"Azərbaycan Soçi görüşünə getməyə hazırdır, amma əsas
şərti görüşün gündəliyinin formalaşmasıdır".
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycan və
Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.
O, Soçi görüşünü Rusiyanın Qafqazda nəzarəti əlinə almaq üçün
keçirmək istədiyini bildirib:
"Rusiyanın Soçi görüşündə əsas məqsədi Azərbaycan qoşunlarının
uğurlu hərbi əməliyyatlarının dayandırılmasından ibarətdir. Görüşün
gündəliyinə atəşkəs rejiminin qorunması, həmçinin tərəflərin
kompromisə gəlinməsi məsələsi salınıb. Putin burada hiyləgər addım
atır. O, əvvəlcə xeyli şirnikləndirici vədlərlə Azərbaycanı öz
yanına çəkməyə çalışdı. Lakin birdən-birə Avrasiya İttifaqına
üzvlüklə bağlı sərt tələblər gəlməyə başladı. Bunların heç biri
diplomatik qanuna uyğunluqlar çərçivəsində edilmədi. Azərbaycan
buna etiraz edəndə Moskva Ermənistan vasitəsilə Bakının təhdidinə
başladı. Bu hadisələr elə bir zamanda baş verdi ki, həmin vədədə
ölkənin ordusunu idarə edəcək iki şəxs qısamüddətli məzuniyyətdə
idilər. Onlar elə təsəvvür edirdilər ki, ermənilərin əməliyyatları
uğurlu olacaq. Lakin bunun qarşısı alındı. Tezliklə hər iki şəxs
geriyə döndü və qoşunlar səfərbər edildi, əks hücumla ermənilərə
yaxşı göz dağı verildi. Moskva öz planının baş tutmadığını görəndə
Soçi görüşü ideyasını ortalığa atdı. İndi Bakı görüşün gündəliyinin
formalaşdırılmasını tələb edir. Onlar deyirlər ki, tərəflər
kompromisə gəlməlidirlər. Amma bu, deklorativ bir çağırışdır. Digər
tərəfdən isə Soçi görüşü Fransa və ABŞ-ı hadisələrdən kənarda qoyub
Cənubi Qafqazda nəzarəti əlinə almaq imkanı yaratmaq üçündür.
Azərbaycan Soçi görüşünə getməyə hazırdır, amma əsas şərti görüşün
gündəliyinin formalaşmasıdır. Əliyev görüşdə münaqişənin həlli və
atəşkəs rejiminin qorunub saxlanılması mexanizminin hazırlanmasını
tələb edir. Əgər bu görüş ermənilərə nəfəslərini dərməyə imkan
vermək və Bakıya təzyiqlər etmək üçün nəzərdə tutulursa, inanmıram
ki, o, baş tutsun".
Politoloq Moskvanın indiki şəraitdə Bakıya təsir edə
bilməyəcəyini söyləyib:
"Sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi məsələsi
çoxdan var, amma Bakı buna etiraz edir. Azərbaycan Rusiyanın yox,
Qazaxıstan sülhməramlılarının yerləşdirilməsini istəyir. Azərbaycan
yeddi rayonun qaytarılmasından sonra sülhməramlıların
yerləşdirilməsi niyyətindədir. İşğalın sonlandırılması prosesi
olmayınca, bölgəyə hansısa sülhməramlıların gətirilməsi məsələsi
müzakirə edilə bilməz. Ona görə də Putinin Əliyevə təzyiq etməsi
məsələsi boş şeydir. Moskva yaxşı bilir ki, indiki şəraitdə
Azərbaycana təzyiq göstərmək olmaz. Çünki artıq gecdir".
Qeyd edək ki, prezidentlərin Soçi görüşü avqustun 8-nə nəzərdə
tutulur.