Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen
Blank "Amerikanın Səsi"nə müsahibədə Azərbaycan və Ermənistan
prezidentlərinin Soçi görüşünü şərh edib. Rusiyanın məramları ilə
bağlı dərin şübhələrini ifadə edən ekspert görüşlərdən real nəticə
gözləmədiyini bildirib.
Müsahibəni təqdim edirik:
- Cənab Blank, Azərbaycan və Ermənistan prezidentləri bu
günlərdə Soçidə görüşdülər. Bu görüş nə kimi nəticə
verdi?
- Düşünmürəm ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki,
tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə
alqışlandılar. Heç kim bu görüşdən sülhə doğru real proqres
gözləmirdi. Mənim gözlənitlərim aşağıdır, çünki Rusiyanın sülhdə
marağı yoxdur. Və başqa heç kəs aktiv rol oynamaq istəmir. Ona görə
də hökumətlər üzərində sülhə nail olmaq üçün xarici təzyiq
yoxdur.
- Görüş ruslar tərəfindən, konkret olaraq prezident
Vladimir Putin tərəfindən təşkil olunmuşdu. Rusiyanın bu konfliktdə
rolunu necə görürsünüz? Moskva Dağlıq Qarabağda sülhdə
maraqlıdırmı?
- Xeyr. Onlar müharibənin baş verməsində maraqlı deyillər. Amma
onlar istəyərdilər ki, nəzarətli qaydada gərginliklər qalsın. Bu,
onların maraqlarına cavab verir. Onlar Azərbaycana da, Ermənstana
da silah satırlar. Onların Ermənistanda qoşunları var. Bu həll
olunmamış münaqişə onlara Cənubi Qafqazda dominant qüvvə olmağa
imkan verir.
- Son bir neçə həftədə təmas xəttində eskalasiya
müşahidə olunub. Sizcə hərbi konfliktin yenidən baş qaldırması
şansları nə dərəcədə realdır?
- Hesab edirəm ki, insidentlərin yenidən baş qaldırması ehtimalı
kifayət qədər yüksəkdir, hətta müharibənin də. Hər iki tərəf
silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki,
müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın.
Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş
verə bilər.
- Əgər Dağlıq Qarabağda hərbi münaqişə baş versə, bu, nə
kimi mahiyyət daşıya bilər? Bunun nəticəsi necə olar?
- Müharibə olsa, Ermənistan da, Azərbaycan da uduzacaqlar və
yeganə qalib Moskva olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud
da hədə yolu ilə münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə
salacaq.
Məncə Ermənistan da, Azərbaycan da uduzacaqlar. Yeganə qalib Moskva
olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə
münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə salacaq. Ona görə də
hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Çünki
qarşıdurma nə qədər uzanırsa, bir o qədər müharibə ethimalı artır.
Onlar hər ikisi Rusiyanın caynaqlarına düşə bilərlər. Onlardan heç
biri də bunu arzulamır. Biz artıq görürük ki, Ermənistana nə olub.
Bu ölkə xarici siyasətdə, bəldə də daxili və iqtisadi siyasətdə
müstəqillyini faktiki uduzub. Ermənistan Dağlıq Qarabağdakı
ambisiyalarının girovuna çevrilib.