"Rusiyanın "Lukoyl",
Amerikanın isə "Rokfeller" neft nəhənginin fəaliyyət istiqamətində
yeni addımların atılmasının altında tədbirləyici məqamlar
yatır".
Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov
"Lukoyl" və "Rokfeller" neft şirkətlərinin yeni fəaliyyət
istiqamətini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, neft
şirkətləri, xüsusilə də mavi qazın istehsalı ilə məşğul olan bu
şirkətlər öz istehsal coğrafiyasını diversifikasiya (şaxələnmə)
etməyə çalışırlar:
"Əsas məsələ ondan ibarətdir ki, investisiyanın diversifikasiya
olunması birmənalı şəkildə həmin şirkətlərə daha dayanıqlı gəlir
imkanı verir . Bu da bir sektordan asılılığı aradan qaldırır. Hər
iki dünyaca məhşur şirkətin enerjidən kənar sektorlara vəsait
yönəltməsi investisiyaların diversifikasiyası ilə bağlıdır ki, bu
da həmin şirkətə gələcəkdə neft bazarında qiymət azalmasından
sığortalanmaq imkanı verəcək. "Lukoyl"un enerjidən kənar sferaya
investisiya yönəltməsi onu göstərir ki, şirkətin gələcəkdə neftin
qiymətində kəskin azalmaların olacağı ilə bağlı müəyyən narahatlığı
var. İkincisi isə bu azalmanın baş verməsi zamanı şirkətin
investisiya imkanlarının ciddi şəkildə məhdudlaşacağı ilə bağlıdır.
Buna görə də "Lukoyl" öncədən qabaqlayıcı tədbirlər həyata keçirir.
Nəzərə alaq ki, şirkət Rusiyanın ən böyük neft şirkətlərindən
biridir, Rusiya isə hazırda sanksiyalara məruz qalan ölkədir.
Hələlik sanksiyalar Rusiyada neft ixracatına təsir göstərmir, amma
İran, İraq kimi ölkələrin timsalında sanksiyaların artırılması
coğrafiyasına diqqət yetirsək görərik ki, Rusiyanın neft ixracatına
müəyyən sanksiya və kvotaların tətbiqi və belə olan halda ölkənin
gələcəkdə nefti yalnız mübadilə yolu ilə sata biləcəyi istisna
deyil. Bu da "Lukoyl"un gələcəkdə Rusiyanın neft ixracının kəskin
aşağı düşməsi ilə gəlirlərinin azalmasından dolayı yaranan
narahatlığını əsaslandırır. Buna görə də şirkət sanksiyalar daha
geniş hal almadan başqa sektorlara investisiya qoymaqla özünü
sığortalamağa çalışır".
Ekspertin fikrincə, ikinci bir məsələyə - alternativ enerji
mənbələrinin kəşfinə gəldikdə isə bu, Rusiya-Qərb qarşıdurması üçün
yeni bir mesajdır:
"Mesaj ondan ibarətdir ki, Qərb artıq birmənalı şəkildə
alternativ enerjinin satılması və kəşfi ilə bağlı investisiyaların
həcmini artıracaq. Söhbət innovatik olaraq tədqiqat mərkəzlərinə
alternativ enerji mənbələrinin tapılmasına görə Qərbin ciddi
dəstəyindən gedir. Gözlənilən odur ki, Rusiya- Qərb qarşıdurması və
gələcəkdə Rusiyanın iqtisadi baxımdan ciddi şəkildə sıxışdırılması
üçün Qərb alternativ enerji kəşfinə daha çox vəsait xərcləyəcək. Bu
da praktik olaraq Rusiyanın enerji imkanlarını minimuma endirə
bilər. "Lukoyl" isə məhz belə bir təhlükənin yarana biləcəyindən
ehtiyatlanaraq bu addımı atıb.
Bu, Azərbaycan üçün də keçərlidir. Bildiyiniz kimi, ölkədə
Dövlət Neft Fondu tərəfindən vəsaitlərin diversifikasiyası
(şaxələnməsi) həyata keçirilir. Neftdən alınan gəlirlərin
qeyri-neft sektorlarına yatırılmasını məqsədəuyğun hesab edirəm.
Çünki ancaq belə olan təqdirdə Azərbaycan gələcəkdə alternativ
enerji mənbələrinin tapılması və enerji ixracatı ilə bağlı hər
hansı regional problemlərdən konpensasiya oluna bilər.
Xatırladaq ki, ötən gün Rokfeller Qardaşları Fondu mətbuat
konfransında neft biznesindən çəkilmək barədə düşündüklərini və
ekoloji baxımdan daha təmiz sahələrə investisiya yatırmaq
istəklərini açıqlayıblar. "Lukoyl" isə Arxangelsdə almaz
yataqlarına sərmayə yatırıb və ilk partiya ötən gün tamamilə
satılıb. Şirkət prezidenti V.Ələkbərov bu yeni sahədə uğurları
davam etdirmək niyyətini dilə gətirib.
Dünyanın bu iki neft nəhənginin neft biznesindən başqa sahələrə
də yatırım qoyması birmənalı qarşılanmır. Bəzi mütəxəsislərin
fikrincə, artıq alternativ enerji qaynaqları yaxın on ildə çıxa və
neft biznesi tədricən süquta uğraya bilər.