
Qüvvələrimizin bölmələri də itki verib".
***
Verilən digər məlumatda da qeyd olunur ki, iyulun 31-də saat
20.00-da Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində
düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü,
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsa Ziyad
oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və
yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
09:46
Bu dəqiqələrdə ANS Press-in yaydığı məlumata görə isə, cəbhə
xəttində baş verən şiddətli atışmadan sonra 11 hərbçimiz həlak
olub.