Səbəb Fransa Milli Assambleyasının üzvü Fransua
Roşeblounun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz
səfəridir.
Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərinə səfəri və 23-26 sentyabr
tarixlərində Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində
Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin də
təmsil olunması ilə əlaqədar Azərbaycan Respublikasının Fransadakı
səfirliyi tərəfindən Fransanın Xarici İşlər Nazirliyi, Fransa Milli
Assambleyası və turizm sərgisinin təşkilatçısı olan şirkətə müvafiq
olaraq etiraz notası və məktubları göndərilib.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat
verib.
H. Hacıyev bildirib ki, Fransa prezidenti Fransua Ollandın
təşəbbüsü ilə bu ilin oktyabr ayının sonunda Fransada Azərbaycan və
Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində
Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri
altında olan Fransua Roşebloun kimi şəxslər tərəfindən məqsədyönlü
şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə
Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir: "Ermənistan və
Fransadakı erməni diasporunun təsiri altında olan və şovinist və
irqçi baxışlara malik Fransua Roşeblaun Azərbaycan Respublikasının
işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış
qondarma rejimlə qurduğu təmaslarla separatizm, etnik təmizləmə,
insanlığa qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac
verir".