Azərbaycanın daxili işlər naziri, general-polkovnik
Ramil Usubov noyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi
xanım Maylis Repsi qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, qonağı salamlayan nazir DİN-in funksiyası və fəaliyyət
istiqamətləri barədə qısaca məlumat verib, son illər Azərbaycan
Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar
əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırıb. O, qeyd
edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının
təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən
tədbirlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz hələ Avropa Şurasının
üzvü olmamışdan əvvəl, ötən əsrin 90-cı illərinin ikinci yarısında
Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı
ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik
dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul
edilib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön
plana çəkilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" sərəncamlarından irəli gələn
vəzifələrin tam yerinə yetirilməsi məqsədi ilə DİN-də xüsusi
Tədbirlər Planı hazırlanaraq icraya yönəldilib. Əməkdaşların
peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən
bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli
şəkildə həyata keçirilir. Yalnız insan hüquqları üzrə ölkəmizdə və
xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə son 4 ildə DİN-in
1500-ə yaxın əməkdaşı iştirak edib.
Bildirilmişdir ki, vətəndaşların məruz qaldığı hüquqazidd
əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi
baxımından yaradılmış 102 Xidməti, fövqəladə vəziyyətlərə çevik
reaksiya verilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə
Sistemi, "Qaynar xətt", elektron poçt ünvanı da ictimaiyyətlə
əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə
götürülərək operativ həllində böyük rol oynayır.
Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi
işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş
münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin
olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi
məqsədilə, ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci
ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis
orqanlarında "Cəmiyyət dəstəkli polis" layihəsi həyata
keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə
qanunvericiliyində müvafiq dəyişiklik edildiyini vurğulayıb.
Qonağın nəzərinə o da çatdırılıb ki, əməkdaşlar tərəfindən insan və
vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər
nazirliyin aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv
şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər
görülür. Təkcə son 5 ildə və cari ilin 9 ayı ərzində vətəndaşlarla
kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş
hüquqlarını pozduqlarına görə 1482 əməkdaş cəzalandırılmış, o
cümlədən 114 nəfər daxili işlər orqanlarında xidmətdən xaric
edilib, 109 nəfər tutduğu vəzifədən azad olunub, 20 nəfər isə
cinayət məsuliyyətinə cəb olunub. Görülən bu və digər məqsədyönlü
işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə
şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquq və azadlıqlarının
pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən
şikayətlərin sayı 2 dəfə azalıb.
Polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir
standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər
görülür. 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis
orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunub, 51 MSY-də
isə əsaslı təmir işləri aparılıb.
Müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin
həyatında böyük və mühüm rolu olduğunu xatırladan nazir bu məqsədlə
rəhbərlik etdiyi qurum tərəfindən ictimai təhlükəsizliyin təmin
edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin
möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri
ilə əməkdaşlığın genişləndirilməsi, hüquqi-maarifləndirmə işinin
gücləndirilməsi yönümündə də zəruri işlər görüldüyünü bildirib.
Xanım Maylis Reps səmimi qəbula, ətraflı məlumata və görülmüş
işlərə görə təşəkkür edərək, insan hüquq və azadlıqlarının
qorunması sahəsində istənilən ölkə polisi üçün vətəndaş dəstəyinin
mühüm amil olduğunu vurğulayıb.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili
işlər naziri məruzəçini maraqlandıran sualları ətraflı
cavablandırıb ( Trend ).