5 oktyabr müəllimlər günü münasibətilə Azərbaycanın bir
çox təhsil müəssisələrində pul yığımına başlanılıb.
AzNews.az xəbər verir ki, Təhsil Nazirliyi müəllimlər günü ilə
bağlı məktəblərdə pul yığılması faktı aşkarlanarsa, müəllim və ya
direktorların işdən azad olunacağı ilə bağlı xəbərdarlıq edib.
Təhsil Nazirliyinin bugünkü açıqlamasından sonra AzNews.az
oxucularının köməyi ilə bəzi orta məktəblərdəki müəllim gününə
hazırlıqlarla bağlı məlumatlar əldə edib.
Məlum olub ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, bəzi
məktəblərdə artıq haqq hesab ünvanına çatıb, bəzilərində isə
validdeynlərə bir-iki günlük möhlət verilib...
Abşeron rayonu, Xırdalan şəhər 3 saylı orta
məktəbində nə qədər qəribə olsa da, müəllimə ayrı,
direktora isə ayrıca pul yığılır. Beləcə, hər uşaq 10 manat məktəb
direktorunu, 10 manat isə ibtidai sinif müəllimini təbrik etmək
üçün pul verməlidir.
Şəhərdəki 1 nömrəli məktəbdə isə məbləğ bir az
da böyükdür. Belə ki, hər uşaq müəllimini təbrik etmək üçün 25
manat pul verməlidir. Bunun 15 manatı direktora, 10 manatı isə
müəllim üçün nəzərdə tutulub.
Müəllimlər günü ilə bağlı valideynlərin səfərbər olduğu digər
məktəblərdən biri isə Binəqədi rayonu 314 nömrəli
məktəbdir. Bu təhsil ocağında müəllimləri təbrik etmək üçün konkret
məbləğ deməsələr də, valideynlər öz aralarında 20 manat pul
yığılmasına razılaşıblar.
5 oktyabrla bağlı Xətai rayonu 165 nömrəli
məktəbdə də valideynlərə ismarış göndərilib: "Müəllimlər günü ilə
bağlı 25 manat gətirin!"
Səbayıl rayonu Badamdar qəsəbəsi 236 nömrəli
məktəbdə də müəllimin təbrik məzənnəsi 20 manatdır.
Yasamal rayonu 225 nömrəli təhsil mərkəzində də
20 manatla müəllimləri təbrik edəcəklər.
Yasamal rayonu 172 saylı məktəbdə isə deyəsən,
müəllimlərin "hörməti" daha çoxdur. Belə ki, həmin məktəbdə
uşaqlardan ümumi 35 manat pul yığılır. Müəllimlərin bayramına qədər
artıq uşaqlardan 20 manat yığılıb. Yığılan məbləğ kifayət
etmədiyindən şagirdlərdən əlavə 15 manat da pul alınıb.
Nazirliyin qadağalarını qulaq ardına vuranlardan biri də
Bakıxanov qəsəbəsi 271 nömrəli məktəbdir.
Adıçəkilən təhsil ocağında da müəllimlərin bayramı üçün 20 manat
pul tələb olunur.
Abşeron rayonu, Xırdalan şəhəri 8 nömrəli
məktəbdə də konkret qiymət müəyyən olunub: 20 manat.
Bakının mərkəzindəki məşhur 160 nömrəli
məktəb-lisey kompleksi də müəllim heyətini bayram günü
təbriksiz qoymayacaq. Bu təhsil kompleksində valideynlər
müəllimlərin bayram haqqını 20-30 manatla verəcəklər.
Sumqayıt şəhəri 28 nömrəli orta məktəbdə
analoji hadisə hökm sürür. İl ərzində müəllimin çəkdiyi zəhməti bir
gündə ödəmək üçün 20 manat pul yığılır.
Xatırladaq ki, Təhsil Nazirliyi müəllimlər günü ilə bağlı
məktəblərdə pul yığılması faktı ilə bağlı 146 saylı "Qaynar xətt"
xidmətinə anonim olmadan məlumat daxil olduğu halda məsələnin
araşdırılacağı və fakt öz təsdiqini taparsa, həmin müəllim və ya
məktəb direktoru dərhal vəzifəsindən azad olunacağı bildirilib.
Bu da faktlar... Bu faktlardan sonra həmkarımızın yarı zarafat,
yarı ciddi dediyi bir söz yada düşür: "Təhsil Nazirliyi müəllimlər
günü ilə bağlı pul yığan müəllim və ya məktəb direktoruni işdən
azad etsə gərək məktəblərdə nə müəllim, nə də direktor qala..."