QAT cəbhəboyu kəndlərə xüsusi statusun verilməsini
təklif edir.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cəbhə bölgəsinə
səfərinin yekunları ilə bağlı Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevə məktub göndərib.
Modern.az-ın məlumatına görə, məktubda cəbhə bölgələri, yerli
əhali ilə bağlı bir sıra təkliflər irəli sürülür.
Məktubda göstərilir: "Biz bir neçə gün əvvəl cəbhə bölgəsində,
Ağdam, Bərdə, Tərtər rayonlarında, qoşunların təmas xəttindəki
Qapanlı, Çıraqlı, Çəmənli, Əfətli kəndlərində yerli əhali ilə
görüşmüş, söhbətlər aparmışıq. Məqsədimiz cəbhə bölgəsində olan
insanlara mənəvi dəstək vermək, arzularını, istəklərini dinləmək,
onlara imkanımız daxilində yardımçı olmaqdır. Bizim bu təşəbbüsümüz
torpaqlarımızın işğaldan azad olunması işinə yardım etmək, payımızı
vermək istəyindən irəli gəlir.
Qeyd etməliyik ki, olduğumuz ərazilərdə əhval-ruhiyyə, vəziyyət
yaxşı səviyyədədir. İnsanların Milli Orduya və qələbəyə inamı
güclüdür. Hər yerdə insanların Ali Baş Komandanın əmrini
gözlədiklərinin, döyüşə hazır olduqlarının şahidi olduq.
Ümumi işimizin xatirinə bəzi problemləri də Sizin diqqətinizə
çatdırmağı özümüzə borc bilirik. Bu problemləri yerli əhalinin
nümayəndələri dilə gətirib və həllini istəyiblər. Biz hesab edirik
ki, ictimai təşkilatların bu cür səfərlərinin əsas məqsədlərindən
biri məhz problemlərin ortaya çıxarılması və ölkə rəhbərliyinə
çatdırılmasıdır ki, həmin problemlər vaxtında həllini tapsın və
ciddi fəsadlar törətməsinə imkan verilməsin. Elə problemlər var ki,
yerli məmurlar onları ya görə bilmir, ya görmək istəmir, ya da
yuxarı instansiyalara çatdırmaqdan çəkinir. Biz bu problemləri və
təklifləri ictimailəşdirməyi, ölkə rəhbərliyinin diqqətinə
çatdırmağı özümüzə borc bilir və hesab edirik ki, bu proses
bütövlükdə dövlətçiyimizin möhkəmlənməsinə xidmət edir. Nəzərədə
tutduğumuz, eşitdiyimiz, gördüyümüz problemləri diqqətinizə
çatdırırıq.
Birinci. Qoşunların təmas xəttində yerləşən
kəndlərə, məsələn, Ağdamən Əfətli, Çıraqlı, Çəmənli, Tərtərin
Qapanlı, Qaradağlı, Qazaxın Məzəm, Tovuzun Əlibəyli, Goranboyun
Tapqaraqoyunlu kimi kəndlərə dövlət tərəfindən xüsusi status
verilməsinə ehtiyac var. Bu kəndlərin əhalisinin hər cür
vergilərədən azad olunması, işıq, qaz pullarının ödənilməsində
güzəştlərin edilməsi, kənd təsərrüfatı işləri üçün pul şəklində
yardımın göstərilməsi və sair məsələlər nəzərdə tutula bilər.
Yuxarıda qeyd etdiyimiz kəndlərin adları şərtidir, bu kəndlərin
siyahısı dövlət komissiyası tərəfindən dəqiq müəyyən edilə
bilər.
İkinci. Bu kəndlərdə təhsillə bağlı problemlər
var, atəşkəsin tez-tez pozulması dərslərin müntəzəm və keyfiyyətli
həyata keçirilməsinə imkan vermir. Ona görə də bu kəndlərin
məzunlarına ali məktəblərə qəbul zamanı imtiyazların nəzərədə
tutulması, təhsil haqqından azad olunmaları yaxşı olardı.
Üçüncü. Bu kəndlər daim atəş altındadırlar.
Vaxtaşırı düşmən gülləsinə özləri, heyvanlar, evləri,
təsərrüfatları tuş gəlir. Kəndlərin əhalisi bu hadisələr zamanı
onlara dövlət tərəfindən heç bir yardımın göstərilmədiyini
bildirirlər. Məsələn, Tərtərin Qapanlı kəndində Daşqın Əliyev
düşmən gülləsindən yaralanıb, onun müalicəsinə dövlət tərəfindən
heç bir yardım göstərilməyib. Yenə həmin kəndin sakini Emin
Tanrıverdiyevin ot tayası düşmən gülləsi ilə yanıb, 700 ədəd ot
bağlaması (2500 manatlıq) yanıb, ona pulla və ya otla yardım edən
yoxdur. Belə misallar çoxdur. Ona görə də hesab edirik ki, bu
məsələlərə xüsusi diqqət yetirilməli, düşmən gülləsindən ölən kənd
sakinlərinin yas mərasimi, yaralananların müalicəsi,
zərərçəkənlərin zərəri dövlət tərəfindən ödənilməlidir. Cəbhəboyu
kəndlərin hər birində tibb məntəqəsi və ən azından bir təcili
yardım maşınının olmasına ciddi ehtiyac var.
Dördüncü. Tərtərin Qapanlı kəndində, Ağdam –
Bərdə - Tərtər "Dörd yolu"ndakı qəsəbələrdə içməli su problemi var.
Artezian quyuları vurulub, lakin dayaz vurulduğuna görə içmək
mümkün deyil, əhali suyu pulla alır. Bu hal ciddi problemlər
yaradır. Ona görə də təcili həll olunmalıdır.
Beşinci. İnsanlar, xüsusilə də gənclər
işsizlikdən əziyyət çəkirlər. Yeni iş yerlərinin açılmasına ehtiyac
vardır. Dövlət başçısı İlham Əliyevin ölkənin sənayeləşdirilməsinə
dair irəli sürdüyü proqram üzrə bu ərazilərdə kiçik və orta sənaye
müəssisələrinin tikilməsi çox yaxşı olardı.
Biz iddia etmirik ki, bu problemlərdən Sizin və ya digər dövlət
orqanlarının xəbəri yoxdur. Biz sadəcə, bu problemləri bir daha
gündəmə gətirməyi, yazıb Sizə göndərməyi özümüzə borc bilirik.
Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən
təşəkkürümüzü bildiririk".