"Azəbaycanın hərbi hissələrində bir nömrəli hərbi
hazırlıq elan edilməlidir".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Federal
Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş polkovniki Sakit
Allahverdiyev öz Feysbuk səhifəsində çıxış edib.
O, dünənki hücumda qeyri-adi heç bir şeyin olmadığını və hər
şeyin müharibə qanunlarına uyğun olduğunu bildirib:
"Başın sağ olsun, Azərbaycanım! Heç bir səs-küy, panika
yaratmadan müharibəyə hər gün, hər an hazır olmaq lazımdır!
Müharibə qığılcımı hər gün, hər an böyük bir alova çevrilə bilir.
Burada qeyri-adi bir şey yoxdur, ancaq siyasi və müharibə
qanunauyğunluqları var. Bunu gözləmək, əvvəlcədən hesablayaraq
incələmək və nəticə çıxarmaq lazım idi. Müharibəni alovlandıran
hansı səbəblərdir? Son bir neçə ayda dünyada siyasi münasibətlər
tarazlığının pozulması və siyasi qarşıdurmanın savaş, müharibə
qarşıdurmasına çevrilməsi artıq reallıqdır. Şərq ölkələrində baş
verən daxili çevrilişlər son zamanlar xarici təcavüzə qarşı
çevrilən savaşlarla əvəz olunur. Amerika-Rusiya qarşıdurması
Suriyadan Ukrayna müharibəsinə çevrildi. Yaxın Şərqdə
İsrail-Fələstin qarşıdurması yenidən alovlanaraq qaynar savaşa
çevrildi. İŞİD Suriyadan hərəkatı İraqa çevirərək ölkəni zəbt edir.
Azərbaycan-Ermənistan sərhədində ermənilər təcavüz edirlər. Artıq
həlak olanlar var. Rusiyanın, Ermənistanın həmkarı olan İran
müqavilə bağlamasa, Hizbullaha yardım etmək məcburiyyətində qalacaq
və savaşın aktiv iştirakçısına çevrilə bilər".
O, Azərbaycanın bir nömrəli hərbi hazırlıq etməli olduğunu
deyib:
"Belə bir siyasi və müharibə şəraitində olan Azərbaycan dövləti
nə etməlidir? Azəbaycanın hərbi hissələrində bir nömrəli hərbi
hazırlıq elan edilməlidir! Unutmaq olmaz ki, üzdəniraq
düşmənlərimiz hər zaman belə siyasi və gərgin vəziyyətlərdən çox
məharətlə istifadə etmişlər və bu məharətin nəticəsi olaraq
torpaqlarımızı zəbt etmişlər".