Sentyabrın
19-da Parisin San- Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən
"Azərbaycan şəhərciyi" təşkil olunub. Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə
iştirak edib.
Axar.az AzərTAc-a istinadən xəbər verir ki, "Azərbaycan
şəhərciyi" ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm
imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgiləri özündə
birləşdirir. Şəhərciyin təşkil olunmasında əsas məqsəd xaricdə
Azərbaycanın daha yaxşı tanıdılması, Fransada və onun paytaxtında
bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin
etməkdir. Heydər Əliyev Fondunun budəfəki təşəbbüsü də məhz bu
məqsədə xidmət edir.
Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan-
Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin
mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib.
Ölkəmizin sürətlə inkişaf etdiyini deyən mer son illərdə
Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox
tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu
qeyd etdi.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış
edib.
Birinci xanım Mehriban Əliyevanın çıxışı
- Hörmətli cənab mer!
Hörmətli Azərbaycanın Dostları Assosiasiyasının üzvləri!
Əziz qonaqlar, əziz dostlar, xanımlar və cənablar!
Parisin mərkəzində və onun ən gözəl guşələrindən biri olan
Sən-Süplis meydanında "Azərbaycan şəhərciyi"nin açılışında hər
birinizi ürəkdən salamlayıram.
İlk növbədə Azərbaycanı, onun tarixini, incəsənətini və
mədəniyyətini tanıdan bu layihənin hazırlanmasına və keçirilməsinə
yardım göstərən hər bir şəxsə, xüsusən də Paris şəhərinin VI
rayonunun meri cənab Jan-Pyer Lökoqa və onun komandasına öz dərin
minnətdarlığımı bildirirəm.
Fransada həyata keçirilən layihələr Azərbaycan tarixini,
mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynayır.
Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük
əhəmiyyət verir. Mən çox sevinirəm ki, son illər bu münasibətlər
strateji əməkdaşlıq xarakteri daşıyır. Həm dövlət, həm də
qeyri-dövlət strukturları, biznes sektoru, ictimai təşkilatlar
arasında işgüzar əlaqələr qurulur və inkişaf edir.
Azərbaycan ilə Fransa bir çox sahələrdə əməkdaşlıq qurub,
xüsusən də şəhərsalma, nəqliyyat, kosmos, şərabçılıq və digər
sahələrdə artıq işgüzar əlaqələr yaranıb və bu əlaqələr ildən ilə
inkişaf edir.
Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət
tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard
dollara çatıb. Azərbaycanda əllidən çox fransız şirkəti fəaliyyət
göstərir.
Əlbəttə, xalqlarımız, ölkələrimiz arasında münasibətlərin
möhkəmlənməsində humanitar və mədəniyyət sahəsində olan əlaqələr
çox böyük əhəmiyyət daşıyır. Mən çox şadam ki, son iki il ərzində
bu sahədə bir çox layihələr həyata keçirilib. Bir misalı sizin
diqqətinizə çatdırmaq istərdim. Parisə gəlməmişdən əvvəl,
sentyabrın 15-də ölkəmizin paytaxtı Bakıda Azərbaycan dövlətinin
vəsaiti ilə inşa olunan ilk fransız liseyinin açılışında mən dövlət
başçısı ilə bərabər iştirak etdim və çox şadam ki, müasir təhsil
ocağı artıq ilk şagirdlər üçün öz qapılarını açıb.
Fransada isə biz mütəmadi olaraq artıq ənənəvi şəkildə
Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçiririk və çox
sevindirici haldır ki, təkcə Parisdə yox, Fransanın müxtəlif
regionlarında, müxtəlif şəhərlərində Azərbaycanı tanıdan,
Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla
qarşılanır. Mən çox şadam ki, bizim birgə səylərimiz nəticəsində
Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artır. Bu sırada,
bu yaxınlarda öz fəaliyyətini bərpa edən Fransadakı Azərbaycanın
Dostları Assosiasiyasını biz ürəkdən salamlayırıq, onun
fəaliyyətini alqışlayır və dəstəkləyirik.
Əziz dostlar, bu on gün ərzində "Azərbaycan şəhərciyi"ndə
sizlərə Azərbaycanın keçmişi, bu günü və gələcəyi, Azərbaycanın
tarixi, mədəniyyəti, incəsənəti və musiqisi barəsində dolğun
məlumat veriləcək. Eyni zamanda, biz zəngin mədəni proqram
hazırlamağa çalışmışıq. Ənənəvi və klassik musiqi, caz konsertləri,
müxtəlif rəqs ansambllarının çıxışları sizə təqdim olunacaq.
Ümidvaram ki, bu layihə də qəlbdən qəlbə ənənəvi, növbəti bir körpü
olacaq.
Sonda qeyd etmək istərdim ki, sərginin, bu yarmarkanın bir qismi
bildiyiniz kimi gələn il ölkəmizdə keçiriləcək Avropa oyunlarına
həsr olunub. Bu, həm ölkəmiz, həm də Avropanın idman hərəkatı üçün
çox əhəmiyyətli bir tədbirdir. Bu gün Azərbaycanda bütün lazımı
tədbirlər görülür və ümidvaram ki, oyunlar əmin-amanlıq, həmrəylik
və sağlam rəqabət şəraitində keçiriləcək.
Mən fürsətdən istifadə edərək sizləri bu tarixi oyunları izləmək
üçün ölkəmizə dəvət edirəm.
Əziz dostlar, dəvətimizi qəbul edib bu axşam bizimlə olduğunuza
görə sizə dərin minnətdarlığımı bildirirəm və sizə xoş axşam
arzulayıram.
Sağ olun!
***
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-
Fransua Mansel də bu cür tədbirlərin ölkələrimiz arasında
əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. O, zəngin
mədəniyyətə malik ölkəmizin üzləşdiyi ən böyük problemi - Dağlıq
Qarabağ münaqişəsini diqqətə çatdırdı və bildirdi ki, Azərbaycan
rəhbərliyi bu münaqişəni sülh yolu ilə həll etmək istəyir.
Sonra "Azərbaycan şəhərciyi" ilə tanışlıq oldu. Bu şəhərcikdə
ölkəmiz haqqında müxtəlif istiqamətlərdə müfəssəl məlumatlar öz
əksini tapıb. "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri" sərgisində min illərdir ölkəmizdə yaranıb inkişaf edən
mədəniyyət barədə müfəssəl məlumat verilir. Azərbaycanın qədim və
zəngin tarixinə, mədəniyyətinə dair eksponatların, o cümlədən
misgərlik məmulatlarının, şəbəkələr, milli geyimlər, milli musiqi
alətləri və Azərbaycan xalçalarının geniş çeşidinin təqdim olunduğu
şəhərcikdə "Azərbaycana səyahət" turizm sərgisi vasitəsilə
ölkəmizlə daha yaxından tanışlıq imkanı yaradılıb.
Burada, həmçinin "Bakı 2015" Birinci Avropa Oyunlarına
hazırlığın təqdimatı da keçirildi, indiyə qədər görülən işlə barədə
qonaqlara məlumat verildi.
Sentyabrın 28-dək davam edəcək sərgi-yarmarkada Azərbaycan
incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert
proqramları ilə salamlayacaqlar. Dövlət Rəqs Ansamblı, "Natiq" ritm
qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri
Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın
klassik, caz və muğam sənəti təqdim ediləcək.
Açılış mərasimində iştirak edən kəndirbazların və pəhləvanların
çıxışları da maraqla qarşılanıb. Müxtəlif Azərbaycan şirkətlərinə
aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq
nümunələri sərgilənir. Bu da ölkəmizin təbiəti, xalqımızın məişəti,
adət-ənənələri barədə qonaqlarda dərin təəssürat yaradır.
"Azərbaycan şəhərciyi"ndə milli mətbəximizi nümayiş etdirən
köşklər də qurulub.
Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrlərinin
təqdim olunduğu sərginin ən maraqlı bölmələrindən biri də
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yaradıcılığı ilə bağlı materialların, həmin dövrə aid arxeoloji
tapıntıların - zərgərlik nümunələrinin, məişət əşyalarının, orta
əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin
reproduksiyaların, miniatürlərin əks olunduğu çini qabların,
"Xəmsə"yə daxil olan poemaların süjetləri əsasında işlənən
xalçaların sərgilənməsidir.
Sonra "Fransa Azərbaycan rəssamlarının gözü ilə" rəsm sərgisi
ilə tanışlıq olub. Sərgidə rəssamlar Xalidə Səfərova və Kamil
Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin
toplandığı ekspozisiya Fransaya həsr edilib. Əsas qəhrəman da
Fransa və onun paytaxtı Paris və regionlarıdır. Burada fırça
ustalarımız özlərinə məxsus bədii üslubda maraqlı sənət əsərlərini
təqdim edirlər.
Tədbir tanınmış caz ifaçısı, Əməkdar Artist İsfar Sarabskinin
konserti ilə davam edib. Parisdə musiqi janrları arasında
sərbəstliyi ilə seçilən caz səslənib - müstəqil, eyni zamanda dərin
və mənalı musiqi. Bu axşam Azərbaycan məhz bu musiqinin təqdimatı
ilə Parisin qəhrəmanı olub.
Ölkəmizdə çox dərin caz ənənələri var. Səbəblərdən biri isə odur
ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə
improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Ölkəmiz
Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə
bilər. Azərbaycan cazının əsasında milli ab - havanın birləşməsi
ilə yaradılan fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan
cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı
improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi
yeni mükəmməl tandem – caz-muğam üslubudur.
Beləliklə, Azərbaycan Paris tamaşaçılarının qarşısına fərqli
ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb. Bu gecə
Fransa paytaxtında heç bir qaydalara tabe olmayan, yalnız
improvizasiyaya təslim olan caz ritmləri hökm sürüb.