"Qitənin qərarverici dairələrində münasibətlərin
necəliyindən asılı olmayaraq mən Avropa Birliyindəki ən yüksək
səviyyəli forumdakı imkanlarımdan faydalanaraq qondarma Qarabağ
respublikasının nəinki hər hansı yüksək səviyyəli tədbirlərə, hətta
ən adi görüşlərə qatılmasına imkan verməmişəm".
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Vüqar
Bayramov öz Feysbuk səhifəsində çıxış edib.
O, cəbhə xəttində baş verən son gərginlikdən sonra qlobal
arenaya çıxış imkanı olan hər birimizin fəal olmasının və ölkənin
maraqlarını müdafiə etməsinin çox vacib olduğunu deyib:
"Qarabağ məsələsi hər zaman mənimçün həssasdır: yalnız ona görə
yox ki, doğulduğum kənd işğal altındadır, həm də ona görə ki,
ölkəmizin ərazi bütövlüyü milli məsələdir. Təmsil olunduğum
müxtəlif beynəlxalq qurumlarda, o cümlədən, Avropa Birliyi Vətəndaş
Cəmiyyəti Forumunda Qarabağ ermənilərinin birlik forumlarında
təmsil olunması məsələsi hər zaman müxtəlif dairələr tərəfindən
süni və qərəzli şəkildə gündəmə gətirilib. Qitənin qərarverici
dairələrində kimlərin münasibətinin necə olmasından asılı
olmayaraq, mən Avropa Birliyindəki ən yüksək səviyyəli forumdakı
imkanlarımdan faydalanaraq qondurma Qarabağ respublikasının nəinki
hər hansı yüksək səviyyəli tədbirlərə, hətta ən adi görüşlərə
qatılmasına imkan verməmişəm. Cəbhə xəttində baş verən son
gərginlikdən sonra qlobal arenaya çıxış imkanı olan hər birimizin
fəal olması və ölkənin maraqlarını müdafiə etməsi çox vacibdir.
Cəbhə xəttində baş verən son gərginlikdən sonra erməni lobbisi
yenidən fəallaşaraq avropalılara Rusiyanın onları sıxdığını,
Moskvaya isə regional münaqişənin səbəbkarının sanki onlar
olmadığını təlqin etməyə çalışır. Ən ciddi məsələlərdən biri də
məhz erməni rəsmilərinin son hadisələrdən daxili siyasi alət kimi
istifadə etməsidir".
İqtisadçı Ermənistan hakimiyyətinin hələ bir müddət də Qarabağ
kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən
yayındırmağa çalışacağını bildirib:
"Ermənistan hakimiyyəti təmas xəttində son günlər müşahidə
edilən gərginlikdən daha çox daxili iqtisadi-sosial problemləri
xalqa unutdurmaq və yumşaq desək, erməni əhalisinin diqqətini
daxili çətinliklərdən Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır.
Artıq bir neçə gündür istər erməni mediası, istərsə də düşmən ölkə
nümayəndələrinin də üzv olduğu qlobal email qruplarda daha çox son
günlər baş verən gərginlik müzakirə edilməklə yanaşı, eyni zamanda
bu qarşıdurmalarda da ermənilər Bakını günahkar çıxarmağa
çalışırlar: baxmayaraq ki, nəinki Azərbaycan torpaqlarını işğal
edən, həmçinin son günlər təmas xəttində atəşkəsi pozan da məhz
Ermənistandır. Belə görünür ki, Ermənistan hakimiyyəti hələ bir
müddət də Qarabağ kartından istifadə edərək əhalinin diqqətini
daxili problemlərdən yayındırmağa çalışır. Aydındır ki,
sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda rəsmi Yerevan
ölkə gündəliyini məhz savaş xəbərləri ilə zəbt edə bilir.
Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi
daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən
ölkədə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox
artıb. Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu
da düşmən dövlətinin xarici asılılığının daha da dərinləşməsinə
gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn
hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir".
V.Bayramov hazırda Ermənistanda iqtisadi vəziyyətin bərbad
olduğunu söyləyib:
"Ermənistan digər ciddi problemlərdən biri yoxsulluq həddidir.
Mərkəzi Bankının hesablamalarına görə, təqaüdçülərin 60 faizindən
çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin
23.4 faizi yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin
İnkişaf Proqramının hesabatına əsasən, bu göstərici 48 faizə
bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4
nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən,
söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən, gündəlik
gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son
metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq
həddində yaşadığından xəbər verir. Ermənistan Dövlət Statistika
Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 15.9
faizdir. Beynəlxalq hesabatlarda isə bu göstərici 36 faizə yaxın
göstərilir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən
ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir.
İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin
sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik
vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Göründüyü kimi,
Ermənistan hakimiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib
çıxarmayıb: xarici borc asılılığı artır, yoxsulluq dərinləşir,
insanlar iş tapa bilmir. Belə olan halda isə, rəsmi İrəvan
hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına
uzatmağa çalışır".